Modern.az

“Oxucuların yanında üzümüz ağdır”

“Oxucuların yanında üzümüz ağdır”

17 Noyabr 2009, 12:12

Yaşar Əliyev: “Sensasiya xatirinə heç vaxt onları aldatmamışıq”

Müsahibimiz 525-ci qəzetin baş redaktorunun birinci müavini Yaşar Əliyevdir

-Yaşar müəllim, 17 noyabr 2009-cu il “525-ci qəzet”in 17 yaşının tamam olduğu gündür. Həmin vaxtları  yada salanda öncə gözünüzün önündə nələr canlanır?

- “525-ci qəzet” 17 il əvvəl fəaliyyətə başlayanda mən başqa sahədə çalışırdım. Rəşad Məcid və qəzetin ilk baş redaktoru olmuş Yusif Rzayev mətbuat mühitində yeni ab-havada qəzet yaratmaq barədə təşəbbüs irəli sürərkən mən də çox səylə bu nəcib işə əlimdən gələn yardımı etdim, proseslərin birbaşa iştirakçısı olmasam da, bütün işlərdə qeyri-rəsmi müşahidəçi və yardımçı funksiyasını yerinə yetirirdim.

O dövrdə doğrudan da belə bir qəzetə ehtiyac var idi. Yəni, Azərbaycan mətbuatı çox siyasiləşmişdi. Iki qütb-iqtidar və müxalifət mətbuatı mövcud idi. Demək olar ki, “müstəqil” mətbuat yox dərəcəsində idi. Belə bir məqamda “525- ci qəzet”in yaranması zəruri və zamanında atılmış bir addım oldu. O vaxt yadımdadır ki, baş redaktor Rəşad Məcid qəzetimizin məhz gənclər, müstəqil düşüncə tərəfdarları üçün bir tribuna olacağı barədə şüar irəli sürdü. Yeri gəlmişkən, bir mətbuat orqanı olaraq həmin ideyaya bu gün də sadiqik.

- Bu günədək “525 məktəbi”ni təxminən neçə jurnalist keçib?

- Əvvəldə söylədiyim kimi, “525” yeni fikir, azad söz, yenilik tribunası ideyasını daim əlində rəhbər tutdugu üçün bu qəzet cox insanların, jurnalistlərin həyatında bir tramplin rolunu oynayıb. Vaxtilə redaksiyamızda çalışmış tələbələr, gənc jurnalistlər hazırda digər mətbuat orqanlarda, televiziya kanallarından tutmuş dövlət və hökümət orqanlarının müxtəlif pillələrinədək məsul vəzifələrdə çalışmaqdadırlar. Əlbəttə, bu da bizə böyük qürur verir və ürəkdən ruhlandırır.

- Yaşar müəllim, “qəzet bolluğu”, əslində isə “qəzet boşluğu” şəraitində “525” özünü necə hiss edir?

- Doğrudur ki, sözün əsl mənasında qəzet bolluğunun olduğunu demək çətindir. Respublikamızda az tirajla çıxan bir çox qəzetlərin bir qəzetçilik funksiyası olaraq deyil, müəyyən bir qrupun, klanın maraqlarına xidmət etməsi və o istiqamətdə çalışması göz önündədir. Bu isə qəzetin informasiya və publisistik məramını kölgədə qoyur.

Lakin böyük sevinclə deyə bilərik ki, "525" belə cılız maraqlardan uzaqdır və oxucuları arasında möhkəm, etibarlı həm də mötəbər mövqeyə malikdir.

- Artıq 17 yaşının tamamında qəzetin nəyə nail olub, nələrə nail ola bilmədiyi barədə nə deyə bilərsibiz?

- Ötən illər ərzində hər zaman müsbət işlər görməyə səy göstərmişik. Daim çalışmışıq ki, Azərbaycan mətbuatının mütərəqqi, müasir, dünya standartlarına cavab verməsi üçün öz töhfəmizi verək. Çox arzularımız var. Istərdik ki, qəzetimiz daha böyük həcmdə dərc olunsun.Təəssüflər olsun ki, maddi imkanın azlığı bunların reallaşmasına mane olur. Son zamanlar bu istiqamətdə dövlət dəstəyinin göstərilməsi problemi qismən həll etsə də, yenə müəyyən çətinliklər qalır. Reklam bazarının qəzetlərə, o cümlədən bizim qəzetimizə təsir göstərməsi işimizi yüngülləşdirər və mütərəqqi, xalqımızın elmi mədəni inkişafına xidmət edəcək arzularımızın reallaşmasına şərait yaradar.

- “525-ci qəzet”in gələcəyini necə görürsünüz?

- Qeyd etdiyim kimi, qəzetimiz cəmiyyətimizin ən mütərəqqi qüvvələrinin, elm və din xadimləri, alimlər,  yazıçılar, savadlı gənclər üçün bir tribuna rolunu oynayır. İnanıram ki, bu qəzet Azərbaycan mətbuatı tarixində böyük fəxrlə qalacaq və gələcəkdə bu dövrə nəzər saldıqda klassik səviyyədə qəbul olunacaq. Sonda onu da demək istəyirəm ki, oxucularımızın yanında üzümüz ağdır. Sensasiya xatirinə hec vaxt onları aldatmamışıq.

Əlvan Rüstəmov

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir