Modern.az

Koçaryanı dəstəkləyən Moskvanın Azərbaycanla bağlı bədnam planları - ŞƏRH

Koçaryanı dəstəkləyən Moskvanın Azərbaycanla bağlı bədnam planları - ŞƏRH

5 Mart 2021, 09:40

“Ağır hərbi məğlubiyyətinin ardınca Ermənistanda yaranmış ictimai-siyasi xaosun daxilində müəyyən istiqamətlər artıq görünməyə başlayır. Bu gün əsas 2 xətt görünür ki, onların da hər ikisi revanşist platformanı təmsil edir: şərti olaraq, "Koçaryan-Manukyan bloku" və ordu generalitetinə meylli görünən ultra faşist "Sasna Tsrer" partiyası”.

Modern.az-ın məlumatına görə, bu fikirləri politoloq Ərəstun Oruclu Ermənistanda yaranmış vəziyyəti və Qarabağ məsələsi ətrafında cərəyan edən prosesləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, son günlər Rusiya mediasının diqqət mərkəzindən düşməyən və dünən keçirdiyi mətbuat konfransında özünü əvvəlkindən daha inamlı göstərməyə çalışan keçmiş prezident, cinayətkar Robert Koçaryan faktiki yeni müharibə anonsu verdi.

“Belə görünür ki, Ermənistandakı revanşistlər vəziyyətdən sona qədər yararlanmağa çalışacaqlar”.

Ə.Oruclunun fikriuncə, belə sonluğun variantlarından birinin də yeni müharibə ola biləcəyini nəzərdən qaçırmamalıyıq.

“Koçaryanın bəyanatları başqa hadisələrlə uzlaşmasaydı bunları adi bir revanşistin sərsəm populist ritorikası kimi də qəbul etmək olardı. Amma onu dəstəkləyən Moskvanın "sülhməramlılarının" Qarabağdakı ardıcıl, sistemli fəaliyyəti bizdən məsələyə ciddi yanaşma tələb edir.

Ermənistanın əlilə Qarabağda müharibəni təhrik etmiş Moskva onun (44 günlük müharibənin) nəticəsində əldə etmək istədiklərinin ən azı ikisinə tam nail ola bilməyib: Yaxın Şərqə aparan quru və dəmir yollarına tam nəzarəti ələ keçirməyə və Paşinyanı hakimiyyətdən devirməyə. Bunlara qısa zamanda nail olmağın yolu isə növbəti müharibədən keçir”.

Politoloq deyir ki, zaman Rusiyanın əleyhinə işləyir və bu səbəbdən də Kreml hər iki vəzifəyə qısa zamanda nail olmağa çalışır:

“Əks-təqdirdə 2-3 aydan sonra buna cəhd etmək belə mənasız olacaq. Amma darmadağın edilmiş Ermənistan ordusunun əlilə yeni müharibəyə start vermək də yüksək risklər doğura bilər. Belə situasiyalar üçün də Rusiyanın hazır reseptləri var.

Onlardan biri Azərbaycan Ordusunun Rusiya "sülhməramlılarına" hücumunu imitasiya etmək (və ya ölkəmizi "terrorçular" məsələsində olduğu kimi açıq şərləmək), digəri isə Ermənistan qoşunları adı altında öz silahlı qüvvələrini Azərbaycana qarşı birbaşa döyüşlərə cəlb etmək.

Lakin bu iki variant da Moskvaya 100%-li uğur vəd etməyə bilər və elə bu səbəbdən də Rusiya Azərbaycana qarşı start verdiyi hibrid müharibənin digər komponentlərini daha da gücləndirməkdədir. Bu, ilk növbədə həmin müharibənin informasiya komponentinin daha intensiv fəaliyyəti və “5-ci kolon”un təxribatlarının, sabotajlarının daha da gücləndirilməsidir.

İctimai təpkilərlə üzləşən “5-ci kolon”un fəaliyyət metodları da dəyişdirilib. Belə ki, əvvəl açıq təxribatlar törədən bu şəbəkə indi daha çox sabotajlara keçib. Bunların ən başlıcası isə müxtəlif dövlət və hakimiyyət orqanlarına qabiliyyətsiz, səriştəsiz kadrların yerləşdirilməsidir ki, onların da vura biləcəyi ziyanı təsəvvür etmək çətin deyil.

Odur ki, indiki mərhələdə əsas vəzifələrimizdən biri dövlət və hakimiyyət orqanlarına, xüsusilə də ölkənin silahlı qüvvələrinə yerləşdirilən bacarıqsız, qabiliyyətsiz və savadsız kadrları zamanında aşkarlayaraq ifşa etmək olmalıdır. Bundan başqa ölkənin işğaldan azad olunmuş ərazilərində yerləşən ordu hissələri gücləndirilməli, onların təhcizatı bir nömrəli vəzifəyə çevrilməlidir.

Bundan başqa dövlət və hakimiyyət orqanlarında kök salmış korrupsioner, oğru məmurların orduya, qazilərə və şəhid ailələrinə məqsədli sayğısız münasibətinin qarşısı ən sərt şəkildə alınmalıdır. Növbəti vəzifəmiz hərbi və siyasi müttəfiqlərimizlə əlaqə və əməkdaşlığımızı intensivləşdirmək olmalıdır.

Gecikməyə və düşmən(lər) tərəfindən qəflətən üstələnməyə haqqımız yoxdur, çünki bunun nəticələri ordumuzun bundan əvvəlki savaşda əldə etdiyi hərbi uğura ciddi xələl gətirə bilər.

Bütün bu, işlərdə də hər kəs fəal olmalıdır, çünki Vətən Müharibəsi hər birimizin savaşıdır”.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub