Modern.az

Səfər Əbiyev: “Çox yaxın müddətdə düşmənin təslim olacağına inanıram” - MÜSAHİBƏ

Səfər Əbiyev: “Çox yaxın müddətdə düşmənin təslim olacağına inanıram” - MÜSAHİBƏ

17 Oktyabr 2020, 15:17

Azərbaycanın sabiq müdafiə naziri, ehtiyatda olan general-polkovnik Səfər Əbiyev Modern.az saytının suallarını cavanlandırıb.

 

- Səfər müəllim, bu gün Sizinlə Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş rayonlarımızın azadlığı uğrunda gedən döyüşlər ərəfəsində danışırıq. O Dağlıq Qarabağ münaqişəsi ki, Siz hadisələrin birbaşa şahidi olmusunuz. Ancaq təcrübəli general-polkovnik olaraq bu gün Sizin hadisələri kənardan izləməyinizi açıq desək, qəbul edə bilmirik. Yəqin ki, bugünkü ordumuz, əsgərlərimiz onların uğurları haqqında deyəcəyiniz mütləq nələrsə var. Biz Sizi eşitmək istəyirik.

- Sualınıza keçməzdən öncə qeyd edim ki, bu gün səhər cənab Ali Baş Komandanın Füzuli rayon mərkəzi və ətraf kəndlərin tamamilə düşmən işğalından azad olunması barədə xəbəri məni çox sevindirdi. Ordumuz irəliləyir. Bundan qıcıqlanan düşmən isə mülki əhaliyə qarşı  ağır silahlardan istifadə edir. Dünən gecə yarısı Gəncəyə ağır silahlardan atəş açan işğalçı Ermənistan cinayətkar və terrorçu dövlət olduğunu bir daha nümayiş etdirdi. Düşmən hökmən bunun cavabını alacaq.     

Eyni zamanda,  ilk sualınızda mənə verdiyiniz dəyərə görə Sizə təşəkkürlərimi bildirirəm. Həyatımın böyük bir hissəsini ulu öndər Heydər Əliyevin və sonra möhtərəm Ali Baş Komandan İlham Əliyevin Prezidentliyi dövründə Ordumuzun inkişafına həsr etmişəm. Yeri gəlmişkən, həyatda ən çox özünütərifdən xoşlanmamışam. Səmimi bildirmək istərdim ki, hər ikisinin rəhbərliyi altında belə ağır sahədə xidmət etmək mənim üçün həm asan, həm də şərəfli idi. Nə üçün asan dedim? Bu haqda çoxlu xatirələrim var. Danışdıqca, qurtarmaq olmaz. Bəli, ona görə asan idi ki, aramızda mehriban bir münasibət vardı. Və peşakar hərbçi kimi mənə daim hörmətlə yanaşırdılar.

Dağlıq Qarabağ konfilikti vaxtında həll edilə bilərdı. Azərbaycan dəfələrlə bu təşəbbüslə istər beynəlxalq təşkilatlar qarşısında, istərsə də ermənilərın özləri ilə danışıqlarda bildirib ki, problemin dinc vasitələrlə həllindən başqa yol yoxdur. İndi həm düşmənin özü, həm də havadarları real olaraq gördülər ki, vaxtında onlara  ən düzgün təklifi vermişik. Lakin razılaşmadılar. Etiraf edim ki, Rusiyanın bu məsələdə oynadığı rol vəziyyəti gördüyümüz şəklə saldı. Dövlətimiz təzə qurulmuşdu. Silahlı Qüvvələrimiz də arzu etdiyimiz səviyyədə deyildi. İşğalçıya  ən müasir hərbi texnika, raket sistemləri, tank və artilleriya qurğuları pulsuz verilirdi. Siz indi fərqi özünüz təsəvvür edin. Bizə isə toqquşmanın ilk illərində pulla belə silah satmırdılar.


İndi Silahlı Qüvvələrimiz inkişaf etmiş dünya orduları ilə bir sırada dayanır. Ordumuz bu gün öz döyüş qabiliyyəti ilə sübut etdi ki, onu məğlub etmək erməniyə heç bir vaxt qismət olmayacaq. Təkbətək müharibədə Azərbaycan Silahlı Qüvvələrinə qısa zaman kifayətdir ki, düşmən ordusu üzərində qələbəni təmin etsin.

 

- Yaxın çevrəniz iddia edir ki, Qarabağ münaqişəsinin həll olunmasının əsas variantı kimi danışıqların mümkün olmadığını bildirmisiniz. Bu gün ön cəbhədə müharibə gedir. Yəni sizin də fikirləşdiyiniz kimi, Qarabağı danışıqlar yolu ilə deyil, müharibə yolu ilə geri almağa çalışırıq. İndiki vəziyyəti necə şərh edə bilərsiniz?


- Danışıqların vaxtı çoxdan keçib. Müharibə belə demək mümkünsə nəzəriyyələrlə idarə edilmir. O vuruşmaq üçün güc istəyir.  Xoşbəxtlikdən əsgərimiz belə bir imkanı əldə edə bilib. Dövlətimizin rəhbəri İlham Əliyev müharibə başlandığı ilk gündən Azərbaycan əsgəri qarşısında qoyduğu tələb və əmr “ÖLÜM YA VƏTƏN” çağırışı oldu. Onun bu çağırışı xalqın və ordunun döyüş ruhunun ucalmasında, işğalçı düşmənlə Silahlı Qüvvələrimizin son nəfəsədək vuruşmasında müstəsna rol oynadı. Bu gün xalq Ali Baş Komandanın arxasında dayanıb. İnanıram ki, bu qüvvəni sarsıtmağa işğalçının gücü yetməz. Düşmən ağlına belə gətirməzdi ki, bir gün gələcək işğal etdikləri torpaqlardan qaçaraq özləri üçün yer axtaracaqlar. Yəqin bu dəfə  “ DƏNİZDƏN DƏNİZƏ” ərazilərdə  məskunlaşmağa yer tapa bılməsələr, “OKEANDAN OKEANA” ideyaları köməklərinə çatar. Cəmi-cümlətanı 3 milyonluq əhalisi olan forpostun iddiasına təəccüb etməyə bilmirəm. Azərbaycan ordusunu dayandırmaq mümkünsüzdür. Buna heç kimin şübhəsi olmasın. Ən ağır silahları idarə edəcək, onu hədəfə istiqamətləndirəcək zabit heyətimiz düşməni doğma torpaqlarımızdan qovub çıxarır. Kənd və qəsəbələrimizin, yaşayış məntəqələrimizin sakinləri öz doğma yurdlarına dönürlər. Erməni qəsbkarları son terroristinə qədər işğal etikdikləri torpaqlarımızdan geri çəkiləcək, artıq bu baş verir və Qarabağ həmişə olduğu kimi, Azərbaycan bayrağı altında öz həyatını yaşayacaqdır. Soydaşlarımız öz bağçalarını yenə gözəlləşdirərək, əkib-biçəcək, meyvəsindən dərəcək, həyətdəki sərin bulağından suyunu içəcək. Ermənlər müharibəni demək olar ki, uduzublar. Çox yaxın bir müddətdə düşmənin təslim olacağına daxili bir inamım var. Azərbaycan əsgəri vətən qarşısında borcunu gözəl dərk edir. Onun qalibiyyət uğrunda mübarizəsi və topraq üzərinə tökdüyü qan hədər deyil. Əsgərimiz gələcək nəsillərə bütöv Azərbaycanı əmanət etmək uğrunda savaş aparır. Mən bu davada onun torpağa bağlılığını, vətənə sədaqətini, Ali Baş Komandanın əmr və göstərişlərini sözüz yerinə yetirən əsgərin rəşadətini və qəhramanlığını müşahidə etdikcə, ürəyim dağa dönür. 


- İşğalçı Ermənistan təkcə cəbhədə təxribatlara əl atmır. Eyni zamanda, informasiya savaşında da mənfur niyyətindən əl çəkmir. Düşmən tərəfi iddia edir ki, Azərbaycan ordusunda hansısa ölkənin muzdlu əsgərləri döyüşür. Siz də bilirsiniz ki, bugünkü Azərbaycan ordusu 1990-cı illərdəki özünümüdafiə batalyonlarından təşkil edilməyib ki, hansısa muzdlu döyüşçüyə ehtiyacı olsun. Sizcə, Ermənistan tərəfi bu cür iddiaları səsləndirməklə regionda nə etməyi düşünür?


- Ümumiyyətlə, müharibələrdə informasiya işi silahla birlikdə yanaşı olduqda, daha əhimiyətli təsir bağışlayır. Ancaq hər uydurma və böhtana da informasiya uğuru kimi baxmağın tərafdarı deyiləm. Qarabağ konfilikti gündəmə gəldiyi ilk günlərdən ermənilər Azərbaycana qarşı  dezinformasiya ilə məşğul olub. Lakin son hesabla uğursuzluqlara yuvarlanıblar. Çünki erməni  millətinin xarakterində saxtalıq və riyakarlıq o qədər özünə dərin yer salıb ki, ondan hansısa dürüstlyü və mərdliyi ummaq yumşaq desəm, sadəlövhlüyün ən böyük əlamətidir. O qədər yalan və uydurma informasiya yayımına imza atıblar ki, öz yalanlarına özləri inanmağa başlayıblar. Dünya indi dəyişib, onu hər biabırçı informasiya ilə aldatmaq mümkün deyil. Bu gün Azərbaycan Ordusunda bütün döyüş növləri üzrə şəxsi heyətin formalaşdırılması üçün heç bir problem yoxdur. Öz əsgəri qüvvəmiz kifayət edir ki, düşməni diz üstə çökürdək.  100.000 əsgəri qüvvəyə sahib bir Ordusu olan dövlətin kənar ölkələrdən döyüşçülərgə gətirərək, müharibəyə cəlb edilməsi nə qədər məntiqidir? Yalan və uydurma məlumatları tirajlamaq köhnədən bu millətin qanına işləyib. Azərbaycanın Silahlı Qüvvələrinə güya ki, Livandan, Suriyadan muzdlu döyüşçülərin gətirilməsi və Azərbaycan əsgəri ilə işğalçı Ermənistana qarşı müharibədə iştirakı barədə yayılan məlumatların heç bir əsası yoxdur.


- Qarabağ münaqişəsinin sonunu necə proqnozlaşdırırsınız?


- Qısaca cavab verərəmsə, Qarabağın gələcəyi artıq təmin edilib. Onun bir daha erməninin nəzarətində olması söz konusu deyildir. Qarabağ Azərbaycanın tərkib hissəsidir. Xalqımızın, Ordumuzun, Ali Baş Komandanımızın birgə müharibə əzmi öz nəticəsini verdi. Əsgərimiz ermənin belini sındırdı. Bu döyüşlərdə Ordumuzun  nə Livan, nə də Suriyadan gətirilən əsgərə ehtiyacı olmayıb və bundan sonra da olmayacaq. Vətən torpaqlarının taleyi Ordumuzun çiyinlərindədir.


- Cənubi Qafqaz regionunda Türkiyənin mövqeyi aydındır. Birmənalı olaraq Azərbaycanı dəstəkləyir. Təbii, bu yaxınlığı qısqanan dövlətlər var. Sizcə, bu qısqanclığın kökündə nə dayanır?

  
- Türkiyə tarixən Azərbaycanın yanında olub. Qardaşlıq səylərini heç bir vaxt əsirgəyməyib. Sentyabrın 27-də düşmənin qəfil hücumunu önləmək üçün savaşın ilk dəqiqələrindəncə qardaşımız yanımızı kəsdirdi. Öz mənəvi dəstəyi ilə ordumuza ruh verdi. Buna görə qardaş Türkiyəyə öz minnətdarlığımı ifadə edirəm. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın Prezidenti cənab İlham Əliyevi yanaşı görmək insanda daxili bir qürur yaradır. Əlbəttə ki istəməyənləri anladıq, üzümüzə gülən dostların isə bu qardaşlığa qısqanclıqla yanaşmasını heç başa düşmədik. Cənubi Qafqazda qardaş dövlətin mövqeyini və təsirini inkar etmək ağılsız düşüncənin nəticəsi kimi diqqəti cəlb edir. Bu gün hər iki dövlətin və bir millətin bir yerdə olması zəruri hadisə kimi dəyərləndirilməlidir.  


- Ümumiyyətlə, Türkiyənin Cənubi Qafqazda təkbaşına Qərblə mübarizə aparmasını necə qiymətləndirirsiniz?


- Bu barədə konkret fikir söyləmək istəməzdim. Qərbdə əleyhimizə olanlarla yanaşı, bizi dəstəkləyən dövlətlər də var.  Ümumiyyətlə, Türkiyənin hərbi-siyasi, iqtisadi qüdrətini həzm etməyən qüvvələrin mövcudluğunu inkar etmirəm və onu da söyləmək məcburiyyətindəyəm ki, Türkiyə Respublikası ilə güc dilində danışmağı məsləhət görməzdim. Qardaş dövlətin öz qüvvəsinə inanaraq, bu və ya digər məsələ ilə bağlı öz mövqeyini ortaya qoyması alqışlanasıdır.


- Ermənistanın baş naziri Nikol Paşinyan açıq formada təxribatların törədilməsi əmrini verir. Gəncədə, Tərtərdə, Ağdamda mülki insanlar hədəf götürülür. Ancaq beynəlxalq ictimaiyyət bu məsələdə həmişəki susqunluğu göstərir. Sizcə, Ermənistan ordusunda canlı və texniki qüvvə tamamilə tükənərsə, Paşinyan hansı addımı ata bilər?


- Bu sualınıza qısa cavabımı bu cür ifadə edərdim: Ermənistanın baş nazirinin ağlı həqiqətən yerindən oynayıb. Miloşoviçin faciəvi sonunluğu onu da gözləyir. Buna heç bir şübhəniz olmasın.


- Ermənistanın Rusiyanın forpostu olması heç kimə sirr deyil. Sentyabrın 27-də cəbhədə müharibə başlayan kimi Paşinyanın Rusiya prezidentinə davamlı zənglər etməsi Ermənistanın çətin durumda olduğunu göstərir. Necə düşünürsüz, Rusiya sonuna qədər Ermənistana havadarlıqdan imtina edəcəkmi?

- Bu gün Ermənistanın iqtisadiyyatı tamamilə Rusiyanın əlindədir. Əgər Rusiyanın idarəçiliyində olan iqtisadi müəssisələr və zavodlar bağlanarsa, Ermənistanda hansı vəziyyətin baş qaldıracağını təsəvvür etmək çətin deyil. Ölkə tamamilə alt-üst olar. Odur ki, münasibətlərin pozulmasına forposta havadarlıq edən nə Rusiya, nə də Ermənistanın getməsi ağlabatan görünmür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...