Modern.az

Deputat Nazirlər Kabinetinin qərarını PİSLƏDİ: “Bu insanları narazı salmayın!”

Deputat Nazirlər Kabinetinin qərarını PİSLƏDİ: “Bu insanları narazı salmayın!”

28 Avqust 2020, 12:58

“Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dəyişikliklər edilməsi ciddi müzakirələrə səbəb olub. Dövlət Gömrük Komitəsi bu dəyişikliyi büdcə daxilolmalarının artırılması və yerli sahibkarların müdafiəsi istiqamətində mühim addım kimi dəyərləndirib. Açığı bu mövqe ilə mən də razıyam. Həqiqətən büdcəyə də müsbət təsir edəcək, yerli sahibkara da. Bu öz yerində. Lakin, unutmayaq ki, istənilən qərar ikibaşlı olur və o zaman səmərəli sayılır ki, xeyiri zərərdən çox olsun.
Təəssüf ki, bütün mühim tərəflərini vurğulamaqla, bu qərarının ziyanının xeyirindən çox olması qənaətindəyəm. Daha dəqiq desəm, bu qərar əsassız məhrumiyyətlər yaratmaqla dövlətin ali məqsədlərinə ziddir”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. 

O fikrini bir neçə bənddə izah etməyə çalışıb:

“- İlk olaraq ondan başlayaq ki, qərar ölkədə sosial narazılıq yarandı. Dövlət başçısı böhran şəraitində şəxsən böyük cəsarət və humanistlik nümayiş edib çox ciddi bir yükün altına girdi, heç bir sosial layihəni təxirə salmadı, üstəlik son 7 ayda 3,5 milyard pul xərclədi ki, ölkədə sosial narazılıq olmasın, vətəndaşların rifahı və güzaranı pozulmasın. Indi fiziki şəxslərin sifariş etdiyi 2 dəst paltarın rüsumu üçün xalqı narazı salmağa dəyərdimi?

- Konstitusiyanın 15-ci maddəsi ilə Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir. İndiki halda Gömrük Komitəsinin mağaza sahiblərinin vəziyyətini düşünməsi həqiqətən alqışalayiqdir, lakin, unudulur ki, bu müdafiə tədbiri adı altında son vaxtlar təşəkkül tapmış daşıyıcı şirkətlər faktiki olaraq məhv edilməkdədir. Bir təbəqə sahibkarı digər təbəqəyə qurban vermək nə dərəcədə etik və faydalıdır?

- Digər çox vacib məqam, qarşıdan payız-qış mövsümü gəlir, heç koronavirus olmasa da belə, bu mövsümdə adətən infeksion xəstəliklərin geniş yayılır. COVİD 19-un ikinci dalğasının qorxusu ilə yaşadığımız bir dövrdə, mağazada bir paltarı 10 nəfərin soyunub-geyinməsi yaxşıdır, yoxsa hər kəsin fərdi qaydada internetlə sifariş etməsi?

- Başqa bir vacib məqam limitin təsbit olunduğu rəqəmin özü ilə bağlıdır, tam səmimi olaraq soruşmaq istəyirəm, bu qərarın qəbul olunmasında iştirak edən hansı məmur 300 dollara övladını başdan ayağa geyindirir? Axı 300 dollar bir çox məmurun heç qalstukunun “zapinkası” da deyil!

- Ən nəhayət və mənim üçün ən vacib məqam, bilənlər bilir ki, təmsil etdiyim Biləsuvarda bütün rayonun taleyi gömrüklə bağlıdır, insanlar qiymət fərqinə görə ərzağından geyiminə qədər çox şeyi qonşu ölkədən alır. Tətbiq edilən limitlə, bu qadağalarla büdcəyə gələn gəlir, hər hansı biləsuvarlının ehtiyaclarını qarşılaya biləcəkmi? Özüm də tam məsuliyyətimlə cavab verim ki, xeyr edə bilməyəcək”.

Millət vəkili aidiyyatı qurumlara səslənərək deyib:

“Sizə zəhmət, bu insanları narazı salmayın, unutmayın ki, büdcə elə uğrunda narazı saldığınız bu insanlar üçündür.

Nəzərə alın, çox həssas dövrdür, insanların güzəşt gözlədiyi bir vaxtda həqiqətən bu radikal addımların nə zamanı, nə də yeri idi...”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir