Modern.az

Gürcüstan müxalifətçisi Əli Məmmədov: “Son anadək deputat seçiləcəyimə əmin deyildim”

Gürcüstan müxalifətçisi Əli Məmmədov: “Son anadək deputat seçiləcəyimə əmin deyildim”

Müsahibə

2 Oktyabr 2012, 14:03

Milyarder İvanişvilinin “Gürcü arzusu” blokundan deputat seçilən  soydaşımız Modern.az-a danışdı


Gürcüstanda keçirilən parlament seçkilərində qalib gəlmiş müxalifətçi “Gürcü arzusu” blokunun təmsilçisi, azərbaycanlı Əli Məmmədovla müsahibəni təqdim edirik.

- Əli müəllim, parlament seçkilərində qalib gəldiyiniz üçün öncə sizi təbrik edirik. Bilmək istərdik, bundan öncə hansı fəaliyyətlə məşğul olmusunuz? Mümkünsə, özünüz haqda məlumat verərdiniz.

- Mən Əli Məmmədov 1979-cu ildə Gürcüstanın Marneuli şəhərində dünyaya gəlmişəm. Orta təhsilimi də Marneulidə almışam. İxtisasca hüquqşünasam. Hüquq fakültəsi üzrə təhsil almışam. 33 yaşındayam. Siyasi fəaliyyətə qeyri-hökumət təşkilatlarından başlamışam. Hazırda da QHT  fəaliyyəti ilə məşğul oluram. Bundan başqa, Gürcüstan Ombudsmanın da aparatında fəaliyyət göstərmişəm. Parlament seçkisi öncəsi qərar verdim ki, bir azərbaycanlı olaraq seçkilərə qatılacam. Özümü seçkilərdə sınamaq qərarına gəldim.

- 33 yaşınız var. Bu yaşda deputat olmaq fikriniz hardan yarandı? Parlament üzvü olaraq bundan sonrakı perspektivləriniz nədən ibarətdir?

- Bizim yaratdığımız təşkilat Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul idi. Biz sırf öz soydaşlarımızın problemlərinin araşdırılması və onlara lazımı hüquqi yardımın edilməsini öz qarşımıza məqsəd qoymuşduq. İndi deputat seçilsəm də, mən bundan sonra da Gürcüstanda yaşayan azərbaycanlıların mənafelərini müdafiə etməyə çalışacam. Bu proseslərdən sonra qarşıma məqsəd qoydum ki, biz azərbaycanlılar Gürcüstanda daha yuxarılara getməliyik. Qərar verdik ki, mən Azərbaycan xalqının gənc nümayəndəsi olaraq parlament seçkilərində iştirak edim. Şükürlər olsun ki, xalq mənə səs verib, deputat seçdi. Mən də bütün gücümlə onların etimadlarını doğrultmağa çalışacam.

- Ümumilikdə parlament seçkiləri necə qiymətləndirirsiniz? Xalq nə üçün öz səsini müxalifətə verdi?

- Dünənki seçkilər çox normal, demokratik məcrada keçdi. Hər hansı insident, qalmaqal baş vermədi. İnsanlar seçki dairələrinə axışaraq, öz gələcəyinə, onlara yaxın olan siyasi kursa səs verdilər. Təbii ki, müxalifətin şansı iqtidara nisbətən daha çox idi. Xalq yerlərdə bizi dəstəkləyirdi. Sadəcə olaraq, bu o demək deyildi ki, biz qalib gələcəyimizə əmin idik. Ola bilərdi ki, məğlub olaq. Hər şey xalqın seçimindən aslı idi.

- Müxalifət nümayəndəsi olaraq Gürcüstanda yaşayan soydaşlarımız sizi dəstəkləyirdilərmi?

- Bildiyiniz kimi, Gürcüstan müxalifəti parlament seçkilərində qalib gəldi. Mənim nə üçün müxalifət tərəfindən iştirak etməyimə gəlincə, bildirim ki, mən əvvəldən də müxalifyönümlü idim. Sadəcə olaraq, müxalifətin xalq naminə reallaşdırdığı siyasi kurs məni cəlb elədiyi üçün mən müxalifəti seçdim. Biz əvvəlcədən sözün açığı əmin deyildik ki, Gürcüstan xalqı seçkilərdə belə aktiv iştirak edib, müxalifətə dəstək olacaq. Mən son dəqiqəyə kimi qalib gələcəyimə əmin deyildim. Hər şey ola bilərdi. Qismət elə gətirdi ki, mən insanların çoxlu səsini toplaya bildim. Bu mənim üçün sevindirici haldır. Xalq öz gələcəyi naminə hesab edirəm ki, seçimini doğru etdi. Azərbaycanlılara gəlincə isə, təbii ki, onlar da mənə dəstək olurdular. Narazılığım yox idi.

- Seçkidən sonra Gürcüstanda yeni dönəmin başlayacağı gözlənilir. Bu haqda nə deyə bilərsiniz?

- Bundan sonra Gürcüstanda yeni dönəm başlayacaq. Bizim siyasi blokumuz, partiyamız ilk növbədə qonşu dövlətlərlə yaxşı münasibət qurmaq strategiyasını qarşımıza məqsəd qoyub. Diqqətimizdə olan əsas məsələlərdən biri də Gürcüstanda yaşayan azsaylı xalqların mənafelərini müdafiə etməkdir. Düşünürəm ki, yeni dönəm istər Gürcüstan üçün,istərsə də region üçün uğurlu olacaq.

- Gürcüstanda xeyli sayda azərbaycanlının yaşamasın baxmayaraq, seçkilərdə i2 soydaşımız qalib gəldi. Nə üçün ermənilərdən fərqli olaraq, biz Gürcüstan parlamentində daha çox sayla təmsil oluna bilmirik?


-Mən Gürcüstanda yaşayan azərbaycanlılara qarşı bərabərsizliyin, haqsızlığın hər zaman qəti şəkildə əleyhinə olmuşam. Parlamentin bundan sonrakı fəaliyyətində də qaldırmaq istədiyim əsas məsələ odur ki, azərbaycanlılar da gürcülər kimi eyni hüquqlara malik olsun. Onlara qarşı hər hansı ayrı-seçkilik edilməsin. Çox istərdim ki, burada yaşayan soydaşlarımızın daxilindəki o qorxu aradan qalxsın. Onlar da özlərini bu ölkənin tam azad vətəndaşı hiss etsinlər. Bu baxımdan mən  Gürcüstan azərbaycanlılarına səslənərək bildirmək istəyirəm ki, onlar da siyasi proseslərdə aktiv olsunlar. Mən bir məsələni qeyd edim ki, burada yaşayan soydaşlarımız qorxu içində olduqları üçün heç vaxt müxalifətə dəstək verməyiblər. Bu zamana kimi siyasi proseslərdə hakimiyyətin yanında yer alırdılar. Artıq onlar da dərk edirlər ki, köklü dəyişikliklər olmalıdır.

- Seçkinin ilkin nəticələrinə görə, Azərbaycanı Gürcüstan parlamentində siz və iqtidaryönlü Azər Süleymanov təmsiz edəcəksiniz. Azər müəllimlə münasibəltəriniz necədir?

- Baxmayaraq ki, Azər Süleymanovla siyasi baxışlarımız tam fərqlidir, amma münasibətlərimiz çox gözəldir. Fərqi yoxdur ki, o hakimiyyətyönümlüdür, mən müxalifət. Burada əsas odur ki, kimliyindən aslı olmayaraq xalqın etimadını doğruldan deputatlar təmsil etdiyi insanlara xidmət etsinlər.

- Əli müəllim, Gürcüstanda yaşayan azərbaycanlı deputat kimi, parlametdə Dağlıq Qarabağla bağlı məsələ qaldırmaq fikriniz varmı?

-Təbii ki, mən seçkiöncəsi insanlara söhbət əsnasında bildirirdim ki, biz azərbaycanlıların ən böyük problemi Qarabağ problemidir. Biz öz haqq səsimizi Gürcüstan parlamentində də çatdırmalıyıq. İnşallah mən deputat fəaliyyətimə rəsmən başladıqdan sonra Azərbaycanla bağlı münasibətlərə xüsusi önəm verəcəm. Biz azərbaycanlıyıqsa, öz xalqımızın mənafeyini hər şeydən üstün tutmalıyıq. Xalqımım müdafiəsinə hər zaman canla-başla hazıram.

- Son günlər dünya mətbuatında təmsil etdiyiniz siyasi partiya ilə bağlı müxtəlif məlumatlar yayılıb. Eləcə də Bidzina İvanişvilinin Rusiya tərəfindən dəstəkləndiyi bildirilir. Sizcə, bu nə dərəcə doğrudur?

- Bunlar yalan söhbətlərdir. Bizim qalib gəlməyimizdə nə Rusiyanın, nə də başqa bir ölkənin rolu var. Xalq bizi seçib, bizim kampaniyanı dəstəkləyiblər. Mətbuat İvanişvili ilə bağlı müxtəlif qərəzli məlumatlar yayırlar.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər