Modern.az

Artur Rasizadə hesabat verib

Artur Rasizadə hesabat verib

16 Mart 2012, 15:42

Martın 16-da Azərbaycan hökuməti Milli Məclisə hesabat verib. Hesabat məruzəsi ilə Baş nazir Artur Rasizadə çıxış edib. 

O deyib ki, 2011-ci ildə qeyri-neft sektorunun gəlirləri 9,4 faiz, ümum daxili məhsul isə 3 dəfə artıb. Baş nazir əhalinin gəlirlərinin də 2,6 milyard manat artdığını, 1 milyondan artıq iş yeri açıldığını, yoxsulluğun 5,3 dəfə azaldığını deyib.

Artur Rasizadə səhiyyə, təhsil və başqa sahələrdəki islahatlardan danışıb. Aparılan islahatların iqtisadi-sosial həyata təsirini qeyd edib.

A.Rəsizadə deyib ki, 2011-ci ildə Azərbaycan hökuməti qarşıya qoyulan məqsədlərə çatıb.

“Prezident İlham Əliyevin 2011-ci ildə ölkə hökuməti qarşısında qoyduğu əsas tapşırıqlar makroiqtisadi sabitliyin qorunması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ərzaq və enerji təhlükəsizliyinin təminatı, hərbi qüvvələrin və müdafiə sənayesi kompleksinin gücləndirilməsi, insan kapitalı səviyyəsinin ardıcıl yüksəldilməsi olub".

Baş nazirin sözlərinə görə, ümumilikdə 2011-ci ildə həyata keçirilən düşünülmüş və çevik siyasət inkişaf proseslərinə yüksək dinamizm verib, Azərbaycan iqtisadiyyatı 2003-cü illə müqayisədə dəfələrlə artıb və keyfiyyətcə digər səviyyəyə çatıb.

Baş nazir daha sonra vurğulayıb ki, qlobal iqtisadi böhranın davam etməsinə baxmayaraq, nüfuzlu beynəlxalq reytinq institutları ölkədə əldə edilən uğurları yüksək qiymətləndiriblər.

A.Rasizadə eyni zamanda ötən il neft strategiyasının reallaşdırılması və ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi üzrə əhəmiyyətli işlər görüldüyünü vurğulayıb.

Millət vəkilləri hesabatı müzakirə edirlər.

Modern.az.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir