Modern.az

Talışda şəhid olan kəşfiyyatçının xanımı: “20 saat xəbər almayanda, anladım ki...” - FOTOLAR

Talışda şəhid olan kəşfiyyatçının xanımı: “20 saat xəbər almayanda, anladım ki...” - FOTOLAR

1 Mart 2021, 11:48

Azərbaycanın qələbəsi ilə bitən İkinci Qarabağ savaşı yüzlərlə qəhrəmanı bizə tanıtdı. Polkovnik-leytnant Elzamin Təhməzov kimi...

Kəşfiyyat rəisi Elzamin Kamal oğlu Təhməzov 26 oktyabr 1979-cu cu ildə Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. 23 il hərbçi kimi xidmət edib. Amerika, Almaniya, Pakistan, İraq, Sloveniya, Macarıstan,Türkiyə, Avstriya, Çexiyada keçirilən hərbi təlimlərdə Azərbaycanı təmsil edib, sülhməramlı qoşunların tərkibinqə qulluq keçib. Vətən müharibəsi başlayan zaman Murov və Suqovuşan istiqamətlərində gedən ağır döyüşlərdə bir çox erməni postlarının alınmasında, ön xəttin yarılmasında böyük sücaətlər göstərib.
Talış istiqamətində gedən döyüşlərin birində düşmənin mühasirəyə aldığl taborumuzu mühasirədən çıxarıb. Həmin döyüşdə minamyot mərmisinin yaxınlığa düşməsi nəticəsində şəhid olub. Şəhidin iki qız övladı yadigar qalıb.

Modern.az-ın əməkdaşı qəhrəmanın ömür-gün yoldaşı Günay Təhməzova ilə həmsöhbət olub.

“Elzamin bütün Azərbaycan xalqının itkisidir”

- Elzamin 1997-ci ildə Ali Hərbi Məktəbə daxil olub, 2001-ci ildə oranı bitirib. 23 il hərbi xidmətdə oldu hər an vətəni üçün canından keçməyə hazır idi. Hərbi təlimlər keçmək üçün xarici ölkələrə səfərləri olurdu. O, bizim üçün ölməyib, hələ də yaşayır. Ondan nə qədər danışsam, yenə də azdır... Elzamin bütün Azərbaycan xalqının itkisidir.



“Azərbaycan xalqına xoş gələcək arzulayırdı”

- Elzamin müharibə dövründə böyümüşdü, çox hadisələrin şahidi olmuşdu. Kəşfiyyatçı idi deyə hər zaman öz üzərində çalışırdı, nə isə yenilik etmək istəyirdi. O qədər işinə bağlı idi ki, biz ən önəmli günlərimizdə belə birlikdə ola bilmirdik. Hər zaman deyərdi ki, "Zəhmətkeş Azərbaycan xalqı xoş gələcək görsün".
Ölümündən öncə əsgərlərinə "Qəhrəmanlar can verər, yurdu yaşatmaq üçün" deyib, sonra bu sözlə olduqları hərbi hissədən cəbhəyə yola düşüblər. Hər zaman “mən nə üçün hazırlaşdığımı bilirəm” deyirdi. Elzamin kəşfiyyat rəisi idi, o, 23 il idi müharibəyə hazırlaşırdı. Müharibə başlamazdan öncə hərbi hissədə növbətçi idi, sentyabrın 26-sı evdən çıxanda dedi ki, "Günay, artıq məni çağırırlar". Uşaqlarla görüşdü və getdi. O getdikdən sonra qızım "Ana, atamın bizlə görüşünü heç vaxt unutmayacam" dedi, həqiqətən də heç vaxt unutmayacaq.

Sentyabrın 26-dan sonra əlaqə saxlayırdıq, amma çox az danışırdı, əsgərlərini o qədər qoruyurdu ki, bizimlə danışan zaman belə fikri əsgərlərinin yanında olurdu. Qışqırmaqdan səsi batmışdı, mən onu tanıya bilmirdim. Hər zaman bizə hər şeyin yaxşı olduğunu deyirdi, heç bir sözünü, yaşadığı, gördüyü hadisələri danışmırdı ,o, bir sirr olaraq köçdü həyatdan...


“20 saat ondan xəbər ala bilmədim”


- O qədər zəhimli insan idi ki, mən onu kimdənsə xəbər almağa çəkinirdim. Artıq 20 saat idi ondan xəbər ala bilmirdim, demişdi ki, “Günay, mənim telefonum sönə bilər, amma hardan olursa olsun, səni xəbərdar edəcəm”. 20 saat ondan xəbər gəlmədi. Sonra yoldaşlarının xanımlarına zəng vurdum... Elzaminin şəhid olduğunu bilirmişlər, amma mənə demədilər. Yenə də evdə otura bilmədim, düşündüm ki, kənd yerində yaşayırıq,  yoldaşımla eyni hərbi hissədə xidmət edənlər var, onların yanına gedib maraqlanmaq istədim, yolda mənə xəbər gəldi ki, getmə, 20 saat xəbər olmamasından və “getmə” sözündən başa düşdüm ki, artıq Elzamin şəhid olub.
Elzamin məni ona heç nə olmayacağına o qədər inandırmışdı ki, başqa şeylər düşünmürdüm.
Yoldaşımın cənazəsini qapımıza gətirmişdilər, amma mənim hələ də xəbərim yox idi, deyə bilmirdilər...

Onun üçün o qədər darıxırdım ki, şəhid olduqdan sonra yuxuma gəlib dedi ki, "Günay, mən Əliyar Əliyevin yanındayam, narahat olma".



“Ən böyük arzusu Qarabağın işğaldan azad olunması id”.
 

- Hər zaman deyirdi ki, "Allah bizə milli qeyrət versin, düşmən tapdağı altında olan torpaqlarımızı geri alaq". 
Şuşa azad olunan zaman oradan torpaq gətirib Elzaminin məzarı üstünə tökdüm ki, ruhu şad olsun, bilsin ki, illərdir həsrətində olduğu torpaqlar azaddır.
Mənim ən böyük arzum isə, Elzamin şəhid olduğu yeri görüb o yeri öpməkdir.


“Qızları ilə nəfəs alırdı”

- Onun mənə əmanət etdiyi iki qız övladı var. Balaca qızımız Elzamin şəhid olandan sonra depressiyaya düşdü, tamamilə dəyişdi. Amma mən ağlayan zaman hər iki qızım yanıma gəlib deyirlər ki, "ana, ağlama, atamız ölməyib şəhid olub, o bizi görür". Hər zaman qızlarını mənə tapşırırdı, deyirdim ki, bu qədər tapşırma uşaqları, sanki hiss edirdi hər şeyi. Nəfəsi belə qızları ilə alırdı, çox bağlı idi övladlarına. Bilirdi ki, böyük qızı güclüdür, özü kimi güclü böyütmüşdü onu, ən çox balaca qızını tapşırırdı, “Aysel sənə əmanətdi” deyirdi. Gedəndə də dedim ki, “Elzamin, Ayseli düşün, onun sənə ehtiyacı var”... Bizi bir-birimizə tapşırıb getdi.


“Qızlarının hər ikisini həkim görmək istəyirdi”

- Qızlarını oxutmaq üçün əlindən gələni edirdi, “nə olursa olsun, qızlarım savadlı olacaq” deyirdi. Balaca qızına o qədər qıymırdı, deyirdi "Aysel, kaş sənin yerinə mən oxuya bilərdim". Hər zaman şükr edirəm ki, Elzamindən mənə iki gözəl övlad qalıb. Həmişə özünə də deyirdim ki, bu evdə bir yox, üç Elzamin var. Onlar mənim ən dəyərlilərimdir.


“Elzamini forma ilə gördükdə qürur hissi keçirirdim”

- Çox zəhmətkeş insan idi, heç vaxt evinin yükünü kiminsə üzərinə yıxmazdı. İşi çox ağır olurdu, hər zaman evi ilə işi arasında qalırdı. Heç vaxt deməzdi ki, işdən gəlib, yorğundur. Evə gələndə uşaqlara deyirdi ki, “sizi parka apara bilmirəm, özüm sizin üçün park düzəldəcəm”. Uşaqları üçün hər şey edirdi, mahnı da oxuyurdu onlara. Biz çox əziyyətlər çəkmişik. 15 il evli olmuşuq, amma xoş günümüz çox az olub. Bayramlarda belə əsgərlərini düşünürdü, bayramı əsgərləri ilə keçirirdi, səhəri gün evə gəlirdi.
Elzamini forma ilə gördükdə onunla qürur duyurdum, düşünürdüm ki, hərbi forma ən çox mənim yoldaşıma yaraşır. Mənim ən xoş günüm övladlarım dünyaya gələndə olub, amma hər ikisində də Elzamin mənim yanımda olmayıb. O qədər ağır bir yükü daşıyırdım, amma yenə də onu görəndə hər şey dəyişirdi. Xoş günlərimiz çox olmasa da, o hər zaman bizim yanımızda olmağa çalışırdı.
Heç vaxt unutmayacağım gün isə övladlarımızın doğulmasından 10 gün sonra Elzaminin gəlib onları qucağına alması idi. Çox gözəl sevgi hissi ilə övladlarını qucağına alıb.



“Cismən bizdən ayrılsa da, ruhən yanımızdadır”


-
Elzamin bizi heç kimə möhtac etmədi. Heç vaxt bizim dərdimizi kiminsə üstünə tökməzdi. Yorğun da olsa, gecə də olsa hər bir işimizi özü görürdü. İndi də qızlarımla öz evimizdə yaşayırıq. Ailələrimiz də dəstək olmağa çalışırlar, çox sağ olsunlar. Elzamin övladlarımızı mənə əmanət edib, onları oxudub böyütmək mənim həm analıq, həm də atalıq borcumdur. Elzamin cismən bizim yanımızdan ayrılsa da, ruhən yanımızdadır.
 

“Onun adını özümüzə soyad götürdük”

- Onun üçün otaq hazırladıq. Kənddə Elzaminin adına bulaq tikildi. Bundan sonra hər şeyi onun adına, özünə layiq edəcəyik. Yazıçı Elxan Elatlı çox sağ olsun, yeni çıxacaq romanında Elzamini dedektiv Qamboy Qasımlının dostu kimi qələmə verib. Bir zabit kimi onun həyatından, bizdən qısaca bəhs edəcək. Gələcəkdə Elzamin haqqında kitab dərc olunacaq.

Uşaqlar istədi ki, atalarının adlarını soyad götürsünlər, indi biz hamımız Elzamin soyadını daşıyırıq. Ona yaxın olmaq, ruhunu şad etmək üçün... Çsnki biz bilirik ki, o, bizim yanımızdadır.

Mehri QURBAN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...