Modern.az

Deputat yeni Ombudsman məsələsini qaldıracaq

Deputat yeni Ombudsman məsələsini qaldıracaq

4 Sentyabr 2019, 10:44

2010-cu il martın 5-də yenidən İnsan hüquqları üzrə müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Maraqlıdır, Milli Məclis payız sessiyasında Ombudsmanın fəaliyyətini müzakirəyə çıxarmağı düşünürmü?


Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında məsələ barədə təklif səsləndirəcəyini bildirib:


“Parlamentin növbəti iclaslarında yeni Ombudsmanın təyinatı məsələsini yenə də gündəmə gətirəcəm. Mütləq parlament rəhbərliyinə bu fikri çatdıracağıq. Çünki bu məsələyə baxılmalıdır”.


“Deyə bilərəm ki, proses çox ləngiyir. Hesab edirəm ki, bu məsələni həll etməyin zamanıdır”-deyə Tahir Kərimli əlavə edib.


Deputatın sözlərinə görə, qanunvericiliyə əsasən, yeni Ombudsman təyinatı olmursa, köhnə ombudsman səlahiyyət müddəti bitdikdən sonra vəzifəsinin icrasını davam etdirir:


“Təbii ki, bu məsələ prezidentin səlahiyyətində olduğundan gözləyirik. Güman ki, cənab prezident müvafiq addımlar atacaq. Azərbaycandakı mövcud şərait belədir ki, Elmira Süleymanova Azərbaycanın ictimai-siyasi həyatına uyğun formada Ombudsman işini həyata keçirirdi. Açıq deyəcəm: kübar xanımdır, Ombudsman fəaliyyətindən istifadə edərək  millət vəkillərinin edə bilmədiyi işləri görürdü. Məsələn, cəzaçəkmə müəssisələrinə  xəbər vermədən gedir, müəyyən tədbirlər həyata keçiridi. Eyni zamanda, vaxtaşrı olaraq Ombudsmanın fəaliyyəti ilə bağlı həm komitə, həm də plenar iclaslarda tənqidi fikirlərimizi də söyləmişik”.


Parlamentari “yeni Ombudsman necə olmalıdır” sualını belə cavablandırıb:


“Deyə bilmərəm yeni Ombudsman gənc, ya da, yaşlı olsun.  Düzdü, insanların hamısı arzulayır ki, daha çalışqan biri bu postu tutsun. Ombudsman bütün ölkələrdə çox yüksək konstitutsion vəzifədir. Əsas odur ki, insanların hüquqlarına çox həssas yanaşa bilsin”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu