Modern.az

90 yaşlı Xalq şairi: “Mən ömürdən möhlət istəyirəm...” - MÜSAHİBƏ

90 yaşlı Xalq şairi: “Mən ömürdən möhlət istəyirəm...” - MÜSAHİBƏ

Ədəbi̇yyat

18 Fevral 2021, 15:57

Bu gün xalq şairi Nəriman Həsənzadənin 90 illik yubileyidir.

Nəriman Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu kəndində dünyaya gəlib. "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilən xalq şairi ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə "İstiqlal" ordeninə də layiq görülüb.


Yubiley təəssüratlarını Modern.az-la bölüşən Nəriman Həsənzadə göstərilən ehtirama görə ölkə başçısına təşəkkür edib:


- Mənim yaradıcılığıma yüksək qiymət verilib. Prezidentimiz tək məni deyil, bütövlükdə ədəbiyyatımızın, incəsənətimizin hamisidir. Biz isə borcumuzun öhdəsindən gəlməyə, vətənimizə xidmət etməyə çalışırıq. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqını oyatdı, birləşdirdi. Bunlar hamısı ölkə başçısının böyük xidmətidir. Şah İsmayıl Xətaidən bəri bizim torpaqlar hey əlimizdən  gedirdi. İndi Qarabağ azad olundu. Erməni faşistləri məhv edildi. Azərbaycanın intibahı başlayır. Vətənimiz yenidən qurulacaq. Mən ölkə başçısına minnətdaram ki, bu qədər gərgin vaxtda mənim yaradıcılığıma da qiymət verdi.


- Nəriman müəllim, yeni şeirləriniz, əsərləriniz olacaqmı?

- Mən Vətən müharibəsi dövründə bir neçə şeir yazmışam. “Respublika”, “Azərbaycan”, “Ədəbiyyat” qəzetlərində mənim şeirlərim çap olunub. Əsgərlərlə əlaqə saxlamışam, mənə teleqramlar göndəriblər, telefonla danışmışıq. Bunlar da çap edilib. Yeni pyes yazmışam – “Qarabağ Azərbaycandır, Qarabağnaməm İlhamdır”. Gənc Tamaşaçılar Teatrı pyes üzərində tamaşa hazırlayır. Azərbaycan Dövlət Televiziyasının həmin tamaşadan çəkilişinə bu yaxınlarda baxacağıq.  Vətən müharibəsi ədəbiyyat üçün böyük mövzular verdi. Onları yazmaya bilmərik.


- Necə düşünürsünüz, müharibə və ondan sonrakı dövr Azərbaycan ədəbiyyatında tam xarakterizə ediləcək?

- Şair “oyundan kənar” qala bilməz. Hər kəs öz istedadı imkan verən formada bunları yazmalıdır. Oxucular gözləyir.

Cənab prezident mənə böyük mükafat verib. Bu əslində böyük məsuliyyətdir.


- Nəriman müəllim, gənc şairlərdən kimi ədəbi irsinizin davamçısı hesab edirsiniz?

- Gənclər arasında çox gözəl, istedadlı insanlar var. Amma mənim gənc dediklərimin bəlkə də yaşı 60-a çatıb. Bəzən elə gənclərin şeirlərini oxuyuram ki, adlarını bilmirəm. “Azərbaycan”, “Ədəbiyyat” qəzetlərinin, “Ulduz” jurnalının səhifələrində şeirlərini oxuduğum gənclikdən razıyam. İnanın ki, çox gözəl gənclik yetişir. Elə müharibədə də gəncliyimiz, yenilməz ordumuzun əsgərləri qalib gəldi.

Ədəbiyyata indi elə gənc və savadlı nəsil gəlir ki... Mütaliələri güclüdür. Çoxlu xarici dil bilirlər. Mən inanıram ki, onlar bu günümüzü yazacaqlar.


- 90 illik yubileyinizlə bağlı tədbirlərdə iştirak edəcəksinizmi?

- Virus bitsin, havalar düzəlsin, mən özüm də görüşlərə qatılacam. Sualları cavablandıracam. Sovet dövründə oxucularla çox görüşürdük. Heydər Əliyevin vaxtında da ədəbi məclislər çox olurdu. Bizim cənab Prezidentimiz ulu öndərimizin irsini davam etdirir.


- Bəs yeni kitab sədası varmı?

- Bu günlərdə Türkiyədə kitabım çıxdı - “Sən bağışladın”. Mənə göndərdilər. Burada isə bir həftə bundan qabaq “Gözüm o gözlərdə qaldı” adlı kitabım çap olundu. 4 kitabım çapa hazırdır, mənim haqqımda yazılanlar, yeni şeirlərim, yazdıqlarım, müsahibələrimdir. Mən ömürdən möhlət istəyirəm ki, arzularımı həyata keçirə bilim.

Bu günlə bağlı əsər də yazmalıyam. Prezidentimiz Zəfər tariximizi yazdı. Biz isə bunu ədəbi işıqlandırğa davam edəcəyik.


- Qarabağla bağlı arzularınız maraqlıdır. İlk haranı ziyarət edəcəksiniz?

- Şuşaya getmək istəyirəm. Ağdama getmək istəyirəm. Televizorda görmüşəm ki, ermənilər oraları dağıdıblar. İmkan olarsa, yaxın aylarda gedəcəm. Qarabağlı dostlarım çoxdur. Dəvət edirlər.


- Gənclərdən danışdınız. Bildiyimə görə, şeirlərini oxuduqlarınız arasında Leyla Əliyeva da var. Leyla xanımın şeirləri sizə necə təsir edir?

- Leyla xanımın şeirlərini oxumuşam, rus dilindədir. Onu oxuyun, görəcəksiniz ki, çox orijinal və gözəl şairdir. Azərbaycan dilinə də tərcümə ediblər. O böyük istedaddır. Onu gözəl tanıyıram.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi