Modern.az

Bayrağımızın xarizması     

Bayrağımızın xarizması     

Parlament

9 Noyabr 2020, 11:43

“Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Ümummili Liderimiz Heydər Əliyev 

 

“Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda Dövlət Bayrağı kimi təsdiq edildi... Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının Dövlət Bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”. Prezident İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il ölkəmizdə 9 noyabr tarixi “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilir. Bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal və qələbə ideallarını simvolizə edir. Dövlət bayrağına hörmət və ehtiram, üçrəngli bayrağımıza olan məhəbbət və vətəndaş sevgisi hər bir azərbaycanlının Vətən qayğısına, fərdi məsuliyyətinə, milli duyğusuna çevrilmişdir. Türkçülüyü, Müasirliyi və İslam sivilizasiyasını təcəssüm etdirən bayrağımız dövlətimizin ideoloji modelinin məna və funksiyasını tamamilə ifadə edir, müasir Azərbaycan üçrəngli bayrağımız altında müstəqillik yolu ilə inamla irəliləyir, Bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda dalğalanmaqla daha əzəmətli görünür. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qanun qəbul olunmuşdur. Ulu Öndərimizin Bayrağımıza verdiyi dəyər onun fəlsəfəsini əks etdirir: “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”. Biz indi bu uzagörənliyin anlarını yaşayırıq.

 

Dünən uşaqlar yeniyetmələr, gənclər, yaşlı nəsil spontan şəkildə müxtəlif qruplarda əllərində bayraq küçələrə axışdılar. Bayrağımız Milli identikliyin simvoluna çevrilib. Havanın soyuq keçməsinə baxmayaraq, minlərlə insan sevinclərini bölüşürdülər. İnsan axının sürüəkliliyi gecə saatlarına qədər davam etdi. Şuşamız işğaldan azad olunub. Bayrağımızn fəlsəfəsi hər il, hər ay, hər gün yeni məzmun kəsb edir. Həm də kəmiyyət faktoru özünü biruzə verir. Görsənir ki, ayrıca “Bayraq fabriki” inşa etməyin vaxtı çatıb. 

 

Ölkəmiz zaman-zaman təhdidlərə məruz qalıb, torpaqlarımız işğal olunub.  Bu gün torpaqlarımızın işğaldan azad olunduğu anları yaşayırıq. Bundan böyük sevinc, bundan böyük ruh yüksəkliyi ola bilməz. Azərbaycan bayrağının ictimai-siyasi, fəlsəfi mənası daha şərəfli mahiyyət daşıyır. Artıq bayrağımız Qələbələrə şahidlik edir. Bayrağımızın altında Milli identiklik nümayiş etdiririk. Bayraq altında birləşmək bizə qürur verir və çox önəmlidir. Bundan böyük birlik yoxdur və ola da bilməz. Belə üzvi birliyin təməlində Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin sərkərdəlik qabiliyyəti, Xalq sevgisi, görkəmli siyasi xadim kimi praqmatik fəaliyyəti dayanır. Heç kim Azərbaycan Xalqının Birliyini sarsıltmaq gücündə deyil. 

 

Birliyimizin Paradiqmaları da möhtəşəmdir:

 

Qarabağ – Azərbaycandır!

Birlikdə güclüyük!

Eşq olsun Azərbaycan Əsgərinə!

Bayrağımız işğaldan azad olunmuş ərazilərimizdə dalğalanır!

Və Yaşasın Qüdrətli Azərbaycan! 

Dövlət Bayrağı Günümüzü Təbrik Edirəm.

 

 

Etibar Əliyev,

Milli Məclisin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?