Modern.az

“Həkimlərimizin belə məqamda vətənə gəlməsi qəhrəmanlıq göstəricisidir” - Deputatlar

“Həkimlərimizin belə məqamda vətənə gəlməsi qəhrəmanlıq göstəricisidir” - Deputatlar

16 Aprel 2020, 19:27

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və TƏBİB birlikdə “COVİD-19”a qarşı REACT-C10 layihəsi həyata keçirəcək. Bunun üçün Türkiyədən Azərbaycana 19 həkim gəlib. Həmin həkimlər Türkiyədə 1 həfətlik təlim keçib, bu bitdikdən sonra xüsusi təyyarə ilə İzmirdən Azərbaycana gətiriliblər.

 

 

Ölkəmizə qayıdan azərbaycanlı həkimlərin bu addımı haqqında Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, indiki dövrün qəhrəmanı tibb işçiləri, həkimlərdir:

“Onlara eşq olsun, fəxr edirik. İşləri çox ağır olsa da, böyük fədakarlıqla fəaliyyət göstərirlər.

Xaricdən gələn həkimlərimiz orada təhsil alıb, təcrübə keçiblər. Həmçinin beynəlxalq tibbin yeniliklərini, imkanlarını bilirlər. Onların belə məqamda vətənə gəlməsi də qəhrəmanlıq, yüksək mənəvi keyfiyyətlərinin, vətənpərvər, millətsevər olmalarının göstəricisidir.

 

Mən bir neçə gün öncə mətbuata açıqlamamda qeyd etmişdim ki, həkimləri ölkəmizə dəvət etmək lazımdır. Düzü, bir qədər ümidsiz şəkildə belə bir fikir səsləndirdim. Amma onların bu təşəbbüsə səs verməsi yalnız alqışa layiqdir.

Dünyada hələ heç bir epidemiya əbədi olmayıb. Bu epidemiya da bitəcək. Biz əvvəlki həyatımıza qayıdacaq, ondan da yaxşı yaşayacağıq. Amma bu günkü  hadisələr bir tarix olacaq. Bu tarixin qəhrəmanları isə Azərbaycanın tibb işçiləri olacaq”.

 

Deputat Könül Nurullayeva da xaricdə çalışan tibb personalının bu çətin günlərdə vətənə dönərək xidmətlərini təklif etməsindən qürur duyduğunu ifadə edib:

“Hər şeydən öncə, mən həmin həkimlərimizə minnətdarlığımı bildirirəm. İndi bütün vətəndaşlarımız bir yumruq kimi birləşib, bu birliyə xaricdəki azərbaycanlı həkimlərin də dəstək nümayiş etdirməsi hər bir soydaşımız kimi məndə də xoş hisslər yaradıb. Mən bunu ilk növbədə ölkə prezidenti cənab İlham Əliyevin “biz birlikdə güclüyük” çağırışına növbəti əməli dəstək kimi dəyərləndirirəm”.

Millət vəkili hesab edir ki, azərbaycanlı həkimlərin bu müraciəti böyük vətənpərvərlik nümunəsidir:

“Azərbaycanlı həkimlərin bu addımları çox qürurvericidir. Biz onlarla fəxr edirik. Həmin müraciəti edən həkimlər böyük vətənpərvərlik nümunəsi göstərib və onlar alqışa layiqdir”.

 

Deputat Fatma Yıldırımın sözlərinə görə, qürurverici haldır ki, azərbaycanlı həkimlər bu sahədə peşəkar mütəxəssis kimi yetişiblər. Onlar Türkiyənin seçilmiş universitetlərində təlimlər keçib, həmin sahələr üzrə praktiki təcrübələr əldə ediblər. İnanırıq ki, koronavirusla mübarizədə soydaşlarımız olan həkimlərin bilik və bacarığı öz müsbət töhfələrini verəcək!

Bir məqamı da xüsusi qeyd etmək istərdim ki, respublikamızın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz sosial missiyası çərçivəsində hər zaman ölkədə səhiyyənin inkişafına böyük dəstək göstərib.

Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə də Heydər Əliyev Fondu ön sıralarda gedir! Fondun nəcib təşəbbüsləri və addımları cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır!”.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir