Modern.az

Bizim Əsgər - “Tələbəmə dedim ki, Vətənini də qoru, özünü də, amma hər şeydən öncə şərəfini qoru!” - MÜSAHİBƏ

Bizim Əsgər - “Tələbəmə dedim ki, Vətənini də qoru, özünü də, amma hər şeydən öncə şərəfini qoru!” - MÜSAHİBƏ

Reportaj

13 Oktyabr 2020, 12:50

İşğalçı Ermənistan ordusu ilə aparılan qanlı müharibənin 17-ci günüdür. Cəbhədə şiddətli döyüşlər davam edir. Azərbaycanda qismən səfərbərlik elan olunub.

Modern.az saytı vətənimizi qoruyan əsgərlərimizə dəstək məqsədilə “Bizim əsgər” rubrikasına davam edir. Rubrikamız könüllü olaraq orduya yazılan vətən övladları, hazırda döyüş bölgəsində vuruşan əsgərlərimiz, şəhidlərimiz və onların yaxınları barədədir.

Növbəti qonağımız Əməkdar incəsənət xadimi, tanınmış  kino, televiziya və dram rejissoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mehriban Ələkbərzadədir. O, rubrikamıza tələbəsi, cəbhədə döyüşən əsgər Rüfət Cabbarov haqqında danışıb.


- Mehriban xanım, tələbəniz haqqında oxucularımıza məlumat verməyinizi istərdik.

- Tələbəm Rüfət Cabbarov Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissorluğu fakültəsinin II kursunda oxuyur. Birinci kursdan onun sənət müəllimi mənəm. İkinci kursun birinci semestrində koronavirus pandemiyası ilə əlaqədar olaraq onlayn dərslər keçdik. Rüfət Akademik Milli Dram Teatrında işıq ustası və işıq rəssamı kimi fəaliyyət göstərirdi.

- Necə oldu ki, tələbənizin cəbhəyə yollanmağını öyrəndiniz?

- Mən tətil müddətində də tələbələrimlə əlaqə saxlayıram. Mütaliələri, perspektivləri ilə bağlı söhbətlər edirik. Həmçinin, tələbələrimizlə “vatsapp” qrupu yaratmışdıq, dərslərimizlə bağlı vacib xəbərləri orada  paylaşırdıq. Qrupu distatant təhsilə keçməzdən daha öncə yaratmışdıq və öz tələbələrimə informasiyaları daha operativ əldə etmək üçün bunu tövsiyə etmişdim.
Həmişə onlara tapşırıqlar verirdim və deyirdim ki, ehtiyac olanda mənə zəng vurub suallarını verə bilərlər. Vətən müharibəsi başlayanda mənə bir zəng olundu, tələbəm Rüfət idi. Düşündüm ki, bu zəng yay tapşırıqlarımdan birinin müzakirəsi ilə bağlı olacaq.
O mənə bildirdi ki, könüllü olaraq səfərbərliyə yazılıb və artıq telefonuna hərbi xidmətə yollanması üçün mesaj gəlib. Mənimlə sağollaşırmış kimi danışdı. Ona uğurlar arzuladım. Rüfət ehtiyatda olan topçu idi.
Mən düşünmədim ki, telefonda danışdığımız günün səhəri Rüfət cəbhəyə yollanacaq. Digər tələbəm Rüfətin qrup yoldaşı Nihat Qulamzadə onu yola salmağa getmişdi. Nihat döndükdən sonra mənə bildirdi ki, Mehriban xanım, Rüfət cəbhəyə yollananda siz ona zəng edib xeyir-dua verdikdə rəngi dəyişdi, içinə bir fərahlıq və bir güc gəldi. Mən ona xeyir-dua verəndə bildirdim ki, missiyası çox böyükdxür. Bütün qrup üzvləri, o cümlədədn də mən Rüfətlə fəxr edirəm.



- Hazırda sizin tələbəniz, bizim isə əsgərimiz olan Rüfətdən xəbəriniz varmı?


- Onun qardaşı Orxanla əlaqə saxlayırıq. Hamımız Rüfət və torpaqlarımızın azadlığı uğrunda döyüşən digər əsgərlərimiz üçün dua edirik. Qardaşı Rüfətdən xəbər aldığı zaman qrupa yazaraq, bizə məlumat verir. Harda olduğundan məlumatımız var, lakin bunu açıqlaya bilmərəm.


- Dərs müddətində Rüfətdə vətənpərvər hissləri müşahidə etmişdinizmi?


- Rüfət biraz çılğın və eyni zamanda ərköyün bir tələbə idi. Tapşırıqları daha yaxşı yerinə yetirirdi. Enerjili idi. Təbii ki, qırmızı cizgisi üzündəydi, yəni emosional idi və müəyyən məsələlərə daha tez reaksiya göstərirdi.
Vətən müharibəsi başlayanda Rüfət susmadı və hamıdan tez reaksiya göstərib, cəbhəyə yollandı.


- Yaradıcı insan kimi gənclərimizin bu gün ölümün gözünə dik baxması, Vətən uğrunda mübarizlik göstərməsi barədə nə düşünürsünüz?


- Bu bir Vətən mübarizəsi, haqq savaşıdır. Bu günə qədər məcburi atəşkəsin bizi vadar elədiyi qaçqın-köçkün adından qurtulmaq imkanı və fürsəti yaranıb. Belə bir zamanda “Ya Qarabağ, ya ölüm!” şüarə o qədər yerində səslənir ki, bu da bizim özümüzə olan güvənimizi möhkəmləndirir. Etnik kimliyində israrlı olan bir vətəndaş kimi bu məsələlər məni də çox qürurlandırır və tam məsuliyyətimlə anlayır, dərk edirəm ki, bu gün biz müstəqillik tariximizin ən şərəfli anını yaşayırıq.

Bu tarixi yazan bir nəsil kimi qələbə xoşbəxtliyimizin miqyasını təsəvvür edə bilirəm ki, bu gün ortaya qoyduğumuz savaşda qalib bir xalq formalaşır. İnsan qüruru, milli qürur və etnik qürur formalaşır. Böyük siyasi, iqtisadi, diər anlamda olan uğurlarıyla bərabər bir millət olaraq vətəndaşlıq missiyası formalaşır. İndiyə  qədər bizdə böyük qəhrəmanlıqla bağlı bir natamalıq vardı, çünki biz işğala məruz qalmışdıq, lakin apardığımız Vətən müharibəsindən sonra bunu fəxrlə deyəcəyik. Azərbaycanımın və millətimin bu gün cəphədə tarix yazan oğullarının olduğuna biz həmişə ümid edib yaşayırdıq, lakin bu dəyərə olduğu kimi qiymət vermək gücündə deyildik. Bu qədər əmin olacağımıza və bu qədər parlaq və israrlı, yəni söylədiyiniz kimi, ölümün gözünə dik baxan gənclərimizin qısa müddətdə çox olacağını gözləmirdim. Bax bu yatmış vulkanın oyanışı həm vətəndaş, həm də yaradıcı bir insan olaraq içimdə bəzi qatların açılmasına səbəb oldu.

Sevindiyim bir şey var ki, vaxtilə vətənpərvərliyin yüksəlməsi üçün apardığımız maarifləndirmələrin gənclərimizə böyük təsiri olub. Mənim də bu mövzuda bir çox sənədli filmlərim olub. Bir çox işlərim var idi ki, televiziya fəaliyyətimin əsasında məhz bu faktor - “vətəninə və torpağına sahiblik” dururdu. Təbii ki, bunun üçün müəyyən illərdə fürsətlər olurdu və sonra bu fürsətlər tükənirdi. Mənim içimdə təəssüflər olurdu ki, bu ideoloji savaşı yetərincə apara bilmirik. Lakin son hadisələr sübut etdi ki, atılan hər bir ox, deyilən hər bir söz, tökülən hər bir damla qan məqsədə çatıb.

Bugünkü vətənpərvər gənclərimiz varsa, deməli biz məqsədimizə çatmışıq. Ən azı doğru və dürüst gənclər yetişdirə bilmişik. Gənclərimizin bugünkü qəhrəmanlıqları əsasında nəsrimizdə və poeziyamızda böyük əsərlər yaranacaq. İnsan kimliyi, vətəndaş kimliyi, milli-etnik uğrunda savaşan, qəhrəmanlıq göstərən obrazlar yaranacaq ki, onlar bizim şanlı tariximizin bir səhifəsi kimi həyatımızda və ömrümüzdə əbədi qalacaq. Hər dəfə yeni doğulmaq ərəfəsində bu bizim milli kimliyimizi oyatmaq üçün yenidən dirilib, kök salıb, pöhrələnib ağaca çevrilmək zamanını yaşadıq ki, bunların hamısı bizim içimizdə özümüzə güvən yaradacaq. İndiyə kimi keçirdiyimiz bütün bədbinlik və məyusluq hisslərimizi arxada buraxacaq. Ərazilərimizin işğalda qalması, torpağımızı qoruya bilməməyimiz bizi çox utandırırdı. Biz hamımız başa düşürük ki, işğalada olan ərazilərimizin azad edilməsi  təkcə dövlətimizin milli təhlükəsizlik məsələsi deyil, eyni zamanda Azərbaycan xalqının milli özünüdərkidir. Bax bu özünüdərk indi baş verir və biz böyük və şərəfli tarixin yazıldığı zamana gəlib çatmışıq, bu isə bizlərə çox qürur verir. Hələ uzun illər bugünkü qələbələrimiz haqqında söhbət gedəcək.



- Tələbəniz və döyüşçümüzə rubrikamızla nə demək istərdiniz?

- Əslində tələbəmə cəbhəyə getməz əvvəl dedim ki, mən səndən öncə xahiş edirəm: qəhrəman bir övlad kimi şərəfini qoru. Əlbəttə ki, sən vətəni qorumaq üçün gedirsən. Vətənini də qoru, özünü də qoru, amma hər şeydən öncə şərəfini qoru. O şərəf ki, səninlə səndən çox üstündür, onunla sən vətənimizi də qoruyacaqsan, özünü də və torpağımızı da. Mən ona dedim ki, zəfər yazaraq qayıt.
İndi sizin rubrikanızla bütün əsgərlərimizə deyirəm ki, zəfər sizin əlinizdədir. Qoy yalnız zəfər yazmaq sizin qismətiniz olsun. Vətənimizi, özünüzü və əsası isə şərəfinizi qoruyun. Hər birinizin qanınız qanımızda, canınız isə canımızdadır. Hər birinizin qanınıza və canınıza qurban olum.


- Bu gün apardığımız Vətən müharibəsini gələcəkdə yaratdığınız əsərlərdə necə təbliğ edəcəksiniz?

- Mənim yaradıcılığımda milli, etnik kimlik və vətəndaş həmrəliyinin, torpağına sahiblik hissinin formalaşması kimi önəmli mesajlar verilir. Hansı formada edə biləcəyimi deyə bilmərəm, amma mən həmişə bu millətin, bu dövlətin, bu xalqın ərazi bütövlüyü və azdlığı üçün qurbanlar verməsi və milli özünüdərkə sahib olması üçün hər şeyə hazıram.Mən artıq bağışlamaq və rəhm etmək xislətimizdən uzaqlaşaraq, unutmamaq və bağışlamamaq, eyni zamanda vətən üçün cihada getməyin lazım olduğunu düşünürəm. Allah etsin ki, bizim qələbəmiz çox yaxında olsun və bu hadisələr bundan sonrakı nəslimizin müraciət edə bilməsi üçün gələcəkdə vərəqləyə biləcəyi qəhrəmanlıq tarixi olsun.


- Və sonda, “Əsgərə salam”da nə deyəcəksiniz?..

- Bütün əsgərlərə deyirəm ki, sizin nəslin tarixinə haqq savaşı vermək düşüb. Qəzanız mübarək. Azadlıq istəyirik və bunun üçün qan və itki də olacaq. Qanınıza qurban olum. Allah sizə bu xalqın şərəfini qorumağı nəsib edib və bu əslində çox ali bir qismətdir. İki nəslin yerinə yetirməli olduğu bu haqq savaşı indi sizin çiyinləriniz üzərindədir. Ali Baş Komandanın səsinə qoşularaq, “Vur komandir, vur!” deyirəm. Allah Silahlı Qüvvələrimizin hər bir üzvünə yar olsun.
Əziz əsgərlərimiz, bu gün bizim hamımızın şərəfi sizin əllərinizdədir və doğurudan da Azərbaycan qərəman övladın şanlı vətənidir.
“Səndən ötrü qan tökməyə cümlə qadiriz, bayrağını yüksəltməyə cümlə gənclər müştaqıdır” deyən bizim himnimiz var. Azərbaycan əsgəri, biz sizinləyik. Şuşaya sancılan o bayrağın yerə düşən kölgəsi bizim Kəbəmiz və and yerimiz olacaq. O yerə, o torpağa üzümüzü toxundurmaq arzusuyla qələbəyə doğru. Allah millətimizin köməyi olsun!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!