Modern.az

Taleyi küçədən keçən uşaqlar - dilənçi, narkoman, oğru - ARAŞDIRMA

Taleyi küçədən keçən uşaqlar - dilənçi, narkoman, oğru - ARAŞDIRMA

20 Noyabr 2021, 13:58

Küçədə diləndirilməyə məcbur edilən uşaqlar barəsində sosial şəbəkələrdə tez-tez paylaşımlar edilir. Bu uşaqlar adətən assosial həyat tərzi keçirən valideynlərin övladları olur. Çox vaxt polis metro qarşısında diləndiriləməyə və işləməyə məcbur edilən uşaqları sığınacağa yönləndirilir.

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq, rəsmi və aidiyyatı qurumlarla birgə problemi araşdırıb.

 

Metrostansiyaların çıxışı nəzarətdədir

 

Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a bildirir ki, azyaşlı uşaqların diləndirilməsi, yaxud onların bu hala sövq edilməsi ilə bağlı müraciətlər araşdırılır:

 

"Məsələ ilə bağlı daxil olan məlumatlar, eləcə də ərazidə xidmət aparan naryad qrupları tərəfindən dilənçilik, tufeyli həyat tərzi sürən şəxslərin prafilitikası diqqət mərkəzində saxlanılır".

 

 

E.Hacıyev deyib ki, bu kimi hallar aşkar olunduqda aidiyyatı üzrə polis orqanına müraciət olunur:

 

“Əgər, şəxs azyaşlıdırsa, valideyninə təhvil verilir və barələrində inzibati icraata uyğun müvafiq tədbirlərin görülməsi təmin olunur. Bütün ölkə ərazisində bu məsələ, xüsusən, azyaşlı uşaqların diləndirilməsi, yaxud onların bu hala sövq edilməsi ilə bağlı müraciətlər araşdırılır və barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. Eləcə də, aidiyyatı dövlət qurumları da məlumatlandırılır ki, bu işin effektiv nəticəsi olsun. Bir neçə metrostansiyanın ətrafında olan müraciətlər nəzarətə götürülüb və müvafiq tədbirlərin görülməsi təmin edilib”.

 

İnternat məktəbləri və küçə...

 

Təhsil Nazirliyindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, internat məktəblərində və internat tipli təhsil müəssisələrində bu günədək uzunmüddətli təhsildən yayınan uşaqlar qeydə alınmayıb:

 

“Şagirdlərin üzrsüz səbəbdən dərs buraxması halları olduqda, müəssisə rəhbəri tərəfindən dərhal onun himayəçisinin yaxud yaxın qohumunun yaşadığı ərazi üzrə rayon (şəhər) icra hakimiyyətinə və polis idarəsinə uşağın təhsildən yayındırılmasının qarşısının alınması və təhsilə cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı rəsmi müraciət olunur. Birgə həyata keçirilən tədbirlər nəticəsində uşağın təhsilə cəlb edilməsi təmin edilir".

 

Bundan əlavə, Nazirliyin sistemində fəaliyyət göstərən internat məktəbləri və internat tipli təhsil müəssisələrində təlim-tərbiyə alıb yaşayan uşaqlar tam dövlət təminatında saxlanıldığı qeyd olunub:

 

"Azərbaycan Respublikası Ailə Məcəlləsinin 138.1 maddəsinə və “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, dövlət uşaq müəssisələrinin rəhbərləri həmin müəssisədə yaşayan uşaqların rəsmi qəyyumu hesab olunur".

 

Qorxulu xəstəlik daşıyıcıları

 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Modern.az-a bildirir ki, küçədə diləndirilən uşaqlar ilk olaraq sığınacağa yönləndirilir:

 

 

“Amma bunun özü də yanlışdır. Bu uşaqlarda ilk olaraq hansı xəstəliklərə yoluxması haqqında bizim heç bir məlumatımız olmur. Dəfələrlə belə hallarla qarşılaşmışıq. İstər toksik maddələrdən asılı olan, istər dəri-zöhrəvi xəstəliklərə düçar olmuş uşaqlar bizim sığınacağa yerləşdirildikdə və qeyd olunan xəstəliklər aşkarlandıqda dərhal xəstəxanaya yönləndiririk. Amma ən azından bir neçə saat sığınacaqdakı digər uşaqlarla ünsiyyətdə olurlar. Bunun özü bir təhlükədir”.

 

K.Ağazadə qeyd edib ki, küçədə işləməyə və diləndirilməyə vadar edilən uşaqların şəxsiyyətlərinin müəyyən olunmaması səbəbindən azyaşlılar uzun zaman sığınacaqda qalırlar:

 

“Ona görə düşünürəm ki, küçədə aşkarlanan uşaqları ilk növbədə xüsusi bir müəssəyə yerləşdirərək onlara ilkin tibii baxış keçirilməli, reabiltasiyaları üçün ilk olaraq İcra Hakimiyyəti tərəfindən sərancamları verilməlidir. Ondan sonra inteqrasiya və cəmiyyətə rentaqrasiya üçün sığınacaqda proqram çərçivəsində xidmət göstərilə bilər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?