Modern.az

Deputat Qalib Salahzadə: “Şeyxin məndən də başqa qudası var, niyə heç birinin adını çəkmirlər” - MÜSAHİBƏ

Deputat Qalib Salahzadə: “Şeyxin məndən də başqa qudası var, niyə heç birinin adını çəkmirlər” - MÜSAHİBƏ

6 İyul 2012, 18:18

”18 yaşım olanda mağaza müdiri idim”

”Göydə Allah var, onlara mütləq ya ev, ya da torpaq verilməlidir”

Modern.az saytı 27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı Qalib  Salahzadənin müsahibəsini təqdim edir:

- Deputatlıqdan əvvəlki fəaliyyətiniz nədən ibarət olub?

- Mən uzun müddət ticarət sistemində işləmişəm. 33 il ticarətlə məşğul olmuşam. 18 yaşım olanda mağaza müdiri idim. O vaxt Bilgəhdə cəmi  4 mağaza var idi. Onların  birinin də müdiri mən olmuşam. Xalq  Təsərrüfatı İnstutunun Sənaye iqdisadiyyatı fakültəsini bitirmişəm. 10 il  “Bilgəh zəfəran” sovxozunda direktor müavini olmuşam. Mənim fəaliyyətim camaatın gözü qarşısında olub.  Fəaliyyətimlə həmişə üzdə olmuşam.

- Seçkilərə qatılmağınız necə oldu?

- Mən seçkilərə 1995-ci ildə də qatılmışdım. O zaman hətta ikinci tura da keçmişdim. Sonra elə oldu ki,  seçkilərin nəticələrini ləğv etdilər. 1995-ci ildən sonra seçkilərə yenidən qatılmağa həvəsləndim. Həm də 5 il Bakı Şəhər Sovetinin deputatı olmuşam.

- Deyirlər parlament seçkiləri öncəsi heç seçki kampaniyası aparmamısınız, Peşəkar köməyinə ehtiyac duymamısınız…

- Kömək başqa deputatlara lazım ola bilər. Kürdəxanı, Balaxanı, Pirşağı, Ramana, Zabrat … bu  kəndlərin  adamları hamısı bir-birlərini tanıyır, kimin kim olduğunu çox yaxşı bilirlər.  Mənim deməyimlə deyil ki, mən elə, mən belə... Bu kəndlərdə nəinki məni, hətta ata-babamı da tanıyırlar. 30 il  bundan  əvvəl  necə  dolanmışamsa, onu da bilirlər. Nəsilimizin kimliyi hamıya məlumdur.
Namizədliyimi verəndə kəndlərin ağsaqqalı yığışıb gəldilər ki, sənə nə köməklik lazımdır?. Dedim ki, çox sağ olun, elə seçkilərdə iştirak edin,  bu, özü köməklikdir.

- Artıq 2 ilə yaxındır ki, deputat mandatı daşıyırsınız. Təmsil olunduğunuz rayonda gördüyünüz hansı mühüm işləri sadalaya bilərsiniz?

- Deputat nə iş görə bilər? Ancaq əhaliyə  kömək edə bilər.  Əhalinin  problemlərini lazımı yerlərə çatdıra bilər,  amma iş görmək başqadır. İş görmək odur ki, ya kiməsə ev tikəsən, ya yol çəkəsən. Bunlar başqa məsələdir. Bu gün dövlətimizin o qədər  imkanı  var ki, dövlət  qazı da, yolu da  özü çəkir.  Bu dəqiqə Bakı kəndlərində heç bir problem yoxdur.

- Seçicilərlə görüşlərinizi necə təşkil edirsiniz?

- Mənim köməkçim var.  Hər 10 gündən bir bütün kəndlərə məktəblərə, bələdiyyələrə, lazım olanda  vacib idarə və təşkilatlara  gedib, gəzirik. Kimin nə şikayəti var, deyir. Əvvəllər 5-10 dənə şikayət olurdusa,  indi o da yoxdur.  Belə problem yoxdur, xırda nəsə bir problem ola bilər.  Yəqin, bu da mənim bəxtimdəndir.

- Seçiciləriniz əsasən hansı məsələlərlə bağlı sizə müraciət edir? Məsələn, maddi yardım da istəyən olurmu?

- Nə yalan deyim sizə, maddi yardım  istəyən  bəlkə iki-üç dəfə olsun.  Heç indi o da yoxdur. Birdəki Bakı kəndlərinin sakinlərində qürur var.  Lap ehiyacı da olsa belə,  gəlib ağız açmazlar. Bakı kəndlərinin sakinləri  evində lap soğan-çörək yeyər, amma gedib ona-buna ağız açmaz. Bir az bundan qabaq zəng etmişdilər ki,  Pirşağıda “ikinci sovxoz”un ərazisində kanalizasiya borusu partlayıb.  Belə məsələlər olub, amma, durub zəng etsinlər, xahiş etsinlər ki, “mənə pul,çörək ver”, belə məsələlər yoxdur. Bu kəndlərin sakinləri belə məsələləri özlərinə sığışdırmırlar. Elə özləri öz problemlərin həll edirlər.

- Deputatın əsas funksiyalarından biri qanun yaradıcılığı prosesində iştirak etməkdir. Sizin qanun layihəsi hazırlayıb təqdim etməklə bağlı təşəbbüsünüz olub, yoxsa müzakirələrdə iştirakla kifayətlənirsiniz?

- Mən Regional komitənin üzvüyəm. Bizim sanballı, savadlı, hər məsələni bilən komitə sədrimiz  var. O özü hər şeyi həll edir. Bizə yalnız onun nöqsanlarını demək qalır.

- Namizəd olan vaxt deputatlar seçicilərinə bir çox vədlər verir. Bir deputat kimi  verdiyiniz vədlərdən hansıları yerinə yetirmisiniz?

- Mən onlara vəd vermişəm ki, nə probleminiz olsa, mən sizin yanınızdayam.  Mən də bu vədimə əməl edirəm.  Kəndlərə açıq–aşkar gedirəm,  kənd sakinləri də telefon nömrəmi əzbər bilirlər. Mən onlara  nə demişəmsə, onlara əməl edirəm. Yenə də deyirəm ki, Bakı kəndlərinin problemləri yoxdur. Problem olsun ki, həll edim..Yoxsa, yalandan nə deyim?

- 500 nəfəri öz şəxsi hesabınıza Həcc ziyarətinə göndərmisiniz. Göndərdiyiniz şəxslər Həcc ziyarətinə getmək üçün özləri sizə müraciət etmişdilər?

- Hələ bu dəqiqə də 500 nəfər adam növbədə var. Deyirəm ki, imkan olan kimi göndərəcəm.  Onlar gəlib, özləri müraciət ediblər. Burada mənim seçicilərimdən başqa, özgə adamlar da var. Deputat seçilməmişdən qabaq onları göndərmişəm. Bu qədər adamı bir dəfəyə göndərməmişəm..  Bu adamları 15 il ərzində göndərmişəm. 20, 30, 50 nəfər olmaqla növbə ilə göndərmişəm. Hər dəfə çalışmışıq ki, imkansız adamları göndərək.

- Bildiyimizə görə maddi imkanlarınız genişdir.  İndiyə kimi hansı xeyriyyə işləri görmüsünüz?

- Mən elə adamam ki, Allah mənə nə verir, ona da qane oluram. Biri bir qoyun kəsir, deyirlər ki, filankəs nəsə etdi. Kimə nə etmişəm, hamısını Allah bilir.  Hamısının da halal xoşları olsun. Allah mənə daha da imkan versin, mən də nə bacarıramsa, kömək edim. Adam verdiyini deməz.

- Xeyriyyəçiliklə bağlı qanunun qəbuluna ehtiyac varmı?

- Əgər qanun qəbul olunursa, onunla xeyriyyəçilik olmur axı. Xeyriyyəçilik insanın gərək canından, qanından gəlsin. Adam var ki,  onun görünüşündən  milyonerlik tökülür, o qədər üzündə nur var. Xeyriyyəçilik haqqında necə qanun qəbul oluna bilər? Adam var ki, imkanı  var, amma sənə çörək verməz, adam da var ki, bir çörəyi var, gətirib onu da sənə verər. Məncə, elə bir qanuna ehtiyac yoxdur.

- Sabunçu rayonunda hansı problemlər var ki, hələ də həllini tapmamış qalır?

- Sabunçu rayonunda böyük işlər  gedir. Yolları abadlaşdırırlar. Sabunçu-Zabrat yolunu abad  edirlər. Xırda problemlər var. Onlar da bizsiz həll olunur, dövlət özü güclüdür,  bunlar dövlət üçün problem deyil.

- Amma Sabunçu sakinləri yol problemlərindən şikayətlənirlər... 

 - Dedim axı, yollarla bağlı  problemler həll olunur, yollar genişlənir. Sabunçu –Zabrat,  Sabunçu-Maştağa yolu  böyük bir köməklik olacaq. Özü də o ərazilər mənim seçildiyim ərazilərdir.

- Sabunçu rayonunda Dövlət Neft Şirkətinə məxsus ərazilərdəki sənədsiz evlərin  sökülməsi ilə bağlı şirkət məhkəməyə müraciət edib. 2 ildir ki, məhkəmə prosesi davam edir.  Bu məsələlərlə maraqlanmısınızmı?

- Mən parlamentdə də dedim. Dövlət Neft Şirkətinin heç bir günahı yoxdur. Vaxtında torpaqları verən adamlardır günahkar. O vaxt  buruqların dibindəki neftli torpqaları satıblar. Birdə ki, nə qədər bələdiyyələrə xəritə verilməyib, öz torpaqlarının sərhədlərini bilmirlər, həmişə bu problemlər olacaq. Çünki Dövlət Neft Şirkəti açır xəritəsini, bələdiyyəyə göstərir. Deyir ki, mənim ərazim bu qədərdir, sən niyə mənim torpağımı tutmusan?  Bələdiyyənin xəritəsi yoxdur, ona görə də heç nə danışa  bilmilər. Bələdiyənin də xəritəsi olsa, o da deyər ki, bu qədər ərazi mənimdir. Ona görə də belə anlaşılmazlıq yaranır. Əgər Neft Şirkətinin xəritəsi varsa,  torpaq onundur. Elə bil ki, kimsə mənim həyətimdə ev tikib, mən neynəməliyəm? Məhkəməyə verməliyəm ki, bunu çıxart.

- Həmin sakinlərin aqibəti necə olacaq?

- Həmin evlər ki, orada qanunsuz tikilib, həmin evlərdə yaşayan adamlara mütləq kompensasiya verilsin. Biz vətəndaşlarımızı çölə ata  bilmərik ki, get necə yaşayırsan yaşa.  Bunlar bizim vətəndaşlarımızdır. Göydə Allah var. Onlara mütləq ya ev, ya da torpaq verilməlidir. Bunun əvəzini mütləq ödəmək lazımdır. 

- Sabunçuda məmur-vətəndaş münasibətləri barədə nə deyə bilərsiniz?

- Məmur -vətəndaş münasibətlərilə bağlı Sabunçu rayonunda elə bir problem yoxdur. Sabunçu rayonunda kim  istəyir icra başçısının qəbuluna keçə bilir,  nə sözü varsa,deyə bilir.

- Mətbuat əksər hallarda sizi daha çox “Şeyxin qudası” kimi təqdim edir. Buna münasibətiniz?

- Mən Bakıda tanınanda bilirdilər ki, mən kiməm. Sonra biz Şeyxlə dost olmuşuq,  dost olandan  sonra da qohum olmuşuq. Bəzi adamlar sataşmaqdan ötəri hay salır ki, Şeyxin qudası. O  adamlar düzgün tərbiyə görməyiblər. Şeyxin məndən başqa da qudası var, amma heç birinin adını da çəkmirlər. Heç bilirlər ki, onlar kimlərdir? Mən demək ki, sayılıb-seçilmiş kişilərdənəm ki, mənə bu yolla sataşırlar. Mənim xoşuma gəlmir ki,  kimsə mənə “Şeyxin qudası” deyə müraciət etsin. Bu yaxşı deyil. Adamı öz adı  ilə çağırarlar

- Milli Məclisdə kimlərlə dostluq edirsiniz?

- Siz soruşun ki, Milli Məclisdə kimlərlə dostluq etmirsiniz? Mən  onların hamısını Milli Məclisə keçməmişdən qabaq tanıyırıdım. Kimin adını çəkim? Amma köhnə dostum var, Hacı Madər. Onunla 1990-cı ildən bu yana dostluq edirik.  Ondan qabaq tanışlığımız olub, amma dostluğumuz  90-cı ildən başlayıb. O birilərin hamısı ilə dostam, amma onunla çoxdanın dostuyam. Milli Məclisdəki hamısı yaxşı adamlardır. 

- Bir millət vəkili kimi gənclərə tövsiyyəniz nədir?

- Bir millət vəkili kimi gənclərə tövsiyyəm, arzum da  budur ki, Azərbaycan dövlətinin arxasında möhkəm dayansınlar.  Heç vaxt xarici qüvvələrin  sözlərinə inanmasınlar. Zənn  etməsinlər ki, hansısa ölkədə kimlərsə gəlib, bizim problemimizi həll edəcək. Belə söhbət  yoxdur,  biz problemimizi özümüz həll etməliyik. Allah bizə elə bil prezident qismət edib ki, o, bizim üçün hər şey edir. Nə lazımdır edir. Gənclərimiz pis yollara  getməsin. Narkomaniyadan uzaq olsunlar, ailələrini möhkəm saxlasınlar, dövlətimizi  müdafiə etməkdə hazır olsunlar. Kişilərimiz kişi kimi, qadınlarımız qadın kimi dövlətimizi qorusunlar.
Ola bilər ki, hansısa  məmur səhvə yol verib, ola bilər iki, hansısa məmur düzgün hərəkət etməyib. Bunu prezidentə demək olmaz ki, prezident bunu belə edib. Hansı ata, hansı ana razı olar ki, evdə uşağının başı ağrısın. Dövlət də ailə deməkdir. Gənclər ancaq bir məsələni fikirləşsinlər ki, bu dəqiqə əsas problemimiz Qarabağ problemidir. Dünyanın harasında olsaq, bu problem bizimlədir, bizim ürəyimizdədir. Çox gözəl prezidentimiz var, Allah onun balalarını, nəvələrini  saxlasın, bizə də Azərbaycan xalqına da uzun ömür, cansağlığı versin. 

Nihadə Eyyubova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı