Modern.az

“Qəbul imtahanlarına informatika fənni əlavə olunmalıdır” - TƏKLİF

“Qəbul imtahanlarına informatika fənni əlavə olunmalıdır” - TƏKLİF

7 Noyabr 2019, 09:24

“Bu gün dünyada informasiya müharibəsi aparılır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da informatika sahəsinin rolu boyükdür. Düşünürdüm ki, I ixtisas qrupunda informatika fənninin qəbul planına salınması olduqca vacibdir”.

 

Bu fikirləri Modern.az-a təhsil eksperti Kamran Əsədov deyib.

 

“I ixtisas qrupunda ən yüksək bal toplayan abituriyentlərin seçdiyi ixtisaslar birbaşa informatika ilə bağlıdır. Hesab edirəm ki, I ixtisas qrupu üzrə Kompüter mühəndisliyi, Kompüter elmləri, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, Proseslərin avtomatlaşdırılması, Sistem mühəndisliyi, İnformatika müəllimliyi kimi bir çox ixtisaslar var və bu ixtisaslara qəbul olanların bilik və bacarıqlarını daha da artırmaq üçün, yüksək səviyyəli mütəxəssislər hazırlanması üçün qəbul imtahanlarına informatika fənni əlavə olunmalıdır”, - deyə ekspert əlavə edib.

 

Milli Məclisin deputatı Tahir Mirkişili mövzu ilə bağlı Modern.az-a danışarkən bildirib ki, orta və ali məktəblərdə informatika fənninin tədris olunması müsbət haldır:

“Hazırda rəqəmsal inqilab dövründə yaşayırıq. Bütün dünyada müasir informasiya cəmiyyətləri qurulmaqdadır. Təbii ki, belə bir cəmiyyətdə informasiya emalı vərdişlərinə sahib olmadan müasir ixtisaslara sahib olmaq, yaxud da,  müasir vərdişlərə yiyələnmək qeyri-mümkündür. Bu cəhətdən baxsaq, bütövlükdə tədris prosesində informasiyanın emalını, informatika fənninin məzmununu daha da müasirləşdirmək zəruridir. İnformasiya ilə işləməklə bağlı şagird və tələbələrə həm texnologiyalara, həm də vərdiş və biliklərə sahib olmaq bu gün həyati dərəcədə əhəmiyyətlidir. Əslində, Təhsil Nazirliyi tərəfindən ali və orta məktəblərdə informatika fənninin tədris olunması təqdirəlayiq haldır”.

 

Həmçinin, deputat qeyd edib ki, informatika fənninin I ixtisas qrupuna salınması müsbət nəticələr verə bilər:

 

“Nəzərə alsaq ki,  bu gün qəbul imtahanları Azərbaycanda təhsilin məzmununa kifayət qədər təsir edir, deməli, informatika fənninin I ixtisas üzrə qəbul imtahanı siyahısına daxil edilməsi məsələsinə baxıla bilər. Hesab  edirəm ki, belə bir addım atılsa faydalı ola bilər. Məhz belə bir addımın atılması həm də bu fənnin tədris olunduğu zaman yeni-yeni məzmunların yaranmasına, bu fənnə qarşı tələbin yüksəlməsinə, şagirdlərin bu fənnə daha da məsuliyyətli yanaşaraq öyrənməsinə səbəb ola bilər. Ümumilikdə götürsək, bu gün Azərbaycan iqtisadiyyatı  müasirləşir. Müasir dayanıqlı inkişaf qururuq. Həm iqtisadi, həm də sosial cəhətdən gələcək nəslin informatika fənninin tələblərini daha çox bilməsi,   informasiya emalı vərdişlərinə yiyələnməsi çox vacibdir. Bunun üçün tələb olunan istənilən bir addımı da biz atmalıyıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır