Modern.az

Bakı üçün “təhlükəsizlik peyvəndi” - QMİ-nin Avropadakı konfransları Prezidentin hansı mesajını daşıyır?

Bakı üçün “təhlükəsizlik peyvəndi” - QMİ-nin Avropadakı konfransları Prezidentin hansı mesajını daşıyır?

Analitika

1 İyul 2019, 21:20

Bu gün dünyada dini və etnik dözümsüzlük dövlətin təhlükəsizliyini təhdid edən əsas amillərdən birinə çevrilib. Bu zərərli ideoloji bazanı özünə səngər edib təfriqə körükləyənlər müxtəlif regionlarda insan iztirablarının səbəbkarlarına çevriliblər. Beynəlxalq güclərin maraqlarına xidmət edən belə siyasət dövlətləri etnik münaqişə, dini nifrət, böyük qaçqın kütləsi və dövlət idarəçiliyinin sarsıdılması kimi ciddi problemlər qarşısında qoyub.

 

Son 10 ildə Yaxın Şərqi məhvərindən çıxarmış qorxunc terror dalğası bütöv xalqların həyatını alt-üst edərək, planetin ən uzaq yerlərində belə öz izini qoyub. Dini nifrət və etnik zəmində qırğınlara söykənən bu terror siyasəti milyonlarla insanı yurd-yuvalarından didərgin salıb, siyasətçiləri çıxılmazlıq girdabına sala bilib. 

  

Həssas bölgədə yerləşən Azərbaycan belə təhdidlərin fəsadlarını vaxtında duyaraq, bu tendensiyaya qarşı özünün  incə siyasətini formalaşdırmağa nail olub. Burada ilk olaraq din və dövlət münasibətlərini qeyd etmək olar.  Prezident İlham Əliyevin elan etdiyi tolerantlıq və multkultural dəyərlərin təbliği ölkəmizdə müxtəlif dinlərin harmoniyasını qurmağa müvəffəq olmaqla bu siyasəti dövlətə qarşı xaricdən təzyiq elementlərinə qarşı bir sipərə çevirə bilib.

 

Rəsmi Bakı ilk gündən dünyanı silkələyən dini ayrı-seçkilik cəhdlərinə, etnik zəmində dözümsüzluk aşılayan bu siyasi güruha öz kəskin etirazını bildirib və bəyan etdiyi prinsiplərində bunu açıq şəkildə elan edib.

 

Müxtəlif dinlərin harmoniyada yaşadığı Azərbaycan ilk olaraq din –dövlət münasibətlərinin əsas prioritetlərini müəyyənləşdirərək, bu müstəvidə hər hansı özbaşınalığa və pərakəndəliyə imkan vermədi. Prezident İlham Əliyevin daxili siyasətdə apardığı çevik addımlar xarici maraq dairələrinin bu müstəviyə müdaxilə imkanlarının qarşısını aldı.

 

Burada dövlətin əsas tərəfdaş kimi çıxış etdiyi Qafqaz Müsəlmanları İdarəsinin yürüdülən siyasətin mühüm detallarından biri kimi çıxış etməsi təsadüfi deyildi. MDB məkanında məzhəb davaları salan, dini təfriqə yayan güclərin əsas söykəndiyi tezis ateist keçmişi olan sovet respublikaları idi: Onlar kövrək dini müstəvini parçalamaq və öz maraq qruplarına aid “ilahi həqiqətləri” təklif etməklə hesab edirdilər ki, ateist keçmişi olan dövlətdə dini inanc sistemi dağıldığından cəmiyyəti bir araya toplaya biləcək hansısa dini qurum və ruhani lider olmayacaq.

 

Bir sıra ölkələrdə - Tacikstanda, Özbəkistanda, Rusiya Federasiyasında (Çeçenistan, Dağıstan) edilən belə cəhdlər müəyyən nəticələr verdi. Dini zəmində toqquşmalar çoxlu sayda ölənlər və silahlı qarşıdurma mərhələsi ən ağır periodlardan sayılır.

Ölkəmizi bu tələyə salmaq üçün bir sıra planlar hazırlanmışdı.

 

Azərbaycan iqtidarı bu hiyləgər siyasi gedişləri vaxtında tuta bildi. Mərhum prezident Heydər Əliyevin hələ 90-cı illərdə Qafqaz Müsəlmanları İdarəsinə xüsusi diqqəti və fəaliyyətinə önəm verməsi ölkəmizdə dini zəmində təfriqə salmaq planlarına mane oldu. Prezident İlham Əliyevin dövlət və din münasibətlərinin normal qurulmasında QMİ-nin nufuz və bazasından istifadə etməsi bu baxımdan məntiqli sayıla bilər.

Bu siyasətin mesajı nədir? Bakı  nüfuzlu dini quruma istinad etməklə dövlətin kənardan “ilahi həqiqətlər” ixracına ehtiyacı olmadığını nümayiş etdirdi və bu müstəvidə dünyaya öz tolerantlıq mesajlarını bəyan etdi.

 

Təsadüfi deyil ki, QMİ və onun sədri, Şeyxülislam Allahşükür Paşazdə Prezident İlham Əliyevin multkultural əməkdaşlıq və tolerantlıq siyasətinin təbliğində vacib fiqur kimi çıxış edir.

Azərbaycanın irəli sürdüyü bu prinsiplərin dünyada təbliği üçün aparılan işlərin içində QMİ-nin təşkilatçısı olduğu konfranslar bu baxımdan diqqətçəkəndir. Burada vacib olan məqam hansıdır? Bu tədbirlərin təşkilində dövlət özünün heç bir inzibati rıçağından istifadə etmir. Allahşükür Paşazadənin şəxsi əlaqələri sayəsində konfransda iştirak edən nüfuzlu ruhanilər və digər mötəbər qonaqlar bununla da Azərbyacan dövlətinin elan etdiyi tolerantlıq siyasətinin daxildən gələn və cəmiyyətin harmoniyasına söykənən bir nümunə kimi görürlər.

 

QMİ sədrinin dövlət siyasətində daim xalqın və dövlətin maraqlarını rəhbər tutuması faktları onun son 40 illik Şeyxülislamlıq kürsüsündə az olmayıb. Hələ 1986-cı ildə sovet Azərbyacanında İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə təşkil etdiyi beynəlxalq konfrans bir neçə ildən sonra sovet müsəlman ölkələri içərisində ilk olaraq Azərbaycanın bu quruma üzv qəbul edilməsi ilə nəticələndi. İslam dövlətləri birmənalı olaraq Qarabağ münaqişəsində Azərbaycanı dəstəklədilər. Bu isə o zaman uğurlu informasiya cəbhəsi yarada bilmiş Ermənistan üçün əsl şok oldu. 1990-cı ilin 20 yanvarında QMİ sədri SSRİ rəhbərliyinin Bakı qırğınını “islam fundamentalizmi” kimi qələmə vermək cəhdini darmadağın edərək, sovet rəhbərini lənətləyən ilk sovet ruhanisi kimi tarixə düşə bildi. Allahşükür Paşazadənin çevik müdaxiləsi ilə erməni millətçi dairələrinin Qarabağ münaqişəsini dini rəng vermə cəhdinin qarşısı alındı.

Qeyd edək ki, bu cəhdlər bu gün də səngimir. Elə bu ilin əvvələrində süni şəkildə ortaya atılan çeçen-azərbaycanlı münaqişəsi, Keşikçidağla bağlı mübahisə zamanı QMİ sədri dövlətin səylərinə dəstək verərək, məsələnin həllində öz töhfələrini verdi.

 

Bu baxımdan QMİ çoxkonfessiyalı ölkəmizdə dindarların vahid platformasını formalaşdırmaqda mühüm rol oynayıb. Bununla da dövlətin bu istiqamətdə apardığı siyasətin uğuruna öz töhfələrini verib.

 

Bu gün xarici dairələrin bütün cəhdlərinə rəğmən ölkədə dini kəsimdə heç bir pərakəndəlik yoxdur, konfessiyalar arası ziddiyətlər müşahidə olunmur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin QMİ  ilə paralq əməkdaşlığı bu platformada məhək daşı kimi çıxış edir.

 

Son aylarda QMİ-in Avropada təşkil etdiyi beynəlxalq konfranslar Prezident İlham Əliyevin tolerantlıq prinsiplərinin dünyada təbliği üçün unikal imkanlar yaradıb. İspaniyada, Almaniyada, Avstriyada, Türkiyədə, Rusiyada keçirilən belə tədbirlərdə iştirak edən dünyanın və regionun nufuzulu ruhaniləri və ictimai xadimləri Bakının elan etdiyi multkulturalizm ideyalarının uğurunun canlı şahidinə çevrilirlər. Şeyxülislam Allahşükür Paşazadə ilə birgə zala daxil olan yəhudi, xristian, katolik ruhaniləri xarici ölkələrin dini rəhbərlərinin gözündə Azərbaycanın zəngin tolerantlıq ənənlərinin bir tablosudur. Bu konfransları sıradan bir mədəni tədbir hesab etmək bir o qədər də doğru olmazdı. Bu mötəbər toplantıları Azərbaycanın “təhlükəsizlik peyvəndi” adlandırmaq yerinə düşərdi. Ölkəmizə qarşı törədilən bir sıra təxribatların baş tutmamasında belə əməkdaşlıq formatının öz rolu vardır. Bu konfranslar ölkəmiz üçün təhlükəsizlik immuniteti yaradaraq dövlətimizin bu zəmindəki uğurunun nümayişidir.

 

Bu baxımdan, Prezident İlham Əliyevin QMİ-nin təşkilatçılığı ilə keçirilən konfranslara dəstəyi və diqqətdə saxlaması bu tədbirləri mötəbər beynəlxalq əməkdaşlıq platformasına çevirir. Bu toplantılarda dövlətin bütün qollarından olan rəsmi nümayəndələrinin iştirakı isə dövlət başçısının tədbirə verdiyi önəmini bir daha nümayiş etdirir. Bir detalı xatırladaq: Ötən il İspaniyada keçirilmiş konfrans zamanı istəmədən diqqətə çıxmış məsələyə dövlət başçısının ciddi reaksiyası göstərdi ki, bu prioritet dövlət üçün son dərəcə mühümdür və siyasi əhəmiyyət daşıyır. 

 

Azərbaycan regionda aparıcı dövlət olaraq bir çox prosesləri tənzimləyir. Bu sırada dini barış və tolerantlıq əsas həlqələrdən biridir. Bakı dünyaya multkultural siyasətini göstərməklə, özünü sülh carçısı kimi təqdim etməklə yanaşı, həmçinin özü üçün bir “təhlükəsizlik sipəri” formalaşdırır. Bu “sipər”in gücü isə ölkəmizin bəyan etdiyi tolerantlıq və xalqlar dostluğundadır.

 

A.SƏFƏRLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır