Modern.az

Əvəz Ələkbərov: “O adamlar cənab Prezidentlə mənim arama girdilər” - MÜSAHİBƏ

Əvəz Ələkbərov: “O adamlar cənab Prezidentlə mənim arama girdilər” - MÜSAHİBƏ

Müsahibə

14 Sentyabr 2012, 12:20

Sabiq maliyyə naziri: “İstəyərdim ki, cənab Prezident komandanı yeniləşdirsin”


Uzun müddət yüksək vəzifələrdə çalışmış sabiq maliyyə naziri Əvəz Ələkbərov vəzifədən çıxarılandan 6 il sonra ilk dəfə mediaya - Modern.az saytına geniş müsahibə verib. Eks-nazirlə söhbəti təqdim edirik

- Əvəz müəllim, ucqar kəndlərdən gəlib ölkə miqyasında özünə yer tutmaq asan məsələ deyil. Bu mənada sizin keçdiyiniz həyat yolunu bilmək istərdik. Karyeranı necə əldə etdiniz?

- Deyim ki, atam bir valideyn kimi bizi çox yaxşı tərbiyə edib. O hər zaman deyərdi ki, mən sizə bir valideyn kimi verə biləcəklərimi azda olsa  vermişəm.  Artıq bundan sonrası özünüzə qalıb. Perspektivli olmaq istiyirsinizsə, kitablardan bərk-bərk yapışın. Buna görə də o zamandan kitabların həyatımda önəmini başa düşmüşdüm. O hər zaman ona ümidli olmağımızı tövsiyə edərdi. Deyərdi ki, əgər mənim kimi fəhlə olmaq istəyirsinizsə, elə indidən bu işə başlayın. Mənə böyük qardaşım çox böyük dəstək olmuşdu.Böyük qardaşım çox savadlı və bacarıqlı insan idi.  O, Xüsusi Maşınqayırma və konversiya Komitəsinin sədrinin birinci müavini işləyib. Orta məktəb dövürlərimdə mən jurnalist olmaq istəyirdim. Müəyyən mənada şeiryyata da həvəsim var idi. Amma o dövrün öz problemləri var idi. Mənə dedilər ki, sənin jurnalistkaya qəbul olmaq ehtimalın sıfırdır. Bura vəzifəli və seçilən şəxslərin  uşaqları  qəbul olunur. Sən vaxt itirmədən öz fikrini dəyişməlisən. Mən belə də etdim. O vaxtı sənədlərimi Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna  verdim və heç bir maneəsiz qəbul olundum.

- Tələbəlik dövrünüz necə keçib?  

- Mənim tələbəlik illərimlə bağlı çox gözəl xatirələrim var və bu  illərim çox maraqlı keçib. Orta məktəbdə oxuduğum zaman heç vaxt özümü birinci şagird deyil, hər zaman ikinci-üçüncü sayardım. Amma institutda mən əlaçı tələbə olmuşam. İmtahanların 50-60%-ni eksterni verirdim. Bileti çəkib, fikirləşmədən cavab verirdim. Hətta seminar müəllimləri məni tanıyırdılar. Elə olurdu ki, verəcəyim cavabları dinləmədən “əla” qiymət yazırdılar. Buna baxmayaraq,  mən institutu qırmızı diplomla bitirməmişəm. Siyasi iqtisad fənnindən mənə dərs deyən, çox da sevmədiyim bir müəllim mənə üç yazmışdı. O mənə deyirdi  ki, sənin bu institutda “dayın” ortaya çıxmasa sənə yüksək qiymət yazmayacam. İnstitutda heç bir yaxınımın olmadığını deyəndə, mənə üç yazacağını söyləmişdi. O vaxtı mən Mübahisə Komissiyasına və rektorluğa müraciət edib bu qiymətimi düzəldə bilərdim. Amma bunu etmədim. 

- İnstitut dövründə necə yaşayırdınız, sizə göndərilən pul yaşayışınız üçün yetərli idimi?

- İnstitut dövründə əlaçı olmuşam və yüksək təqaüd almışam. Axşamlar Bakı Şəhər texniki inventarizasiya bürosundan çertyoj işləri götürürdüm. Təxminən 70-80 rubl da oradan alırdım. Yaxşı yadımdadır, instituta qəbul olub Bakıya gələn zaman atam mənə xərcləmək üçün 400 rubl vermişdi. Mən bu pulu yanvar sessiyasını bitirib kəndə gedəndə ona qaytarmaq istəyəndə, çox pərişan olduğunu hiss etdim. Buna görə 100 rublu götürdüm. Fikirləşirdim ki, evdə uşaqlar var, onları dolandırmaq asan deyil. Qalan 300 rublu atama qaytardım.

İnstitutu bitirəndən sonra mənə orada iş təklif etdilər. Mən bunu qəbul etmədim. Aspiranturaya daxil ola bilərdim. Amma bu zaman müəyyən məişət problemləri vardı.  Ev məsələsi həll olunmamış qalırdı.  Quru müəllimlik, alimlik dərəcəsi kimə lazım idi. Ona görə də mən istehsalatı seçdm. Sonra əsgərliyə getdim, leytenant rütbəsi aldım. O zaman mənə Belarusiya Daxili İşlər Orqanında  İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işləmək təklifi də oldu. Bunu da qəbul etmədim. Fikirləşdim ki, burada qalıb vətəndən uzaqlarda işləmək nə dərəcədə perspektivlidir?Daha sağlam bir mövqe tutmaq istədim. O zaman Bakıda Kəndtikinti Nazirliyinin tikinti quraşdırma tresti var idi və orada iki min işçi çalışırdı. Bu trestdə iqtisadçı,  böyük iqtisadçı, Plan şöbəsininn müdiri, iqtisadi məsələlər üzrə müdir müavini kimi vəzifələrdə çalışdım. Mənim artıq 27-28 yaşımda xidməti maşınım var idi. Sonra Nazirlər Sovetində işlədim. O zaman məni Maliyyə Nazirliyinə işə dəvət etdilər. Gündəlik dolanışıq məsələlərim, həm də maaşım  yaxşı olduğunu görə düşündüm ki, bura aparat işçisi kimi getməyin heç bir əhəmiyyəti yoxdur.

Nazirlər Kabinetində baş  referent işləyirdim. İki ildən sonra on beş işçi arasından seçildim və şöbə müdirinin müavini oldum.  Sovetlər İttifaqı dağılandan sonra artıq yeni iqtisadi modellərin tətbiqi ortaya çıxdı. Vətəndaşların pensiya və müavinətlərin maliyyələşməsi artıq büdcədən deyil başqa cür həll edilməli idi. Ona görə də Azərbaycanda pensiya fondu yaratmaq məsələsi gündəmə gəldi. Heç kim bu vəzifəyə gəlmək istəmirdi. O vaxt hər şey dövlət mülkiyyətində idi, özəl sektor formalaşmamışdı. Sosial sığortaya ayrılmalar şəklində pullar yığılmalı idi. Pensiya,  müavinət ödənilməli, qanunvericilik bazası hazırlanmalı idi. Əhalinin aztəminatlı hissəsində problem yaranmamalı idi. Təsəvvür edin ki, iqtisadiyyatın gərgin və böhran vaxtı  nə qədər böyük problemlər yaranmışdı. Mən o vaxtı bütün yarana biləcək problemləri nəzərə alaraq, Azərbaycan baş naziri Həsən Həsənova müraciət etdim. O da mənim bu müraciətimi nəzərində saxlayaraq  aidiyyatı üzrə müraciət etdi və nəticədə məni Pensiya Fondunun sədri təyin etdilər. Biz fəaliyyətə başlayanda işləmək üçün yer də ayrılmamışdı. O zaman mehmanxanada 10 otaq kirayələdim. Bu işdə banklar da mənə kömək göstərmirdi. Demək olar ki, o vaxt bu işləri  3-4 aya minimal şəkildə həll etdim. Vaxtında pensiya, müavinətlər maliyyələşməyə başladı. Sistem yarandı və 50 nəfərdən ibarət mərkəzi aparat qurdum. Bütün rayonlarda təqribən on nəfərdən ibarət şöbələr yaratdım. Sosial sığortanın 19,5%-i  Həmkarlar İttifaqında, 80,5%-i isə bizim fondda idi. Həmkarlar bu işi görməkdə çətinlik çəkirdilər. Mən də təklif etdim ki, bunu birləşdirək və vahid bir fond yaradaq. Adını da qoyaq Dövlət Sosial Müdafiə Fondu. Mən bu təkliflə çıxış etdim, fikirlərimi dəstəklədilər və məni də sədr təyin etdilər. Təqribən 9 il orada işlədim. O zamanlar Ulu öndər məni iqtisadi iclaslara dəvət edir, çıxışlarıma diqqət yetirirdi. Onu da qeyd edim ki, o Naxçıvanda Ali Məclisin sədri olarkən, Naxçıvana etdiyim köməyi görmüşdü.

O vaxtlar pensiya, müavinətlə bağlı birinci Naxçıvana kömək edirdim. Ona görə də mənə çox təkliflər oldu. Milli Bankın İdarə heyətini sədri, iqtisadi inkişaf  naziri, xarici-iqtisadi əlaqələr naziri kimi mənə çox vəzifələr təklif olunurdu. Amma mən vəzifəyə getməyə heç vaxt tələsməmişəm. Düşünülmüş, dərin bir təklif olsa, hər zaman hazır idim.Belə bir düşnülmüş təklifi mənə Heydər Əliyev 11 iyul 1999-cu ildə etdi və maliyyə naziri təyin elədi. Mən o nazirlikdə çox böyük işlər görmüşəm. Beynəlxalq təşkilatlar: Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, hətta məmurlar da bütün bunların şahididir. Maliyyə Nazirliyində mən gələnə qədər problemlər, konfliktlər baş alıb gedirdi, qanunvericilik əsasları zəif idi. Amma bütün bunlara baxmayaraq bu problemləri aradan qaldırdım və çox səviyyəli bir nazirlik yaratdım. Nazirlikdə o vaxt oturmağa normal bir şərait yox idi. İnternet xətti, hətta nazirliyin saytından belə söhbət gedə bilməzdi. Bunların hamısını mən yaratdım. Xəzinənin avtomatlaşdırmasını biz həyata keçirdik, beynəlxalq mühasibat uçotu standartlarını gətirdik. 1998-1999-cu ildə parlamentə təqdim olunan büdcə zərfinin həcmi 51 səhifə olub. Yəni rəqəmlər və ona müvafiq hesabat materialları, yazılı izah da daxil olmaqla cəmi 51 səhifə. Amma mən onu 1000 səhifə etdim. Keçən ilin hesabatı, gələn ilə proqnoz rəqəmlər təsdiq olunmaq üçün qarşıdakı iki il və bunula bağlı təsnifat məsələləri, şəffaflıq elementləri  ilə parlamentə  göndərirdik. Bütün deputatlara qovluqlar, çantalar verilirdi. Parlamentdə mənim olduqca çox böyük çıxışlarım olub. Nazirlər Kabinetinin hesabatı olanda hökümət hesabat verirdi, ancaq mən bu işlərdə çox fəallıq edirdim. Baş nazir deyirdi ki, sən olmasan iclas alınmayacaq. Milli Məclisin sədri bütün sualları mənə yönəldirdi. İlk “Sosial sığorta haqqında” və “Büdcə sistemi haqqında” qanunların müəllifiyəm. 

- Bütün bu kariyeranı yalnız çalışqanlıqla əldə etmisiniz?

- Hər halda mən bütün dünyada gedən prosesləri bilirəm. Dünyanın 40-dan artıq ölkəsində olmuşam. Çox maraqlı insanlarla tanış olmuşam. Prezidentlər, , baş nazirlər, maliyyə nazirləri Mərkəzi Bankın sədrləri ilə görüşlərim olub. Çalışqanlıq gec-tez özünü göstərməlidir. İqtisad elmlər doktoru kimi onu deyirəm ki, xaricdə oxuyan tələbələrə və onlara yaradılan şəraitə çox böyük ehtiyac var. Gələcək onlarındır, əsasən də onların içərisində zəhməti çox sevənlərindir. Övladlarımla aramda bəzən bu məsələlərə görə diskusiyalar olur. Onlara daha da çox çalışmaları üçün yol göstərirəm.

- Vəzifədə olarkən yəqin ki, qohum-qardaşa vaxt ayıra bilməmisiniz. Sizin fikrinizcə, bu baxımdan onlar indi incik deyillər ki?

- Bizim qohumlar zəhmət verməyən və normal insanlardır. Onlar çalışıblar ki, hər zaman məni qorusunlar. Onların hamısının öz işləri olub, böyük qardaşım isə yüksək vəzifə tutub. Deyə bilmərəm ki, onlar məndən narazıdırlar. Amma zaman-zaman deyirlər ki,  gərək bu işi də görəydin. Amma deyirəm ki, mənim idealogiyam budur, bundan artıq heç nə edə bilməzdim. Deyirəm ki, Allah məni bu cür yaradıb və mən də bu qədər sizlərə kömək edə bildim. Hər biri zəhmətkeş, sağlam adamlardır, hamısı ali təhsilli insanlardır. Cəmiyyətə fayda verənlərdir.

- Cəmiyyətimizdə “nazir balaları” obrazı var. Onların arasında sizin övladlarınız görünməyib. Sizin övladlarınız nə ilə məşğuldurlar?

- Cəmiyyəti narahat edən suallardan biri də budur. Bizim ailədə təlim-tərbiyə belə olub ki, heç kim qoyulan sərhəddi aşmamalıdır. Mən oğluma maşın alanda o  bahalı maşın almağımı istəyirdi.  Əsas gətiridi ki, başqalarında “bu var, o var”, mən də ondan istəyirəm, mənim maşınım da elə olmalıdır”. Mən də qarşılığında demişəm ki, “siz kimdə o maşından görübsünüzsə, gedin o insanın övladı olun. Mənim övladımsınızsa, hər şey minimum səviyyədə olacaq”. Vaxt, zaman keçdikcə onlar məni daha yaxşı başa düşdülər və hiss edirdilər ki, əslində onları düz yola çəkmişəm. Bir dəfə Bakı şəhər yol polisinin rəisi Həsən Şirinovla  bir yerdə olan zaman mənə dedi ki, bütün imkanlı uşaqlar barədə onda məlumatlar  var. Amma sizin övladlarınız barədə bir  mənfi məlumat belə  yoxdu. Mən də ona elə qazancımın bu olduğunu söylədim. Tərbiyə barədə övladlarımdan çox razıyam, amma çalışqanlıq barədə tam razı deyiləm.

- Bəlkə övladlarınızın sizin yolunuzu davam etdirmələrini istəyirsiniz?

- Xeyr, onların mənim kimi olmalarını istəmirəm. Onların heç olmasa 60 %  Əvəz Ələkbərov olmalarını istəyirəm. Onlar bəzən deyirlər ki, bir  restoranımız olsaydı işlədərdik. Deyirəm, mən sizə təhsil verib, yaşamaq üçün şərait yaratmışam. Sağlam şərait istəyirsinizsə, banklardan kredit də götürə bilərəm, amma gərək bu işləri edə biləsiniz. Mənim biznes biliyim az olduğuna görə, bu işlərə risk edə bilmərəm. Çünki bilirəm ki, bu işlər məndə alınmayacaq.  Olan imicimizi də itirə bilərik.

- Sabiq vəzifə sahibləri müxtəlif biznes işləri ilə də  məşğul olurlar. Sizdə bu mənada hansısa bir sahibkarlıq fəaliyyətiniz varmı?

- Mən  heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışam. Heç bir vaxt bunun barəsində də düşünməmişəm. 1996-cı ilə qədər bizim özəl bir “Aypara Bank” adlı bankımız olub. Bu bankın təsisçisi və Müşahidə Şurasının sədri də özüm olmuşam. Bank özünü doğrultmadığına görə, Mərkəzi Banka (o zaman Milli Bank idi) sənədləri göndərdim və nəticədə bu bank bağlandı. Mənim 1996-ci ildən sonra hər hansı satış mərkəzim, özəl sektorum olmayıb. Bəlkə də bu yaxşı deyil, amma mənim bacarığım da bu qədərdir.

- Siz uzun müddət vəzifədə çalışmısınız və təbii ki, elitar təbəqə ilə uzlaşmısınız. Sirr deyilsə, bu gün dolanışığınız necədir?

- Mən bu haqda açıq danışa bilərəm. Desəm ki, mənim maddi vəziyyətim əladır, düzgün olmaz. Sadəcə olaraq, biz cəmiyyətdə utanmamaq üçün vəziyyətdən çıxırıq.  Evimi və avtoqarajımı kirayəyə vermişəm. Həyat yoldaşım və övladlarım işləyir.  Çox bahalı kostyumlar və dəbdəbəli əşyalar almağa imkanım yoxdur. Bu gün həyatda insana yaşamaq üçün nə lazımdırsa varımdır, mənə şəxsi təyyarə lazım deyil. Kimsəyə minnət etmərəm ki, mənə kömək etsin. Ulu öndərimiz mənə dörd otaqlı ev verib. Övladlarımın öz evləri var. Mən yaşam tərzində kimsədən fərqlənmək istəmirəm. Fiziki əməyi çox sevdiyimə görə vaxtımın çox hissəsini bağda keçirirəm. Çox vaxt fəhlədən belə seçilmirəm.

- Adətən kişinin karyerasında xanımının da böyük rolu olur. Bu dəstəyi görmüsünüzmü?

- Ailədə gedən prosesləri hər zaman ana yaxşı tənzimləyir. Bu baxımdan mənə əlavə problemlər yaratamayıblar. Ailədə müəyyən şeyləri mənə çatdırmıyıblar, özləri öz aralarında həll ediblər. Ona görə də qadın ailədə bir növ süzgəc rolunu oynayır.   Bu mənada hər zaman həyat yoldaşımdan razı olmuşam. İşsiz olan müddətdə çox böyük dəstək olub. Hər zaman keçmişimizi xatırladaraq, bu günki günümüzə də şükürlər olsun deyib. İndi cəmiyyətdə mövqeyimiz var. Sağlam həyat tərzimiz var. Biz nədən nigaran olmalıyıq? Baş ucalığı və şərəflə yaşamaq daha vacibdir. 

- Sizin hobbiniz nədir, boş vaxtınızda nə ilə məşğul olursunuz?

- Mən boş olanda bağda işləməyi çox sevirəm.  Bunun üçün bağ evinə Ordubaddan ağaclar gətirilmişdi və mən bu ağaclara özüm qulluq edirdim. Bağda bütün işlərin öhdəsindən gəlirdim, çünki torpaq görmüş insanam.  Bu gün də bu işlərdə fəalam. Sonra at minməyi, bilyard oynamağı, mütaliə etməyi, həm xarici ölkələri, həm də Azərbaycanın gözəl görməli yerlərini gəzməyi sevirəm. İstirahət günləri ən çox sevdiyim məşğuliyyətim isə  maşın sürməkdir. Buna çox böyük həvəsim var.

- Dostlar məsələsinə toxunmaq istərdik.

- Bu mənim bildiyimə görə cəmiyyətin ağrılı yeridir. Bilirsiniz, dövlət işində olduğumuza görə biz şəxsi dostlardan təcrid olunmuşuq, ancaq bizi xidməti dostlar əhatə edib. Nazirlər,  parlament  üzvləri, Prezident Aparatından və Nazirlər Kabinetindən olan bəzi insanlar  bizə yaxınlıq ediblər. Demək olar ki, o insanların 90%-i vəzifədən ayrılandan sonra tamamilə uzaqlaşırlar. Ona görə də dostluq şərtidir, kişinin dostu bir, iki olar. Yoxsa bizi əhatə edən on, on beş dost, onlar yalançı xidməti dostlardır. Onları mən xidməti yaxşı münasibətdə olan insanlar adlandırıram.

- Orta məktəb yoldaşlarınızla olan dostluğunuz bu günə qədər də davam edirmi?

- Bir dəfə orta məktəb yoldaşlarımı bir yerə yığmışam. Bu görüş Ceyranbatanda, yayda olmuşdu.  Hamı toplaşa bilmədi. Sonra institut yoldaşlarımı bir yerə toplamağa cəhd elədim, amma alınmadı. İllər çox şeyi dəyişdi və mənim müəyyən mənada onlardan fərqlərim meydana gəldi. Onlar mənimlə görüşməyə çəkindilər. Bir-iki nəfər mənim qəbulumda olmuşdu və  mən onların uşaqlarına kömək etmişəm. Amma aktiv münasibətləri saxlamaq mümkün olmayıb. O da mənim başımın qarışıq olması ilə bağlı olub. Amma bunu mənsiz edə bilərdilər, məni də dəvət edərdilər. Mən də çox böyük məmnuniyyətlə orada  iştirak edərdim və onlara dəstək verərdim.

- Hazırda nə ilə məşğul olursunuz?

- Mən deyim ki, evdə olsam da, hər zaman özümü İlham Əliyev komandasının üzvü sayıram. Hər an iş gözləyirəm. Axı anası oğlunu nazir olaraq dünyaya gətirmir. Söhbət məsuliyyətli, təcrübəli peşəkar bir insanın imkanlarından istifadə eləməkdən gedir. Mən bunları gözləməsəydim, bəlkə də də bizneslə məşğul olardım. Hər zaman vəzifə gözləmişəm. Bütün  bayramlarda, ad günündə  cənab Prezidentə təbrik göndərirəm. İqtisad elmləri doktoru alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə edəndə zəng vurub xeyir-dua aldım. Oğluma toy edəndə ona məlumat verdim. Yəni mən özümü komandadan təcrid olunmuş saymıram.

- Özəl qurumlardan iş təklifi almısınızmı?

- Mənə belə dəvətlər, çox yüksək maaşlı işlər təklif edilib, amma getməmişəm. Həm Ulu öndər Heydər Əliyevə, həm də Prezident İlham Əliyevə daim sadiqlik nümayiş etdirmişəm. Gözləyirəm ki, insanlığıma, dövlətçiliyə bağlılığıma, işimə bir daha qiymət veriləcək və müvafiq təkliflər olacaq.

- Vəzifədən kənarlaşdırılmağınız necə oldu?


- Mənim vəzifədən çıxarılmağımda müəyyən insanların rolu oldu. Amma mən onlar haqqında heç bir açıqlama vermək istəmirəm. O adamlar cənab Prezidentlə mənim arama girdilər. Mən bunu vəzifədən ayrılmamış hiss etmişdim. Vəzifədən çıxmağımı isə televiziyadan eşitdim. Azərbaycan hökümətinin gördüyü işləri, iqtisadi inkişafın səmərəliliyi, maliyyə bazarının inkişafı, xarici  investisiyanın Azərbaycana gətirilməsi məsələsi, makro iqtisadi mühitin qorunması məsələsini  və digər problemləri xarici mütəxəssislərlə müzakirə edərkən, mən televiziyada eşitdim ki,  vəzifədən çıxarılmışam. O görüşü pozmadım, bu  xəbəri onlara bildirmədən davam elətdirdim, sonra onlara istefaya getdiyimi söylədim. İşdən çıxarıldığım gündən mənə zənglər oldu ki, sizə vəzifə veriləcək. Amma bu günə qədər bu, gerçəkləşməyib.

Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvüyəm. Həm də Nəsimi rayon təşkilatı siyasi şurasının üzvüyəm. Bütün çağırışlara gedirəm, öz təkliflərimi edirəm, amma passiv iştirak edirəm. Mənim o partiyaya böyük hörmətim var. Bu partiyanın bu günki dövlətimizin formalaşmasında inkişafında böyük rolu olub. Minlərlə insanların YAP sıralarına daxil olmasında fəal mövqe göstərmişəm.  

- Sizcə respublika Maliyyə Nazirliyinin işlərində nəyə və  hansı problemlərə diqqət yetirmək vacibdir?

- Maliyyə Nazirliyində olduqca peşəkar insanlar çalışır, işlər normal gedir. Nazir Samir Şərifovu tanıyıram,  səriştəsinə və savadına bələdəm, işgüzarlığına çox inanıram. Arzum budur ki, büdcə vəsaitlərindən daha səmərəli istifadə olunsun, əhalinin sosial problemləri ilə bağlı məsələlərə daha da diqqət artsın, ölkənin kredit reytinqi yüksəlsin, aqrar sahədə olan ehtiyat mənbələrinin dəstəklənməsinə, elmin inkşafına  və təhsilin keyfiyyətinin yüksəlməsinə daha samballı   tövhələr verilsin, idarəetmədə ciddi təkmilləşmələr aparılsın.

- Qarşıdan prezident seçkiləri gəlir. Bununla bağlı  sizin mövqeyinizi bilmək maraqlı olardı.  

- Bu günki Azərbaycan reallığında İlham Əliyevə bərabər, ona çatan siyasətçi, lider yoxdur. Bunu qəbul etməliyik. Görülən işlər onu deməyə əsas verir ki, İlham Əliyev yenidən çox böyük səs çoxluğu ilə prezident seçiləcək.Amma istəyərdim ki, cənab prezident komandanı yeniləşdirsin. Olduqca bacarıqlı insanalar gəlsin və ona ürəkdən kömək etsinlər.

Pərvin ARZUQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü