Modern.az

Qarabağ ermənilərini gözləyən koronavirus TƏHLÜKƏSİ: Paşinyanın “ölün, amma səs verin” PLANI

Qarabağ ermənilərini gözləyən koronavirus TƏHLÜKƏSİ: Paşinyanın “ölün, amma səs verin” PLANI

Analitika

29 Mart 2020, 12:41

Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında yaradılmış qondarma rejim martın 31-də “prezident və parlament” seçkilərini keçirməkdə israrlıdır.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırda bütün dünya ölkələrinin 1 nömrəli probleminə çevrilən koronavirus təhlükəsi Ermənistanın siyasi hakimiyyətini Qarabağda öz “əlaltısı”nı hakimiyyətə gətirmək fikrindən daşındıra bilmir.

 

Halbuki, Nikol Paşinyan hökuməti aprelin 5-nə təyin olunmuş Konstitusiya referendumunu koronavirusla bağlı təxirə salmış, ölkədə 21 aylıq fövqəladə vəziyyət elan etmişdi. Pandemiya ilə bağlı seçkilərin təxirə salınması praktikası Rusiya daxil olmaqla, dünyanın bir sıra ölkələri tərəfindən həyata keçirilib.

 

 

Bəs seçkilərin bu qədər riski göz altına alıb keçirmək israrı harandadır?

 

Təbii ki, koronavirusun ordu və dövlət strukturlarına da sirayət edərək idarəedilməz hala gəldiyi Ermənistanda koronaviruslu xəstələrin sayı real rəqəmlərdən (400) qat-qat çoxdur. Və təbii ki, ölkə ərazisində yüzlərlə anonim koronaviuruslu xəstənin dolaşdığı Ermənistandakı bu pandemiya təhlükəsi martın 26-da işğal olunmuş Qarabağ regionu ilə bütün giriş-çıxışların bağlanmasına səbəb oldu. Amma martın 29-da qondarma rejimdə “prezident və parlament seçkilərinin” təxirə salınmayacağı təqdirdə, Ermənistandan potensial koronavirus daşıyıcısı olan müşahidəçilərin və media nümayəndələrinin Qarabağa gəlməsi şəraitində pandemiya Azərbaycanın bu regionunda geniş sürətlə yayıla bilər.

 

Bu seçki avantürasına artıq yerli ermənilər də öz etiraz səslərini ucaldıblar.

“Əgər baş nazir Nikol Paşinyan pandemiya fonunda Qarabağda seçkilər keçirəcəksə, Ermənistan Ordusunun Baş Qərargah rəisi şəxsi heyətin bu seçkilərdə iştirakına mane olmalıdır. Əks halda, o da ordunun döyüş qabiliyyətinin aşağı düşməsinə yol açacaq cinayətkar addımın iştirakçılarından birinə çevriləcək”- deyə “Sasna Tserer” partiyasının sədri Jirayt Sefilyan açıqlama yayıb.

 

Mərkəzi Yerevanda yerləşən “Hetq” saytının əməkdaşları da qondarma seçkiləri işıqlandırmaq üçün Qarabağa getməyəcəklərini və bu “seçki şou”sunun regionda koronavirus pandemiyasının yayılması üçün münbit şərait yaradacağını elan ediblər.

 

 

Məsələyə, bir qədər də diqqətlə yanaşdıqda, 2018-ci ilin aprelində Serj Sarkisyanı və onunla birgə “Qarabağ klanı”nı hakimiyyət olimpindən salan Paşinyanın ötən 2 ilə yaxın müddətdə Ermənistanda ciddi “kadr təmizləməsi” apardığını, özünə loyal, qərbyönlü şəxsləri hakimiyyətin əsas strukturlarına yerləşdirdiyini görmək olar. Analoji planı, o, “Qarabağ klanı”nın son beşiyi sayılan işğal olunumuş torpaqlarda da həyata keçirmək istəyir.

 

 

Hazırda qondarma “prezident marafonu”nun 14 namizədi sırasında qələbə şansı real olaraq, 3 nəfərin əlində cəmləşib. Bu qondarma rejimin keçmiş “baş naziri”, yerli miqyasda kifayət qədər zənginlik toplamış oliqarx və Nikol Paşinyanın yəni, Ermənistan hakimiyyətinin favoriti Araik Arutunyan, qondarma rejimin “keçmiş xarici işlər naziri” Masis Mailyan və “Qarabağ klanı”nın sonuncu ümid yeri, Paşinyanın şəxsi düşməni sayılan general-mayor Vitali Balasanyandır.

 

Əslində, Nikol Paşinyanın qondarma seçkilərin tarixini ertələməməsinin əsas səbəbkarı da sürətlə reytinqini yüksəldən, əhali arasında tərəfdarlarının sayını artıran Vitali Balasanyandır. Seçkiləri maksimum qısa zamanda keçirməklə, Paşinyanın Araik Arutunyanın “prezident” seçilməsinə nail olmaq və “Qarabağ klanı”nı sonuncu revaşn şansından da məhrum etmək istəyir. Ağır sosial-iqtisadi şəraitydə yaşayan Qarabağ ermənilərinin öz acgözlüyü və yalan vədləri ilə nifrətini qazanmış Arutunyanın seçilməyəcəyi təqdirdə, Ermənistan baş nazirinin Masis Mailyana ehtiyat namizəd kimi üstünlük verəcəyi gözlənilir.

 

 

İstənilən halda, “seçki”lərdə ikinci turun keçiriləcəyi bütün ekspert dairələri tərəfindən birmənalı vurğulanır. Belə olan halda, Balasanyan, Arutunyan və Mailyan triumviratından növbəti tura hansı namizədlərin çıxacağı Yerevan üçün prinsipial önəm daşıyır. Vitali Balasanyanın ikinci tura çıxacağı halda, Nikol Paşinyan hakimiyyəti bütün inzibati və siyasi resurslarını onun məğlub edilməsinə yönəldəcəyi heç şübhəsizdir. Amma onun öz siyasi ambisiyaları uğrunda Qarabağ erməniləri arasında koronavirus pandemiyasının “seçki” yolu ilə geniş miqyasda yayması da şübhəsiz olacaq. Paşinyanın bütün addımları sanki Qarabağ ermənilərinə “ölüm amma səs verin” çağırışı edir.

 

    

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi