Modern.az

Xorvatiyanın Bakıdakı səfiri: “Bizim ölkədə koronavirusa gündə 1-2 nəfər yoluxur” - MÜSAHİBƏ

Xorvatiyanın Bakıdakı səfiri: “Bizim ölkədə koronavirusa gündə 1-2 nəfər yoluxur” - MÜSAHİBƏ

Müsahibə

22 İyun 2020, 08:05

Xorvatiya Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Branko Zebiç Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.


- Hörmətli səfir, hazırda dünya məlum infeksiya ilə mübarizə içərisindədir. Xorvatiyadakı son vəziyyətlə bağlı məlumat almaq istərdik.


- Dünyanın digər ölkələri kimi, Xorvatiya da COVID-19 adlı koronavirusla, pandemiyanın iqtisadi və sosial sahələrə vurduğu nəticələrlə mübarizə aparır. Biz 5 iyul tarixinə təyin edilmiş parlament seçkilərini gözləyirik. Xorvatiya hökuməti hazırda Avropa İttifaqı Şurasına ilk sədrliyini uğurla başa çatdırmağa çalışır.


- Ölkəniz pandemiya ilə necə mübarizə aparır və nə kimi çətinliklər yaranıb?


- İndi COVID -19-un öhdəsindən gəlməyi olduqca yaxşı bacarırıq. Hazırda Xorvatiya xəstəxanalarında koronavirusa yoluxmuş cəmi 7 xəstə var. Son iki həftə ərzində hər gün 1 yoluxma qeydə alınırdı. Bəzən gündə yalnız 1, maksimum 2 yoluxma baş verir. Adətən xaricdən yeni qayıdan kimdəsə koronavirus testi pozitiv nəticələnir. Ümumi olaraq, pandemiyanın başlanğıcından indiyə kimi xəstəliyə 2500 nəfər yoluxub. 107 nəfər vəfat edib, yoluxanların böyük əksəriyyəti isə müalicə olunaraq sağalıb. Ancaq yenə də ehtiyatlıyıq. Xorvatiya öz regionunda, eləcə də Avropada və dünyada pandemiyaya məğlub olmayan ölkədir. Xorvatiya Aralıq dənizinin ən çox ziyarət edilən turistik yerlərindən biridir. Artıq turizm mövsümü başlayıb. Tədricən sərhədlərimizi açırıq... Amma turistlər və insanların izdihamı ilə epidemioloji vəziyyəti nəzarət altında saxlamaq çətindir.

- Bu ilin martında paytaxt Zaqrebdə 5,3 bal gücündə dağıdıcı zəlzələ oldu. Təfərrüatları haqqında ən dəqiq məlumatı sizdən almaq istərdik. Ölkə iqtisadiyyatına çoxmu zərər dəydi
?

-
Bu, həqiqətən bir fəlakət idi. Dünyada bu hadisə kifayət qədər işıqlandırılmadı, çünki o an medianın bütün diqqəti COVID-19 pandemiyasına yönəlmişdi. Zəlzələ martın 24-də baş verib. Zəlzələnin episentri Zaqrebdə olub və bu, yəqin ki, son 100 ildə bir Avropa paytaxtında baş verən ən güclü zəlzələ idi. Budəfəki yeraltı təkanlar Zaqrebdə 1880-ci ildəki zəlzələdən bəri baş verən ən güclü silkələnmədir. İlk baxışdan, Zaqreb tamamilə məhv olmayıb, amma həqiqət budur ki, şəhər mərkəzindəki köhnə tikililərin əksəriyyəti ciddi şəkildə zədələnib. Həmin binaları ya bərpa etmək ya da yenidən tikmək lazımdır.

- Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirdi ki, Azərbaycan bizə dost olan Xorvatiyaya humanitar yardım göndərib. Xorvatiyanın Azərbaycandakı səfiri olaraq bu barədə fikirlərinizi öyrənmək istərdik.


- Bu hadisə Azərbaycandakı diplomatik fəaliyyətimin ən duyğusal anı idi. COVID-19 ilə mübarizə aparmağına baxmayaraq, Azərbaycan Xorvatiyaya dost əli uzatdı. Bu günlərdə Azərbaycan bir neçə xüsusi yük təyyarəsi göndərdi və ən çox çətinlik çəkən ölkələrə kömək etdi.
24 apreldə Xorvatiyaya göndərilən humanitar yardım iki məqsəd daşıyırdı - Zaqrebin yaralarını sarmaq və bizə koronavirusla mübarizəmiz üçün tibbi avadanlıqlarla kömək etmək. Zaqreb və Xorvatiya bunu heç vaxt  unutmayacaq. Prezidentimdən, Baş Nazirimdən və Xarici İşlər nazirimdən sonra fürsətdən istifadə edib Azərbaycana çox böyük təşəkkür edirəm.

- Azərbaycanda karantini necə keçirirsiniz?

- Sərt karantin günlərində Bakıdakı hər kəs kimi, mən də ailəmlə birlikdə vaxtımın çoxunu evdə keçirdim. Karantin rejiminin ilk sərtləşdirilməsi zamanı evdən və yarım iş günü ofisdən işlədik. Nəhayət ki, həyat yoldaşım və uşaqlarımla daha çox vaxt keçirdim. Stolüstü tennis və şahmat oynadıq...


- Azərbaycan- Xorvatiya əlaqələrinin inkişafıyla bağlı nə kimi planlarınız var7

-
Bu ağır, çətin zamanda əməkdaşlığımızı inkişaf etdirməyə davam etdik. Xorvatiyanın bir informasiya texonologiyaları şirkəti azərbaycanlı tərəfdaşı ilə müqavilə bağladı. Ümumiyyətlə, bu sektor üçün böyük bir gələcək görürəm. Gələcəkdə turizm və kənd təsərrüfatı sahələrində, enerji sektorunda əməkdaşlığı genişləndirməyi və insanlar arasında əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq. Bu yaxınlarda Milli Məclisin Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupunun yeni seçilmiş rəhbəri Könül Nurullayeva ilə görüşüm oldu. Görüş zamanı ölkələrimiz arasında əməkdaşlığa marağın və yaxşı perspektivlərin olduğunu və parlamentlərin və parlamentlərarası işçi qrupunun vacib rolunu vurğuladıq.

Mən istəyirəm ki, mümkün qədər çox azərbaycanlı Xorvatiyanı və xorvatlar Azərbaycanı ziyarət etsinlər. Beləliklə, mənim prioritet istiqamətlərimdən biri mədəniyyət proqramları mübadiləsi, idman və gənclik tədbirləri olacaqdır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır