Modern.az

“Niderland parlamentində azərbaycanlıları da görə biləcəyik” - MÜSAHİBƏ

“Niderland parlamentində azərbaycanlıları da görə biləcəyik” - MÜSAHİBƏ

Müsahibə

16 Sentyabr 2021, 12:54

“Düşünürlər ki, Azərbaycan İslam dəyərləri əsasında idarə olunur”

 

“10 ildən çoxdur ki, ailəmdən və ölkədən kənarda yaşayıram”

 

Niderland-Belçika koordinasiya şurasının əlaqələndiricilərindən biri, diaspor fəalı Şamil Mustafayevin Modern.az-a müsahibəsini təqdim edirik: 

 

- Uzun müddətdir ki, Azərbaycandan kənarda fəaliyyət göstərirsiniz. Niderlandda ölkəmizi tanıtmaq üçün hansı işləri görürsünüz? Ümumiyyətlə, fəaliyyətiniz nədən ibarətdir?

 

- Ölkəni tanıtmaq üçün əsasən mədəniyyət yönümlü işlər görürük. Məsələn, müxtəlif universitetlərdə Azərbaycan günləri təşkil edirik, Azərbaycanın bayram günlərində tələbə və ya iş yoldaşlarımızla milli mətbəximizdən olan yemək və şirniyyatları paylaşırıq, müxtəlif idman (əsasən futbol) yarışlarında iştirak edirik. Oktyabrın 2-də Rotterdamda keçiriləcək “Red Bull Neymar Jr’s Five” futbol turnirində Azərbaycan adı ilə çıxış edəcəyik. Həmçinin sosial şəbəkələrdə davamlı olaraq xarici dostlarımız və ya iş yoldaşlarımız üçün Azərbaycan haqqında məlumatlar paylaşırıq.

 

Müharibə dövründə fəaliyyətimiz bir qədər fərqli idi. Parlamentin önündə müxtəlif aksiyalar keçirirdik, deputatlarla görüşməyə, həmçinin “Facebook”da açdığımız xüsusi səhifə vasitəsilə Qarabağ həqiqətlərini yerli ictimaiyyətə çatdırmağa çalışırdıq.

 

 

- Bir azərbaycanlı olaraq xaricdə hansı çətinliklərlə üzləşirsiniz?

  

Sonradan bura gələn azərbaycanlı olaraq üzləşdiyim ən böyük çətinlik yerli dili öyrənməkdir. Buna səbəb isə yerli əhalinin mükəmməl şəkildə ingilis dilində danışmasıdır. Onlarla holland dilində danışmağa çalışdığın zaman çətinliklə üzləşirsən. Hətta sənə rahat olsun deyə, ingilis dilində danışırlar. Beləcə yerli dili öyrənmək çətinləşir.

 

Digər çətinliyimiz yerli xalqın bizi çox da yaxşı tanımamasıdır. Məsələn, bəzi insanlar düşünür ki, Azərbaycan İslam dəyərləri əsasında idarə olunur. Həmçinin  ermənilərin uzun müddətdir bu bölgələrdə yaşadığını nəzərə alsaq, yuxarı dairələrdə onların təsir gücü daha böyükdür. Bu isə bizə təbliğat işində çətinlik yaradır. Ancaq zamanla bunlar da dəyişir. Həm Niderlanda ilk gələn azərbaycanlıların övladları böyüyür və müxtəlif qurumların yüksək vəzifələrində işləməyə başlayırlar, həm də 2010-cu illərdən bu yana buraya təhsil almaq üçün gəlib qalanların və ya iş üçün gələnlərin sayının artması gələcəyə ümidlə baxmağa sövq edir.

 

-Təmsil etdiyiniz ölkədə Azərbaycan necə tanınır? Bizim haqqımızda nə deyirlər?

 

-Əlbəttə, Azərbaycanı tanıyırlar. Hansı coğrafiyada yerləşdiyimizi, qonşularımızın kim olmasını və hansı beynəlxalq tədbirləri keçirdiyimizi çox gözəl bilirlər. Məsələn, son zamanlar, ən çox maraqlandıqları mövzu Bakıda keçirilən “Formula -1” üzrə Azərbaycan Qran-Prisidir. Bizimlə söhbət edərkən həm yarışdan zövq aldıqlarını, həm də Bakının gözəlliyini dilə gətirirlər. Bu isə, əlbəttə, bizim üçün xoşdur.

 

Müharibə dövründə də ölkəmizə maraq böyük idi. Tələbə və ya iş yoldaşlarımız davamlı olaraq konflikt haqqında maraqlanırdılar. Mədəniyyətimiz isə Niderlandda çox da tanınmır. Həm milli musiqimizi və mətbəximizi, həm də adət-ənənələrimizi yerli xalqa tanıtmağa çalışırıq. Buna görə də mədəniyyət yönümlü işlərin sayını artırmalıyıq.

 

 

- Bildiyimiz kimi, Avropada erməni lobbisi güclüdür və aktiv fəaliyyət göstərir. Əlbəttə, istər Vətən Müharibəsi dövründə, istərsə də müharibədən sonra bizim diaspora təşkilatlarımızın fəaliyyətində böyük aktivlik müşahidə olunur. Hətta bəzi məqamlarda ermənilərdən daha üstün görünürük. Ümumilikdə isə erməni təxribatlarına, onların uydurma kampaniyalarına qarşı hansı işlər görülür? 

 

- Müxtəlif aksiyalar təşkil edirik, məktub kampaniyaları yaradırıq, deputatlarla görüşürük, mətbuata müsahibə verməyə və ya məqalə göndərməyə çalışırıq, sosial şəbəkələrdə yerli dildə paylaşımlar edirik. Həmçinin, yerli partiyalara qoşulmaq qərarı vermişik. İşlərimiz düzgün istiqamətdə getsə, bəlkə də bir gün Niderland parlamentində azərbaycanlıları görə bilərik. Ən azından buna ümid edirik.

 

- Azərbaycanlılar daha çox hansı işlərlə məşğul olurlar?

 

-Azərbaycanlılar daha çox maliyyə, audit, hüquq, təhsil və IT sahələrində çalışırlar. Təbii ki, digər sahələrdə də çalışan azərbaycanlılar var, məsələn, tibb sahəsində. Amma, azərbaycanlılar son zamanlar daha çox yuxarıda sadaladığım sahələr üzrə bu ölkəyə üz tuturlar. 

 

- Orada yerli sakinlər arasında tanınan azərbaycanlılar varmı?

 

- Niderlandda ölkə üzrə tanınan azərbaycanlıların olduğunu sanmıram. Ancaq, “Philips”, “ING”, “Booking”, “Shell” və digər yerli şirkətlərin yüksək vəzifələrində çalışan azərbaycanlılar var. Ümid edirəm, gələcəkdə o şəxslər verdikləri töhvələrinə görə ölkə üzrə də tanınarlar.

 

Dünyasını dəyişənlər arasında isə İkinci Dünya Müharibəsinin iştirakçısı, partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, “Cəngəvər Titulu” almış qəhrəman, bu ölkənin Kral ailəsinin fəxri üzvü, Osterveyk şəhərinin ilk fəxri vətəndaşı Məmməd Məmmədovu göstərə bilərik.

 

- Azərbaycan və Niderland fərqli coğrafiyalarda yerləşən ölkələrdir. Bəs, ölkələrimiz arasında daha hansı fərqli xüsusiyyətlər mövcuddur?

 

- Mədəniyyət, hava, milli mətbəx, adət-ənənə, insanların düşüncələri. Bunların hamısı fərqlidir. Biz də burada yaşayan azərbaycanlılar olaraq bu cəmiyyətə inteqrasiya etməliyik. Düzdür, bəzi insanlar inteqrasiya ilə assimilasiyanı səhv salırlar. Assimilasiya etsək, o zaman öz dəyərlərimizi unutmuşuq olarıq. Buna görə də yerli dili öyrənib maksimum şəkildə inteqrasiya etməliyik ki, yerli əhali də bizi rəğbətlə qarşılayıb, fikirlərimizə hörmətlə yanaşsınlar.

 

- Ölkəmiz üçün darıxırsınızmı?

 

-10 ildən çoxdur ki, ailəmdən və ölkədən kənar yaşayıram. Artıq öyrəşmişəm. İldə ən azı bir dəfə ölkəyə səyahət etdiyim üçün darıxma hissi nadir hallarda olur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi