Modern.az

Dünya KİV-ləri Bakı Sammitindən nələr yazdı… “Azərbaycan möcüzəyə, ümid yerinə çevrilir”

Dünya KİV-ləri Bakı Sammitindən nələr yazdı… “Azərbaycan möcüzəyə, ümid yerinə çevrilir”

Analitika

2 Dekabr 2019, 09:26

Noyabrın 14-16-da Bakıda keçirilmiş Dünya Dini Liderlərinin 2-ci Sammiti xarici ölkələrin KİV-lərində geniş işıqlandırılıb.

70 ölkədən 500 nümayəndənin, nüfuzlu beynəlxalq təşkilatların  qatıldığı  zirvə görüşü maraqlı müzakirələr, qərarlarla  yadda qaldı. Öz miqyası baxımından rezonans doğuran beynəlxalq tədbir dünya KİV-lərində də geniş işıqlandırılıb. Bakı Sammitinin qərarları, toplantıdakı çıxışlar, mesajlar Avropa, İsrail, Yaxın Şərq, MDB ölkələrinin KİV-lərində  öz əksini tapıb.


Rusiyanın ən məşhur informasiya resursu olan “RİA-NOVOSTİ”, TASS, Sputnik,  “Rossiya24” telekanalı, ORT, Vesti.ru zirvə görüşünün əhəmiyyəti haqqında reportaj və xəbərlər verib. Bu məlumatlarda Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi və onların rəhbərləri olan Patriarx Kirillə Şeyxulislam Allahşükür Paşazadə arasında əməkdaşlığa diqqət yetirilib, ölkəmizin tolerantlıq nümunəsi təhlil olunub. 

“Russkiy mir” portalı məqaləsində sammitin dinlərarası dialoqun möhkəmləndiriməsinə verdiyi töhfələrini qeyd edərək, toplantının bu istiqamətdə mədəni əməkdaşlığa yaxşı imkanlar açdığını bildirib. Yazıda vurğulanıb ki, dinlərin müxtəlifliyinə baxmayaraq əxlaq və dəyərlərə yanaşmada münasibət eynidir.

TASS Patriarx Kirilin çıxışına istinadən yazıb ki, dini liderlərin əsas borcu insan həyatında mühüm rol oynayan mənəvi dəyərləri dəstəkləməkdir.  

Sputnik Agentliyi isə sammitin yekun Bəyannaməsində əks olunan çağırışlara diqqət yetirərək, dini şüarlar altında terrora çağırışın yolverilməzliyi barədə liderlərin nümayiş etdirdiyi vahid mövqeyi göstərib.

 

“MİR24” TV  Prezident İlham Əliyevin Azərbaycanın tolerantlığı və burada yaşayan xalqların və müxtəlif dinlərə sitayiş edənlərin bərabər və mehriban yaşaması barədə sözlərinə xitab edib.  

Regnum Agentliyi“Vestnik Kafkaza” saytı da vurğulayıb ki, Azərbaycan din və dövlət arasında uğurlu əməkdaşlıq platforması qura bilib.

 

Türkiyə KİV-ləri də sammitin fəaliyyətini işıqlandırıblar. Anadolu Ajansı, TRT, “TRT World's” və digər KİV-lər öz materiallarında sammitin fəaliyyətinə əhatəli toxunublar.

“TRT World'ssammitdə iştirak edən Lennart Koskinenin sözlərini sitat gətirib: “Bu sammit  böyük işlər üçün başlanğıc nöqtəsi ola bilər. Mən bilirəm ki, bir çoxları Azərbaycandan evə qayıtdıqdan sonra buradakı ideya və metodları bölüşəcəklər”.

Anadolu Agentliyi Bakı Bəyannaməsində qeyd olunan terror və ekstremizmlə mübarizə çağırışlarının mühüm olduğunu vurğulayıb.

Qırğızstanın “kabar.kg” Agentliyi ölkənin muftisi Maksatbek Toktomuşovun sammitdə iştirakı barədə yazaraq, dini liderlər arasında əməkdaşlıq imkanlarının əsas mövzu olduğunu vurğulayıb. 

Qazaxstanın “xabar.kz”, Özbəkistanın informasiya portalları da zirvə görüşü barədə məlumat yayıblar.


İsrail və xarici ölkələrdə fəaliyyət göstərən yəhudi KİV-ləri də Bakı Sammitini yüksək qiymətləndiriblər. İsrailin “JNS Press” saytı sammitlə bağlı hazırladığı məqalədə toplantının bir çox mesajlarını qeyd edib.  Sayt Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının sədr müavini Malklom Honleynin fikirlərinə istinad edib: “Din ayırıcı deyil, birləşdirici olmalıdır”.

Sammitin digər iştirakçısı Conni Mur Azərbaycana təşəkkür edib: “Azərbaycan dünyanın yaxşı yer ola biləcəyinə, lənət deyil, sülh üçün dua yeri, dinin ayırıcı deyil, birləşdirici bir yer olmasına ümid verən bir məkandır”.  
Conni Mur “JNSPress”ə bildirib ki, Azərbaycan bütün dinlərin birgə ibadət etdiyi bir yerdir. Yəhudi icmasına isə nəinki qiymət verilir, onlar hətta cəmiyyətdə əvəzedilməz rol oynayırlar.   

Nyu-Yorkdan olan ravvin Eli Abadi isə deyib ki, onlar bu sammitə dəyişikliklərə təsir etmək üçün yığılıblar:  “Sülhün toxumlarını səpməklə biz insanlar arasında barış əldə edə bilərik”.
Amerika sefardlar Federasiyasını təmsil edən Abadi JNS-ə deyib ki, onun şəxsən məqsədi təmas körpülərini, hamının razılaşacağı qarşılıqlı anlaşmanı yaratmaq olub.

Simon Vizental Mərkəzinin nümayəndəsi Avraam Kuper bildirib ki, dünyanın digər hissələrində antisemitizmin artması müşahidə olunduğu bir zamanda Azərbaycan tolerantlığın kövrək ümidinə çevrilir: “Azərbaycan göstərir ki, bir-birinə dözümlülük və qarşılıqlı hörmət İbrahim inancının ardıcılları üçün necə də uğurlu ola bilir”.  

“Fransada, Almaniyada, Skandinaviyada ravvinlər yəhudilərə küçədə, ictimai yerlərdə Davud ulduzunu açıq gəzdirməməyə çağırırlar. Nyu-York küçələrində dindar yəhudilər zorakılıq qurbanı olur, hər bir yəhudi müəssisəsinə hərbi mühafizə ayrılır, internet və sosial şəbəklər isə zorakılıq təbliğ edir”.

Kuper  JNS-ə deyib bunun fonunda Bakı sammiti Səudiyyə Ərəbistanı, Fars körfəzi ölkələrinin dini xadimləri, Asiya və Afrikanın müsəlman və xristian liderləri ilə görüşmək üçün unikal imkan oldu. “İsraildən gəlmiş ravvin Amar Küveytin nümayəndəsi ilə yanaşı oturmuşdu”.   


Avropa Yəhudilərinin  onlayn xəbər və informasiya xidməti olan “EJBPress.org” saytı da sammit haqqında  xoş sözlər yazıb.  


ABŞ-ın daha bir yəhudi informasiya resursu  “Cleveland JewishNews.com” portalı Bakı sammitinin işi barədə qeyd edib ki, müsəlman dövləti olan Azərbaycanda QMİ sədri Allahşükür Paşazadə dini icmaların dövlətlə əlaqələrinin  qurulmasında böyük töhfələr verir.  “Şiə çoxluğu olan bu ölkə İsraillə dostluq əlaqələri saxlayır. Buradan Təl-Əvivə birbaşa təyyarə reysi var. Bu əslində möcüzədir. Bu bütün islam dünyasına göstərir ki, dinlərarası barışı, sülhü  həyata keçirmək mümkündür.  Bu, Azərbaycan xalqının və onun rəhbəri İlham Əliyevin sayəsində mümkün olub”.

Səudiyyə Ərəbistanının gündəlik qəzeti olan “Al-Jazeera”, Misirin  “Mobtada.com” saytı,  “elbalad.nevs” portalı,  Əlcəzairin  “eldjazaironline.net”, “dzbreaking.com” saytı da Bakı sammiti barədə yazılar veriblər.


İslam Əməkdaşlıq Təşkilatının UNA Agentliyi ərəb, ingilis və fransız dillərində sammit barədə xəbərlər yayaraq,  toplantının məramı barədə qeydlərini paylaşıb. “Arabesqe.com” saytı da zirvə görüşünün tolerantlıq və dinlərarası münasibətlərə töhfələrini qeyd edib.


İranın İRNA, Tasnim Agentliyi, İRİB dövlət telekanalı, Iqna.ir, khabarfarsi.com, arannews.com, tnews.ir, rasannews.ir, irna.ir,  mehrnews.com portalları da Bakı sammitini diqqətdə saxlayıblar.


Bunlardan savayı BMT-nin Sivilizasiyalar Alyansının rəsmi portalı olan “unaoc.org” portalı, Rusiya Müsəlmanları Ruhani İdarəsinin “dumrf.ru” saytı, Rusiya Pravoslav Kilsəsinin “patriarxiya.ru” portalı,  “russia-islamvorld.ru” saytı zirvə görüşü barədə materiallar yayıblar.

Bütövlükdə dünyanın aparıcı informasiya agentliklərinin xəbərlərində Bakı sammitinin işi öz əksini tapıb. 



R.Məmmədov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır