Modern.az

Fəxriyyə Xələfova: “Mən niyə qonorar, yolpulu, otelpulu ödəməliyəm?” – MÜSAHİBƏ

Fəxriyyə Xələfova: “Mən niyə qonorar, yolpulu, otelpulu ödəməliyəm?” – MÜSAHİBƏ

3 May 2012, 12:30

Tanınmış modelyer yeni kolleksiyaların nümayişinə hazırlaışır

Məşhur modelyer, Azərbaycanın əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova “Caspian rose” adlı kolleksiyasının nümayişinə hazırlaşır. Mayın 13-də Heydər Əliyev adına Sarayda keçiriləcək moda nümayişi  “Eurovision Mədəni Proqramı”nın siyahısına daxildir. Tanınmış modelyer Modern.az-ın suallarını cavablandırıb.

- Fəxriyyə xanım,  mayın 13-də böyük bir moda nümayişinə hazırlaşırsınız. Bu haqda nə deyə bilərsiniz?

- Bu layihə “Eurovision” mədəniyyət proqramı çərçivəsindədir. Ötən il  Heydər Əliyev adına Sarayın rəhbərliyi belə bir ideya irəli sürdü və mənə təklif etdilər ki, məhz bu ərəfədə moda nümayişi olsun. Mən bu təklifi çox böyük məmuniyyətlə qəbul etdim. Çünki mən Gürcüstanda iki dəfə moda nümayişində iştirak etmişdim. İki hazır kolleksiyam var idi. Mən uzun müddətdir ki, gəlinlik kolleksiyası üzərində işləyirdim. Düşündüm ki, artıq onun da nümayişinin vaxtı gəlib. Çünki bu üslubda mən heç vaxt kolleksiya nümayişi təşkil etməmişəm. Bu üç kolleksiya şouda göstəriləcək. Tamaşaçılara 60 geyim dəsti nümayiş olunacaq, bütövlükdə 3 kolleksiya var və hər kolleksiya 20 geyimdən ibarətdir. Gəlinliklər isə sonda nümayiş olunacaq.

- Yəqin ki, şou da özünəməxsus və fərqliliyi ilə seçiləcək...

- Biz bu dəfiləyə çox ciddi hazırlaşırıq. Demək olar ki, moda nümayişinin bütün qayda-qanunlarına uyğun olacaq. İndi texniki hazırlıqlar gedir. Podium da çox gözəldir. Uzun və enli olacaq, həm hər nümayiş üçün xüsusi musiqili kompozisiyalar yığılır, demək olar ki, işıq effektləri, ekranlar və s. bunların hamısı indi hazırlıq mərhələsindədir.

Çox maraqlı  tərtibatla yanaşı, müğənni qonaqlarımız olacaq. Mənə yaxın olan, dostluq etdiyim müğənnilər də şouda  ifa edəcəklər. Onların mahnı payı gecəyə rəng qatacaq. Hələ ki, kimlər olacaq təsdiqlənməyib. Amma Faiq Ağayev, Sevda Ələkbərzadə, Lalə Məmmədova, Zamiq, Çingiz Mustafayev və digər dostlarım şouda ifa edəcəklər. İfalar isə kolleksiyalararası olacaq. Şounun aparıcısı Tural Əsədov olacaq. Onun aparıcılığı ilə şou həmişə çox pozitiv və yüngül keçir, çünki özü də pozitiv bir insandır.

- Bu moda nümayişinin sizin üçün özəlliyi nədir?

- Bu şouda mənimı xanımlar üçün hazırladığım “Caspian rose” adlı ətrim təqdim olunacaq. Təqdimat isə şoudan əvvəl olacaq. Bu ətrin ilk təqdimatıdır.  Mən düşünürəm ki, belə vasitələrlə təqdimat daha rahat olur. Ona görə ki, Heydər Əliyev adına Saraya 2 minə yaxın insan gəlir, ümumiyyətlə kolleksiyamın nümayişinə gələn insanlar yaradıcılığımın pərəstişkarlarıdır. Məncə ətrin təqdimatının keçirilməsinin də uyğun vaxtıdır. Çünki bu kütləvi şəkildə olacaq. Eyni zamanda ətirləri əldə etmək üçün viktorinalar keçiriləcək, yəni sual-cavab, lotereya şəklində olacaq. Bir sözlə ora gələn qonağın şansı gətirsə, həm də ətir qazana biləcək. O artıq şou zamanı, kolleksiyalar arasında olacaq. Düşünürəm ki, gəlinliklərdən əvvəl bu viktorinalar keçiriləcək.

 “Caspian Rose” ətrinin indi ancaq özü təqdim olunacaq, ətir bir müddət sonra kütləvi satışa çıxarılacaq. “Nuray” ətirlər kolleksiyasından bəylər üçün hazırladığım “Caspian” ətri ilə bağlı da  viktorina təşkil olunacaq. Məncə şou çox maraqlı olacaq.

- Moda nümayişinə xaricdən qonaqlar dəvət etmisiniz?

- Əvvəldən bu mənim planımda var idi. Amma mayın 10-dan etibarən artıq “Eurovison” mahnı müsabiqəsi üçün bütün nümayəndə heyətləri gəldiyinə görə, otellərdə yer qalmayıb. Buna görə də heç bir xarici qonaq dəvət etməmişəm.

- Xarici ölkələrdə moda aləmində belə bir təcrübə var ki, nümayişlər üçün məşhur modelləri dəvət edirlər. Siz bu təcrübədən istifadə edəcəksiniz?

- Bizim kolleksiyanı ancaq yerli modellər təqdim edəcək. Mən həmişə tərəfdarıyam ki, özümüz-özümüzə etibar edək. Axı bizim modellər də çalışmalıdır, onlar da pul qazanmalıdır. Mən xaricdən bu moda nümayişi üçün ümumiyyətlə, heç kimi dəvət etməmişəm. Bunun  birinci səbəbi otellərdə yerlərin olmaması, ikinci səbəb isə bizim öz modellərimiz, öz xanımlarımızın olmasıdır. Niyə axı öz modellərimi ola-ola biz xaricdən model dəvət etməliyik? Bizim şouda 22 model iştirak edəcək. Onların arasında çox gözəl, gənc və peşəkar modellər var. Mən artıq onları gələcəyin ulduzları kimi görürəm. İstəyirəm ki, bizim öz məhsullarımızı, öz brendlərimizi elə bizim öz yerli modellərimiz reklam etsin. Mən niyə həm qonorar, həm yolpulu, otelpulu ödəməliyəm? Zəhmətlə qazandığım maddi imkanları mən  niyə boş-boşuna xərcləməliyəm? Düşünürəm ki, biz özümüz hər şeyi edə bilərik.  

- “Eurovison” təmsilçimiz Səbinə Babayevanın geyimi necə olacaq? Bu haqda məlumatınız var?

- Artıq 3 ildir ki, bizim təmsilçilərin geyimləri ilə ukraynalı komanda məşgul olur. Geyimi də o komandanın tərkibində onların dizaynerləri hazırlayırlar və ya alırlar. Demək olar ki, mənim də məlumatım bu qədərdir. Daha ətraflı məlumatım yoxdur.         

Sevinc İLTİFATQIZI                  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir