Modern.az

Cümhuriyyətin sonuncu RƏSMİ QONAĞI

Cümhuriyyətin sonuncu RƏSMİ QONAĞI

Aktual

9 Avqust 2020, 09:49

1920-ci il aprelin 24-də, bolşevik çevrilişinə üç gün qalmış polyak diplomatı və siyasətçisi Titus Filippoviçin rəhbərlik etdiyi Polşa heyəti Bakıya rəsmi səfərə gəlmişdi.

Polşa heyətini xüsusi olaraq bəzədilmiş, fəxri qarovul düzülmüş Bakı dəmiryol vağzalında xarici işlər nazirinin müavini M. Təkinski, Bakı general-qubernatoru M. G. Tlexas, Milli Ordunun Ümumi Qərargah rəisi general M.Sulkeviç, Gürcüstanın Bakıdakı diplomatik nümayəndəsi Q.Alşibaya, habelə yerli polyak icmasının nümayəndələri qarşılamışdılar. Polşanın və Azərbaycanın dövlət himnləri (yəqin ki, Cümhuriyyətin süqutu ərəfəsində milli himnimiz sonuncu dəfə səslənmişdi!) ifa olunmuş, heyət üzvləri Xarici işlər nazirliyinin Qonaq evində (deməli müstəqilliyin ikinci ilində Azərbaycanda belə bir diplomatik xidmət sahəsi də mövcud idi!) yerləşdirilmişdi.
Titus Filippoviç (1873-1953) müstəqillik elanından (11 noyabr 1918) sonra bir neçə gün ölkəsinin xarici işlər nazirliyinə rəhbərlik etmiş, 1921-1935-ci illərdə isə Polşanın Moskva, Brüssel, Vaşinqton kimi mühüm siyasi mərkəzlərdə səfiri olmuşdu, partiya rəhbəri kimi siaysi həyatda fəal iştirak etmişdi.

Amma onun həyat yolu Bakıda da qırıla bilərdi.

Bolşeviklər Vyana konvensiyasına və diplomatik toxunulmazlığa əhəmiyyət verməyərək Polşa heyətini XİN-in Qonaq evindən birbaşa Bayıl həbsxanasına göndərmişdilər.

1920-ci ilin mayında Qırmızı Ordunun Varşava altında sarsıdıcı məğlubiyyətə uğraması Bayıldakı Polşa diplomatlarının həyatını tükdən asılı vəziyyətə salmışdı. Onları hər an güllələyə bilərdilər.

Yalnız iyul ayında Titus Filippoviçi və həmkarlarını əvvəlcə Moskvaya, oradan isə Polşaya yola salmışdılar.

Cümhuriyyət liderləri özlərindən asılı olmayan səbəblərdən polşalı dostlara lazımi qonaqpərvərlik göstərə bilməmişdilər.

Qonaqpərvərlik bir yana qalsın, bir çoxu tezliklə onların Bayıl həbsxanasında boşalan kameralarının sakinlərinə çevrilmişdilər...


Vilayət Quliyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı