Arxiv
15 Yanvar 2021, 11:09 | ANALİTİKA
Putin niyə “peyvənd nəhəngi” ola bilmədi?

Almaniyanın “Velt” (“Die Welt”) qəzetində prezident Vladimir Putin başda olmaqla Rusiya hakimiyyətinin apardığı təbliğat kampaniyasının əksinə olaraq “Sputnik V” koronavirus peyvəndinin istehsalında və ixracında ciddi uğursuzluqların baş verdiyi haqda məqalə dərc edilib. Məqalənin müəllifi  “Velt”in Moskva müxbiri Pavel Lokşindir. Məqalə “Putin – peyvənd nəhəngi” adlanır. Aydındır ki, müəllif “peyvənd nəhəngi” ifadəsini Rusiyanın məşhur “12 stul” filmində fırıldaqçı Ostap Benderin “Kisa” ləqəbli İppolit Vorobyaninovu təqdim edərkən dediyi “Fikir nəhəngi! Rus demokratiyasının atası!” sözlərinə eyham edərək, yəni istehza ilə işlədib.
Modern.az saytı Novator.az-ın almancadan tərcümə etdiyi məqaləni oxucuların diqqətinə çatdırır.


***

SSRİ-nin “Sputnik-1” adlı ilk süni peyki kimi Rusiyanın “Sputnik V” peyvəndi də dünyanı heyrətə gətirməliydi. 1957-ci ildə “Sputnik-1” orbitə buraxılanda Qərb öz texnoloji və hərbi üstünlüyünə şübhə etməyə başlamışdı.


2020-ci ildə “Sputnik V” peyvəndi də eynilə bu rolu oynayırdı. Həmin ilin avqustunda Rusiyada məşhur Qamaleya Mərkəzinin (N.F.Qamaleya adına Milli Epidemioloji və Mikrobioloji Tədqiqatlar Mərkəzi) hazırladığı “Sputnik V” peyvəndinin təxirəsalınmaz yardım məqsədilə istifadəsinə icazə verildi. Bununla da dünyaya car çəkildi – ruslar yenə birincidir!


Amma bir neçə ay sonra Moskvanın uğur hekayəti uğursuzluğa düçar olmağa başladı. Rusiya paytaxtında Misir, Braziliya, Nepal və Venesuela kimi ölkələrin 1,2 milyard doza həcmində peyvənd sifariş etməsindən danışırlar. Ancaq “Sputnik V” həmin dövlətlərdə lisenziya almayınca və oralara çatdırılmayınca bütün bunlar sövdələşmə variantından savayı bir şey deyil. Birinci olmaq azdır, onu çatdırmağı da bacarmaq lazımdır.


Və əczaçılığın bu sahəsində Rusiyanın çətinlikləri var. Rusiyanın sənaye və ticarət naziri Denis Manturov bu yaxınlarda “Rossiya 24” dövlət kanalının efirindən bəyan edib ki, artıq 2 milyon doza həcmində peyvənd istehsal olunub və bu, planın artıqlaması ilə yerinə yetirilməsi deməkdir. Nazirin sözlərinə görə, istehsalın bu həcmi ixraca da kifayət edir. Amma burada yalnız 500 min dozanın ixracından söhbət gedə bilər, çünki 1,5 milyon doza Rusiyanın özündə aparılan vaksinasiya üçün tədarük olunub.


ABŞ-ın əczaçılıq nəhəngi olan “Pfizer” şirkətinin Almaniyanın “BioNTech” şirkəti ilə birgə hazırladığı vaksinin artıq 50 milyon dozasını paylaşdırdığı haqda məlumatın fonunda Rusiyanın göstəriciləri qeyri-ciddi görünür. İlin sonuna kimi isə “Pfizer” və “BioNTech” şirkətləri o qədər də böyük olmayan şirkətlərlə geniş əməkdaşlıq sayəsində 1 milyard dozaya yaxın peyvəndi dünya boyu yayacaq. Moskvanın bu sahədə zəifliyi indi özünü açıq-aşkar büruzə verir. Kremlin verdiyi məlumata görə, bir neçə gün qabaq Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında baş tutan telefon söhbətində “birgə peyvənd istehsalının mümkün perspektivləri” də müzakirə olunub.


Amma Rusiya peyvənd ixracı sahəsində hər halda bir uğuruna istinad edə bilər. Milad bayramı ərəfəsində Argentina “Sputnik V” peyvəndini sertifikatlaşdıraraq tətbiq etməyə başlayıb. Argentina keçmiş sovet məkanından kənarda bu işi görən ilk dövlətdir. Lakin bu hadisə də qalmaqalsız ötüşməyib. Rusiyanın 68 yaşlı prezidenti Vladimir Putin yaşını əsas gətirərək peyvənd olunmaqdan imtina edəndən sonra Argentinanın 61 yaşlı prezidenti Alberto Fernandes də öz bəyanatlarına xilaf çıxaraq peyvənd vurduranların sırasında birinci dayanmayıb. Halbuki Argentina Rusiyanın hazırladığı vaksini təxirəsalınmaz yardım kimi, üstəlik, yaşlı insanların mənafeyini nəzərə alaraq təsdiqləyib.


Argentinaya “Sputnik V” vaksinindən cəmi 10 milyon doza çatdırılacaq. Çünki Argentina təkcə bir vaksinə söykənmək fikrində deyil. Bu ölkə “Oxford/AstraZeneca” peyvəndindən 22 milyon doza, “Pfizer”-“BioNTech” peyvəndindən isə ilkin olaraq 750 min doza almağı planlaşdırır.


Macarıstan istehsalın ləngiməsindən gileylidir


Rusiyanın digər potensial tərəfdaşları daha incik əhvaldadır. “Sputnik V”ə maraq göstərən Macarıstan Rusiyanı kifayət qədər istehsal gücünə malik olmamaqda qınayıb. Bu mövqeni Macarıstanın baş naziri Viktor Orbanın administrasiyasının rəhbəri Sergey Qulyaş ifadə edib. Rusiyadan Macarıstana göndərilmiş 6 min dozada vaksinin isə istifadə olunmamış qaldığı bildirilir. Rusiyada peyvənd istehsalını maliyyələşdirən Birbaşa İnvestisiyalar Fondu bu xəbərin yalan olduğunu bəyan edib. Fonddan bildiriblər ki, Macarıstan gələcəkdə də Rusiyadan peyvənd almaq niyyətindədir.


Rusiya Hindistan və Braziliya bazarına böyük ümid bəsləyirdi. Amma vaksin üzrə həlledici – üçüncü sınaq mərhələsini hələ də başa çatdıra bilməməsi Rusiyanın bu bazarda “Sputnik V”in lisenziya alması uğrunda apardığı yarışa ciddi əngəl törətməkdədir. Çinə gəlincə, o ümumiyyətlə daxili bazara peyvənd buraxmayacaq, yalnız ixrac edəcək. Braziliyaya “Sputnik V” hələ ötən ilin noyabrında gedib çıxmalı idi. Braziliyanın şimal-şərq ştatı olan Baiya ştatı Rusiyadan 50 milyon doza almaq istəyir. Eyni zamanda ştatdakı iki yerli şirkət bildirib ki, onlar rusiyalılarla birgə peyvənd istehsal edəcəklər. Amma bu işə razılıq verilməsi elə vaksinin çatdırılması qədər uzanır. Baiya indi Rusiyaya ümidli olmaqdansa üçüncü sınaq mərhələsini özü həyata keçirmək istəyir.


Rusiya Hindistanda yerli istehsalçılarla birgə ildə 300 milyon dozaya qədər vaksin istehsal etmək niyyətində idi. Bundan ötrü Rusiyaya 2020-ci ilin oktyabr ayında təxirəsalınmaz qaydada lisenziya veriləcəyi gözlənirdi. Ancaq Hindistanın tənzimləyici orqanları “Sputnik V”i qeydiyyata almaq əvəzinə bu vaksin üzrə əlavə sınaqlar aparılmasını tövsiyə etdilər. Rusiya Hindistanda “Sputnik V”in istifadəsinə 2021-ci ilin yanvar ayında razılıq verilməsinə çalışır, amma hindistanlı tərəfdaşlar məsələni yenə uzadırlar. “Sputnik V”in Hindistanda 2021-ci ilin ikinci rübündən tez lisenziya alacağı gözlənmir.


O biri yandan Hindistan artıq “Oxford/AstraZeneca” peyvəndinin tətbiqinə lisenziya verib. Hindistanın Peyvənd İnstitutunun “Covishield” adı altında hazırladığı yerli vaksinin istehsalına isə rəsmi lisenziya alınmamış, “etimad votumu” prinsipi əsasında başlanıb. Rusiya da öz vaksininə “etimad votumu” prinsipi ilə yaşıl işıq yandırılmasını istəyirdi, amma buna nail ola bilmədi.


Marketinqin aqressiv şəkildə aparılması, vaksinə hələ ikinci sınaq mərhələsindəykən təcili lisenziya verib diqqət cəlb etmək cəhdi, hədsiz tələskənlik, hətta peyvəndin adı – bütün bunların fəsadı indi üzə çıxır. Peyvənd məsələsində ona birinci kimin lisenziya verməsi önəm daşımır. Vacib olan vaksini beynəlxalq meyarlara uyğun, stabil, planlı şəkildə istehsal etmək, çatdırmaq, xüsusən də ona etimad göstərilməsinə nail olmaqdır.


Rusiya vəd etdiyi kütləvi peyvənd istehsalını həyata keçirsəydi, qabağa düşə bilərdi. Vur-tut bir neçə ay qabaq Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev söz vermişdi ki, ölkə 2020-ci ilin sonunadək 30 milyon doza vaksin istehsal edəcək. O zaman hətta sənaye və ticarət naziri Denis Manturov kimi məmur da başa düşürdü ki, bu, mümkün deyil.


Bununla belə Dmitriyev bu yaxınlarda “Rossiya 24” dövlət kanalına müsahibəsində deyib ki, vaksinin istehsalı və qeydiyyatı sahəsində yaranan problemlər Rusiyanın özü ilə əlaqəli deyil. O, problemləri dəbdə olan tezislə – xaricdə Rusiya peyvəndinə qarşı “informasiya müharibəsi”nin aparılması ilə izah edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Baku Steel Company”dəki qəza ilə bağlı AÇIQLAMA 13 Aprel 2021, 10:46 Zelenski: “Rusiya Ukrayna-Qərb münasibətlərini sınağa çəkir” 13 Aprel 2021, 10:41 Azərbaycan bu xarici universitetlərin diplomlarını tanımır - SİYAHI 13 Aprel 2021, 10:40 Təyyarəçi olmaq istəyən jurnalist - Osman Mirzəyev - FOTOLAR 13 Aprel 2021, 10:36 İlham Əliyev: “Azad etdiyimiz ərazilərdəki dağıntılar gözlədiyimizdən də artıq idi” 13 Aprel 2021, 10:32 Agentlik nöqsanlar aşkarlanan restoranı BAĞLADI 13 Aprel 2021, 10:28 “Sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur” - Vüqar Bayramov 13 Aprel 2021, 10:22 “Münaqişədən sonrakı inkişafla bağlı hələ çox məsələlər var” - Prezident 13 Aprel 2021, 10:17 Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq 13 Aprel 2021, 10:12 “Ramazan ayı ötənilki qaydalar çərçivəsində keçiriləcək” - Hacı Şahin 13 Aprel 2021, 10:06 Qafqaz Müsəlmanları İdarəsində seçkilər: gündəmdə deyil 13 Aprel 2021, 10:00 Prezident universitetdə çıxış edir - CANLI 13 Aprel 2021, 09:54 Ötən gün 8 koronavirus xəstəsi yaxalandı, 3 nəfərə cinayət işi açıldı 13 Aprel 2021, 09:48 DİM bu tarixlərdə 25 şəhər və rayonda buraxılış imtahanı keçirəcək 13 Aprel 2021, 09:42 Azərbaycanda yaşa görə pensiya alanların sayı AÇIQLANDI 13 Aprel 2021, 09:36 Niyaməddin Musayev xəstəxanadan evə buraxıldı 13 Aprel 2021, 09:30 Oruc tutmaq koronavirusa yoluxmaq ehtimalını artırır? 13 Aprel 2021, 09:24 Deputatlar bu gün 9 məsələyə görə TOPLAŞIR 13 Aprel 2021, 09:18 Neftin bahalaşması davam edir 13 Aprel 2021, 09:12 "İnstaqram"ın işində problem yarandı 13 Aprel 2021, 09:06 Çində koronavirusla bağlı SON VƏZİYYƏT 13 Aprel 2021, 09:00 Siyəzəndə 18 yaşlı qız su kanalında batıb 13 Aprel 2021, 08:52 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 13 Aprel 2021, 08:45 ABŞ-ın yeni Müdafiə naziri qadın olacaq 13 Aprel 2021, 08:38 Bir qrup jurnalist Cəbrayıl və Qubadlıya getdi 13 Aprel 2021, 08:30 Ürək krizi keçirən xəstəyə ilk tibbi yardım 13 Aprel 2021, 08:22 Çavuşoğlu ilə ABŞ-ın Dövlət Katibi arasında telefon danışığı olub 13 Aprel 2021, 08:15 Bu gündən MİQ üzrə növbəti onlayn müsahibələrə start verilir 13 Aprel 2021, 08:08 Toy mərasimi keçirmək istəyən 12 nəfər cərimələndi 13 Aprel 2021, 08:00 Xankəndidə ofis yeri yox, İcra Hakimiyyəti binası axtarılmalıdır... 13 Aprel 2021, 07:54 Azərbaycanda bu şəxslərin maaşı iki dəfə artırılır 13 Aprel 2021, 01:00 Hindistan Rusiya peyvəndindən də istifadə edəcək 13 Aprel 2021, 00:47 Türkiyə xüsusi təyinatlılarının gecə paraşütlə tullanma görüntüləri - VİDEO 13 Aprel 2021, 00:32 Teledərslərin bu günə olan CƏDVƏLİ 13 Aprel 2021, 00:16 Türkiyədə yeni yoluxmaların 85 faizini “Britaniya” ştammı təşkil edir - Nazir 13 Aprel 2021, 00:02