Modern.az

“Çoxsaylı qəlpə yarası ilə həyatda qalmağıma inana bilmirəm” - Vətən müharibəsinin QAZİSİ

“Çoxsaylı qəlpə yarası ilə həyatda qalmağıma inana bilmirəm” - Vətən müharibəsinin QAZİSİ

15 Aprel 2021, 16:48


Vətən müharibəsində qəhrəmancasına döyüşərək yaralanmış hərbi qulluqçularımızın həyat və döyüş yolundan bəhs edən “Qazilərimiz” rubrikasının növbəti qəhrəmanı çavuş Məmmədov Zeynal Gülməddin oğludur.

 

Çavuş Zeynal Məmmədovu hələ Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissənin patrul taborunda bölük komandirinin tərbiyə işləri üzrə müavini vəzifəsində xidmət etdiyim dövrdən tanıyırdım. Bölüyün nümunəvi xidməti və intizamı ilə fərqlənən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xatirimdə qalmışdı Zeynal. İstər atıcı əsgər, istərsə də manqa komandiri kimi xidmət etdiyi dövrdə bacarığı və son dərəcə məsuliyyəti ilə hər zaman fərqlənib.


Tale elə gətirdi ki, onunla bir də nə az, nə çox, düz 9 ildən sonra Daxili Qoşunların Hərbi Qospitalında görüşdük. Lakin bu dəfə Vətən müharibəsinin qəhrəman döyüşçüsü, Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanmış qazi hərbi qulluqçumuz kimi qarşıma çıxmışdı Zeynal...      


Çavuş Z.Məmmədov 1991-cı il martın 23-də Sumqayıt şəhərində anadan olsa da, Qazaxıstan Respublikasının Aktau şəhərində böyüyüb boya-başa çatıb. Orta təhsilini də məhz Aktaudakı orta məktəblərdən birində alıb. Hələ onuncu sinifdə oxuyarkən ali təhsilini Azərbaycanda almaq üçün doğma Vətənə qayıdan Zeynal bu arzusuna çatmadıqda, heç olmasa hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrində yerinə yetirməyə qərar verir. Beləliklə, müddətli həqiqi hərbi xidmətini 2010-2011-ci illərdə Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində keçir. Uşaq yaşlarından hərbi xidmətə böyük marağı olduğundan, müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra valideynlərinə Qazaxıstana qayıtmaq istəmədiyini bildirən Zeynal qoşunların Quba rayonundakı “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq həqiqi hərbi xidmətdə qalaraq, Vətən qarşısında şərəfli borcunu yerinə yetirməkdə davam edib. 2020-ci ilin iyul ayından Daxili Qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirən çavuş Z.Məmmədov yaralandığı günədək xüsusi təyinatlı dəstənin həmlə qrupunda atıcı-snayper kimi vəzifə borcunu ləyaqətlə yerinə yetirib. Xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı, hərbi intizamı və nümunəvi xidmətilə fərqlənən hərbi qulluqçu kimi 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib, eləcə də hərbi hissə komandanlığı tərəfindən bir neçə dəfə mükafatlandırılıb.


İşğal altında olan müqəddəs torpaqlarımızı yağı tapdağından azad görmək və bu amal uğrunda başlayacaq döyüşlərdə iştirak etmək hər bir xüsusi təyinatlı kimi Zeynalın da ən böyük arzusu olub. Məhz buna görə də Vətənə hədsiz məhəbbət və düşmənə  sonsuz nifrət hissi ilə döyüşlərə qatılan çavuş Z.Məmmədov Füzuli və Şuşa istiqamətlərində aparılan hərbi əməliyyatlarda fəal iştirak edib: “İlk döyüşümüz 2020-ci il oktyabrın 17-də Füzuli istiqamətində, “Karyer” deyilən ərazidə olub. Burada düşmənin “Beton post” deyilən möhkəmləndirilmiş mövqeləri yerləşirdi. Lakin düşməni məhv edərək möhkəmləndirilmiş postlarını tutmağa müvəffəq olduq. Acı məğlubiyyətlə barışmaq istəməyən ermənilərin olduğumuz mövqeləri minaatan və digər müxtəlif çaplı silahlardan intensiv atəşə tutmalarına baxmayaraq, irəliləməkdə davam edirdik. Buradakı bir yüksəkliyi məhz bizim qrup aldı. Bu döyüşdə dəstəmizin hərbi qulluqçularından yarımqrup komandiri kiçik gizir Məmmədov Anar Zəhəddin oğlu qəhrəmancasına şəhid oldu. Digər silahdaşımız çavuş Abbasov Elvin Mədət oğlu isə ağır yaralandı. Onu da qeyd edim ki, oktyabrın 31-dək qrupumuz, həmçinin, işğaldan azad edilən ərazilərdə axtarış əməliyyatlarında da fəal iştirak edib. Bundan sonra növbəti tapşırığımız Şuşanın azad olunması oldu. Məhz bu baxımdan gizli yollarla düşmənin nəzarətində olan ərazilərdən keçərək, dörd gün Şuşa istiqamətində hərəkət etməli olduq”.  



Daşlı-qayalı bir ərazidə müdafiə olunaraq döyüşdükləri mövqenin düşmən tankı tərəfindən atəşə tutulması nəticəsində çoxsaylı qəlpə yarası almasına rəğmən, hələ də həyatda sağ qalmasının bir möcüzə olduğunu qeyd edən qazimiz sonda qələbə çaldığımız üçün böyük qürur hissi keçirdiyini deyir: “Bizim tapşırığımız Xankəndidən Şuşa istiqamətində hərəkət edən düşmən qüvvələrinin qarşısını kəsmək idi. Hələ noyabrın 5-də digər qruplarla birgə düşmənin Şuşaya doğru hərəkət edən kolonunu – 1 ədəd PDM, şəxsi heyət və ərzaq daşıyan 5 ədəd digər texnikasını pusquya salıb darmadağın etdik. Bu zaman sağ qalıb qaçmaq istəyən erməni silahlıları da daxil, təxminən 103 nəfər canlı qüvvəsi cəsur döyüşçülərimiz tərəfindən məhv edildi. Bundan sonra bizim qrup öz tapşırığına uyğun vaxt itirmədən hərəkət edərək Xankəndi-Şuşa yolu üzərində özünə mövqe tutmalı idi. Bu məqsədlə qarşımıza gizli bir şəkildə Şuşa ətrafındakı çətin keçilə bilən meşəli, sıldırımlı qayaları aşmaq kimi əsl xüsusi təyinatlı məsləyinə uyğun bir tapşırıq qoyulmuşdu. Üzərimizdəki silah-sursat və bütün ekipirovka ilə düşmənin xəbəri olmadan, çətinliklə olsa da, yüksəklikdə özümüzə mövqe tuta bildik.     


Noyabrın 6-da təxminən saat 11:00-dan etibarən artıq Şuşa ətrafında qızğın döyüş gedirdi. Qrupumuz ermənilərin Şuşadakı silahlılara köməyə gələn qüvvəsinin qarşısını qətiyyətlə alırdı. Dəstəmizin cəsur döyüşçülərindən baş çavuş Kənan Kərimov və çavuş Zamiq Ağayev RPQ-7 qumbaraatanı ilə ermənilərin 2 ədəd tankını məhv etdilər. Düşmənin canlı qüvvəsini isə biçib tökürdük. Mən özüm snayperlə düşmənin xeyli sayda canlı qüvvəsini cəhənnəmə vasil etdim. Bir müddət sonra bizimlə açıq döyüşə girməkdən qorxan düşmən silah-sursatını da atıb qaçmağa başladı. Bundan sonra uzaq məsafədən mövqelərimizi tank və minaatanlardan atəşə tutmağa davam etdilər. Elə bu zaman düşmən tankının atdığı mərmi yaxınlığımızdakı böyük qaya daşına dəydi. Bu vaxt sağımda vuruşan dəstəmizin əslən Xaçmaz rayonundan olan cəsur döyüşçüsü MAXE əsgər Seyfullayev Fərid Xeyrulla oğlu tank mərmisinin və qaya daşının qarışıq qəlpələrindən aldığı ağır yaradan şəhid oldu. Mən isə çoxsaylı qəlpə yarası aldım. Aramızda heç bir metr də məsafə olmazdı. Bir anlıq şoka düşmüşdüm. Lakin özümə gələndən sonra baxdım ki, əlim və ayağım qan içindədir. Təsəvvür edin, adi günlərdə ayağımdan çətinliklə çıxan uzunboğaz çəkməmin bir tayı iplə bağlı vəziyyətdə belə zərbənin təsirindən “yoxa çıxmışdı”. Yaralı vəziyyətdə meşə istiqamətində təxminən yüz metrə kimi süründüm. Sonra MAXE əsgər Qafqaz Hüseynov və digər döyüşçü yoldaşlarım məni güllə və mərmi yağışı altından çıxarıb, yaralılarımızın saxlanıldığı otel kimi bir evə gətirdilər. 3 gün burada qaldıqdan sonra, noyabrın 9-u axşam oradan təxliyyə olunduq. Əvvəlcə bizi Hadrut qəsəbəsinə, orada tibbi yardım göstərildikdən sonra Füzuli Rayon Xəstəxanasına, oradan isə Bakıya, Daxili Qoşunların Hərbi Qospitalına gətirdilər. Nə deyim, aldığım çoxsaylı qəlpə yarası ilə həyatda sağ qalmağıma hələ də inana bilmirəm. Şükürlər olsun ki, həkimlərimizin sayəsində sağlamlığım qismən bərpa olunub. Lakin tam sağalmağım üçün ambulator müalicəmi indi də davam etdirirəm.

Əsas odur ki, işğal olunmuş müqəddəs yurd yerlərimizi yağı düşmən tapdağından azad edib, qələbə çaldıq”.


Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli, 25.12.2020-ci il tarixli, 29.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə çavuş Məmmədov Zeynal Gülməddin oğlu “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Daxili Qoşunların Lənkərandakı “N” saylı hərbi hissəsində “Gürzə” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri vəzifəsini icra edən, “Zəfər” ordeni, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş kapitan Cavid Tağıyev (Vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb) dəstədə atıcı-snayper kimi xidmət edən çavuş Z.Məmmədovu vətənpərvər döyüşçü, eyni zamanda hərbçi peşəsinin vurğunu olan nümunəvi hərbi qulluqçu kimi xarakterizə etdi: “44 günlük Vətən müharibəsində dəstəmizin cəsur hərbi qulluqçuları da fəal iştirak etmiş, döyüş meydanında düşməni məğlub edərək, əsl qəhrəmanlıq nümunələri göstərmişlər. Bu döyüşlərdə hərbi hissəmizin xüsusi təyinatlılarından 7 nəfəri qəhrəmancasına şəhid olub, 28 nəfər silahdaşımız isə yaralanıb. Dəstəmizin cəsur qazi hərbi qulluqçularından biri də çavuş Zeynal Məmmədovdur. 



Dəstəmizdə az bir müddətdə xidmət etməsinə baxmayaraq, nümunəvi xidməti, çalışqanlığı və yüksək intizamı ilə kollektivin dərin rəğbətini qazanmağa müvəffəq olub. Olduqca vətənpərvər, vəzifə borcunu layiqincə yerinə yetirən xüsusi təyinatlı kimi fəaliyyəti hər zaman müsbət qiymətləndirilib. İgid döyüşçümüz Vətən müharibəsində qəhrəmanlıq nümunələri göstərməklə, komandirlərin ona olan etimadını bir daha doğrultmuş oldu. Zeynalın timsalında bütün qazi hərbi qulluqçularımıza tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq”. 


Sonda bizdə dəstə komandirinin arzularına qoşularaq, adını Vətənimizin şanlı tarixinə qızıl hərflərlə yazan igid qazimizə bundan sonrakı həyatında ancaq uğurlar diləyirik. 

 

mayor Anar Əhmədov

DİN-in Daxili Qoşunlarının

“Əsgər” qəzetinin redaktoru

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı