Modern.az

Hafiz Hacıyev: “İsa Qəmbərin oğlunun toyuna pul saldırdım” - MÜSAHİBƏ

Hafiz Hacıyev: “İsa Qəmbərin oğlunun toyuna pul saldırdım” - MÜSAHİBƏ

Müsahibə

22 May 2013, 15:33

“Siyasətin akulası, balinası mənəm, kilkələr də Qəmbərov İsa və Kərimov Əlidir”


“Hakimiyyətin daxilində arvadı erməni olanlar da eşitsin, İlham Əliyevə xəyanət etmək istəyənlər də eşitsin, qulaqlarını kəsəcəm”

Modern.az
saytı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə müsahibəni təqdim edir.

Hafiz Hacıyevlə onun partiyasının qərargahında görüşüb, kabinetində söhbətləşdik. Söhbət arası Hafiz müəllimin katibəsi mənə çay gətirdi. Təkcə mənə. Xanım otaqdan çıxandan sonra Hafiz müəllim masanın altından termosunu çıxardı və özünə ayrı çay süzdü. Təccübləndim və soruşdum ki, bu nədir? Dedi ki, “məni öldürtdürmək istəyirlər. Heç kimə etibar eləmirəm...”.

– Hafiz müəllim, havalar yaman dəyişkən keçir.

– İnsanlar da dəyişkəndi, havalar kimi. Elə zaman da dəyişir.

– Yəni deyirsiniz siyasi düşərgənin bugünkü ab-havası da stabil deyil?

– Təbii ki, havalar da siyasət kimi tez-tez dəyişir. Biz də siyasi proseslərə uyğun öz siyasi mövqeyimizi qururuq. Ona görə də Azərbaycanda Müasir Müsavat Partiyası millətin gələcək mənafeyinə uyğun Azərbaycan xalqının müxalifətidir. Ölkədə bir sıra proseslər cərəyan edir. Necə ki havalar gah isti, gah da soyuq keçir. Siyasətdə də belədir. Axar sular həmişə sakit gedir. Bu gün insanlar çox narahatdır. Biz partiya olaraq xalqın arasındayıq. Rayon təşkilatları ilə işləyirik. Gənclər təşkilatları ilə işləyirik.

– Xalq nədən narahatdır?

– Xalqın narahatçılığı odur ki, Azərbaycanda xaricin maliyyələşdirdiyi qüvvələr Azərbaycan əleyhinə işləyir və yaxud da onların uşaqları xaricdə oxuyurlar, xaricdə yaşayırlar. Maraqlıdır, hansı pullar hesabına?!

– Təkcə müxalifət yox, axı iqtidar nümayəndələrinin övladları da xaricdə oxuyurlar.

– Bu, bizim iqtidarın şişirdib ortaya atdığı müxalifətdir. Bu gün İsa Qəmbəri, Əli Kərimlini kim müxalifət edib? Azərbaycan iqtidarı. Onlara 2 dəfə deputat mandatı, Dubay reysini, balıq vətəgələri, şəhərin mərkəzində 10-20 ticarət obyekti verəndə, nə vaxtsa yetişdirdiyi ilan bu iqtidarın özünü sancacaqdı. Məsələ artıq çox ciddi mərhələyə gəlib yaxınlaşıb. Bu gün siyasi prosesləri təhlil edəndə görürsən ki, Azərbaycanda qarışıqlıq salmaq istəyənlər hakimiyyətin daxilindəki narazılar, aclar yox, milyaderlərlərdir. hansı ki, Azərbaycanın xaricində olan müxalifətilə birləşib iş görürlər. Bunu biz deyirik.

– Bir sözlə, xalqı sizdən başqa düşünən yoxdur?

– Əlbəttə. Nə qədər hay-küy salsalar, xaricdən daha çox qrant alırlar. Bu gün Milli Şura yaradırlar. Bu Azərbaycanda alternativ dövlət yaratmaqdır.

– Yeri gəlmişkən, Milli Şura mayın 28-i yaradılacaq, yəni Respublika Günü...

– Eldar Namazov burada xırda bir insandır. Burda bosslar, milyarderlər iştirak edir. Biz bu siyasətin içindəyik. Mənə də təkliflər olubdu ki, orda olum.

– İmtina etdiniz ?

– Niyə imtina etməməliydim ki? Mən də prezidentliyə namizədəm, 3-cü səfər. Atalar deyib 3-ə qədər.

– Ümidiniz var ki, prezident seçiləcəksiniz?

– Əlbəttə. Niyə ola bilmirəm ki. Bəyəm mənim savadım onların savadından əskikdir!? Mən elmlər namizədiyəm. İsa Qəmbər isə laborantdır. Mən nazir olmuşam. Tərcümeyi-halım əlimdədir. Mən böyük vəzifələrdən keçmişəm.

– Eyni zamanda balıq təsərrüfatı naziri olmusunuz...

– Dövlət konservinin sədri. İlk dəfə kürü bizim dövrümüzdə istehsal olunub. 55 ton.

– Bu gün kürü istehsalının vəziyyəti nə yerdədi, xəbəriniz var?

– Çox pis. Müəyyən adamlar öz əllərinə alıblar bu sahəni, öz ciblərinə işləyir. Azərbaycan xalqına heç bir xeyri yoxdur. Mənim üçün bu sözü demək çox ağırdır. Azərbaycanda məmurların işi ürəkaçan deyil.

– Bu səbəbdən məmurları tez-tez tənqid edirsiniz?

– Məmurları tənqid etmirəm. İstəyirəm ki, yollarına qayıtsınlar, ölkə başçısına layıq olsunlar. Baxın, Azərbaycanın rayonlarına bu 2 nəfərdən başqa çıxanlar varmı? Yoxdur. Prezidentin özü xaricdən gəlib gedir Şamaxıya və başqa rayonlara ki, görsün ayırdığı pulun hesabına yeni iş yeri açılıbmı? Niyə prezidenti aldadırlar? İcra hakimiyyətinin başçıları var ki şadlıq evləri kralıdırlar. Ad çəkməyəcəyəm. Onun şadlıq evlərində Milli Şura üzvlərinin qapalı görüşləri keçirilir. Hakimiyyətdə olanlar görmür? Nazır var 10-15 ildir işləyir. Bilir ki, o gedəcək. Nazirlərimiz var ki, Rəsul Quliyevin Bakıda partiyasının ofisini saxlayır, nazirlərimiz var ki, Kərimov Əliyə 600 markalı “Mazda”nı 68 min avroya alıb verir. Onlar bilir ki, ölkə prezidenti bu səfər seçilsə, yeni islahatlar aparacaq, bunlar orda olmayacaq. Mənim mübarizəm budur. Bunu xalq da görür.

– Bu səbəbdən də məmurları daş-qalaq edirsiniz?

– Prezidentə xəyanət edən məmurlardır. O məmurlara qorxma-qorxma deyənlərdi.

– Sizin bu cür tənqidlərinizin nəticəsi olurmu?

Əksinə, mənə qarşı təzyiqlər güclənir. İdeoloji, mənəvi təzyiq var. Hətta məni silahla qorxudurlar. Bu sözləri demək asan məsələ deyil. Bu gün Azərbaycanda mənim müdafiə etdiyim bir şəxs var. Azərbaycanı bu səviyyəyə çatdıran İlham Əliyev. 35 ildir Bakıda yaşayıram. Füzuli meydanında siçanların əlindən tərpənmək olmurdu. Prezidentin yanına girib yalandan ona yaltaqlanan məmurlar çıxıb arxada ayrı şeylər danışırlar. Nazirlər tanıyıram politoloqlar saxlayır. Nazirə bu lazım deyil. O məmurdur gedib tapşırıqları yerinə yetirməlidir. Həmin politoloqlar gedib deyir ki, Qəmbərov İsa peyğəmbər kimi zühur eləyər, Azərbaycanda gəlib bütün problemləri həll edəcək. Mən nazir olmuşam, O, Ali Sovetin sədri olub. Onun hansı yuvanın quşu olduğunu məndən yaxşı bilən yoxdur. İsa Qəmbər kimi tamahkar, puldan ötrü hər şeydən keçən ikinci adam tanımıram... Bir gün rəhmətlik Elçibəy dedi ki, “bu qədər qızıl balıq, kürü hara gedir?” Dedi ki, “səni müşavirədə tənqid edəcəyəm, narahat olma, dur həqiqəti de”.

– Siz də dediniz?

– Əlbəttə.  

– Deyirsiniz ki, Elçibəyin yaxın dostlarından biri olmusunuz. Siz də dediyiniz indiki məmurlar kimi ona qarşı xəyanət etmisiniz?

– Xanım, qətiyyən. Mən həmişə saf olmuşam. Elçibəy həmişə məni misal çəkib. Deyib ki, “gedin Hafizdən işləmək öyrənin”. Pənah Hüseyn də bunu deyirdi. Azərbaycanın bayrağını Amerikada ilk dəfə qaldıran məmur olmuşam. “Çarlton” otelində.

– İndiki məmurlar qaldırmırlar ki?


– İndiki məmurlar eyş-işrət, pullarını hara yerbəyer etmək haqqında düşünür. ABŞ-a qara kürü satanda Elçibəyə zəng etdim. “Bəy, icazə ver kürünün pulundan özümüzə şalvar alaq”. Dedi, “lazım deyil”. O vaxt Şuşa işğal olunmuşdu. Söylədi ki, “Şuşa məsələsini həll edək. Ondan sonra baxarıq”. Mən elə işləmişəm.

– Bu cür kəskin çıxışlarınıza görə qorxmursunuz?

– Bunu kimsə deməlidir, xanım. Siz gənclər hara gedəcək bu cür hallarla.

– Danışmağınızın nəticəsi olmalıdır yəqin.

– İndikilərin əksəriyyəti gedəcək. Elə düşünməsinlər ki, bu gün İlham Əliyevə xəyanət edirlər. Müxalifətin toylarına “paçka” ilə artistlərdən pul göndərirlər, bizim adımızdan qulağına təbrik elə deyirlər.

– Sizin İsa Qəmbər, Əli Kərimli ilə münasibətiniz heç yoxdur. Amma bir dəfə müxalifətdən üzr istədiniz axı. O nə məsələydi bəs?

– Qətiyyən üzr istəməmişəm. Dedim ki, Azərbaycan müxalifətindən üzr istəyərəm o şərtlə ki, hamımız Dağlıq Qarabağla bağlı eyni mövqedə olaq. Hörmətli media nümayəndələri kimə necə sərf edir, elə yazmışdı. Nəyə görə üzr istəməliydim!? 

– Siz niyə partiyanızın adını Müasir Müsavat qoydunuz, ad qəhət idi?

– Müsavatçılar müasir ideyaya malik olanlardır. Qəmbərov İsanın yanında kimlər var? Kimlər vardısa hamısı satqın çıxdı. Deyim bir-bir. Çingiz Qənizadə Müsavatın divan üzvü idi. Rasim Musabəyov... Elçibəy hakimiyyəti məhz buna görə devrildi. Necə Qəmbərov İsaya xoş münasibət bəsləyə bilərəm ki!?

– Milli Şuranın yaranması Azərbaycan siyasi arenasında nəyi dəyişəcək?

– Azərbaycanda qarışıqlıq salacaqlar. Azərbaycana Gürcüstan vasitəsilə pullar gəlir. Həmin pullar İsa Qəmbərə, Eldar Namazova çatır. Azərbaycanda Ziyalılar Forumuna, Milli Şuraya pul buraxan rektorlar var. Ən böyük universitetin rektorları pul buraxır. Onlar tarix boyu elə olublar. Həmin rektorlar Ayaz Mütəllimovun dövründə deputat olublar. Onların məqsədi budur ki, “ölkədə qarışıqlıq düşsə, heç olmasa orda özümə ayaq yeri qoyum”. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev hələ ölməyib. Nə qədər canımda can var, qoymayacağam qardaşıma-prezidentə xəta gəlsin.  

– Elə bil siz təksiniz axı!

– Tək deyiləm. Arxamda 90 minlik partiyam var. Strukturlaşmış bir partiyadır.                               

– Hafiz müəllim, İsa bəyin oğlunun toyuna Nazpəri xanımın dəvət olunması böyük ajiotaj yaratdı. Hətta bəzi televiziyalar Nazpəri xanıma qadağa qoydu. Hər halda İsa bəyin oğlu da Azərbaycan vətəndaşıdır. Bu cür hal doğru idi?

– O məsələni ilk dəfə mən açmışam. Nazpəri xanımın orda gedib siyasi tost deməyi doğru deyildi. Nazpəri xanım gedib orda deyəndə ki, “o gün olsun, Qəmbərov gəlsin bu seçkidə seçilsin, mən də inauqurasiya mərasimində çıxış edim, 3 saat oxuyum”, bu yolverilməzdir. Niyə? Nazpəri xanıma deyirik ki, siz İlham Əliyevin çörəyini yeyirsiniz. Səni ora göndərən o məmur bəlkə səni aldadıb göndərib... Nazpəri xanıma bu iradı bildirdim. Televiziyalara gəlincə, onlar da düz hərəkət etmədi. Seçkiyə qədər hər xırda məsələyə diqqətlə yanaşmalıyıq.

– Sizin marağınız nədir?

– Mənim marağım odur ki, prezidentliyə namizədəm. İstəyirəm ölkədə stabillik olsun. İnqilabi yolla yox, demokratik seçki yolu ilə hakimiyyətə gələk.                                                

– Sizin partiyanız hansı şüarla  prezidentliyə namizədliyə gedir?

– Şüarlarımız müəyyənləşir. Keçən dəfə ayrı idi. Hazırda müavinlərimiz Sumqayıt şəhərində böyük iclaslar keçirirlər.

– Siz İlham Əliyevlə sağlam rəqabət aparırsınız?

– Əlbəttə.

– Hafiz müəllim, yolları da tez-tez qazıb, sökürlər yaman.

– Qazılacaq da, söküləcək də. Təbiidir. Siz bu cür gözəllikdə həmişə qala bilməzsiniz ki. Allah eləməsin, getdiyiniz yerdə bir travma ala bilərsiniz. Bir sözlə, bugünkü inkişafı xaricdəki ermənilər də istəmir, daxilimizdəki ermənilər də. Tez-tez deyirlər ki, xalq acından ölür. Mənim bir qonşum var. Qapısında 5 maşın var. Bu necə acından ölür? Uzağa getməyək. Müavinimin 2 uşağı var. Arvadının da, özünün də, uşaqlarının da maşını var.

– Sizin də övladlarınızın, xanımınızın hərəsinin bir maşını var?

– Qətiyyən elə deyil. “Unibank”dan kreditlə bir maşın almışam. Ayda 450-500 manat kreditə pul verirəm. Gizlətmirəm bunu.

–Necə dolanırsınız?

– Mən əziyyət çəkən adamam. Təsərrüfatla da məşğul oluram. Elmlər namizədiyəm.

– Hər halda gəlir yeriniz var. Elmlər namizədinin maaşı ilə dolana bilməzsiniz.

– Əlavə gəlir yerim var. Özümə görə imkanlıyam.

–Neçə övladınız var?

– 2 qız, 1 oğlan. Oğlum hərbi xidmətdədir. Naxçıvanda xidmət edir. Budur vətənə vurğunluq. Sizin sayt vasitəsilə deyirəm. Hakimiyyətin daxilində arvadı erməni olanlar da eşitsin, İlham Əliyevə xəyanət etmək istəyənlər də eşitsin, qulaqlarını kəsəcəyəm.

– Siz Əkrəm Əylislinin də qulağının kəsilməsi əmrini vermişdiniz, amma kəsə bilmədiniz.

– Niyə, kəsirdim Əkrəm Əylislinin qulağını. Amerika Dövlət Departamenti o barədə xüsusi bəyanat verdi. Biz partiyamızın Ağsaqqallar Şurasının qərarını əlimizdə əsas tutduq. Əgər bu seçkidə hakimiyyətin daxilində arvadı erməni olan məmurlar indi İlham Əliyevə xəyanət edirlərsə, onları bağışlamayacağam.

– Hafiz müəllim, yaman emosional insansınız.

– Bu günlərdə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov çıxışında “müxalifət xalqa xəyanət edir, ermənilərdən maliyyələşir”-deyəndə hörmətli Rəbiyyət Aslanova dedi ki, “Əli müəllim emosiyaya qapılıbdır”. Ayıbdır, adam öz yerini bilər. Siyasi savadın yoxdur, get otur yerində, deputatlığını elə. Düz sözü deyəndə niyə emosiya olur ki!?

– Hətta fotolarda da çox çılğın düşürsünüz.

– Xanım, ürəyim yanır. Necə həyəcansız deməyim ki, İlham Əliyevin çörəyini yeyən məmur ona xəyanət edir. Bunun nəyi emosiyadır?!

– Hafiz müəllim, bu məlumatları hardan əldə edirsiniz?

– Bir gündə mənə o qədər informasiya daxil olur ki... Partiya üzvlərimizin hərəsi bir yerdə işləyir, xalqın arasındadırlar. Müəyyən adamlar var, salmışıq müəyyən yerlərə. Qəmbərov İsanın oğlunun toyunda mənim çox etibarlı adamım iştirak edirdi. Pulunu verdim, dedim apar toya sal. Dedim, get otur orda, kim nə danışır, yaz bu kasetə gətir mənə.

– Elə də etdi?

– Bəli, elə də etdi. Bu gün Kərimov Əlinin yanında oturan insanlar mənim ən yaxın dostlarımdır.

– Əli Kərimlinin bundan xəbəri var?

– Hardan biləcək? O, Əliyə deyir, sən olmasan mən ölərəm. O, adama maaş verirəm, mənə işləyir. İlk dəfə sizin sayta açıqlayıram.

– Bu cür çıxışlarınıza görə ailəniz nə hisslər keçirir?

– Ailəm çox narahatdır. Deyirlər ki, “bizi girov qoyursan ata, sən bizim hamımızı qırdırassan”. Deyirəm ki, qardaşımı tək buraxa bilmərəm... Heydər Əliyevin çörəyinə xəyanət etməsinlər. Bir sirri açacam sizə, xanım. Heydər Əliyev Siyasi Bürodan çıxanda Andropovla eyni binada yaşayırdı. Böyük vəzifədə idim. Moskvaya kollegiyaya getmişdim. Heydər Əliyevin evində qaldım. Bu fikirləri birinci dəfədir sizə açıram. Heydər Əliyev dedi ki, “Hafiz, mənə xəyanət edən adamlar bunlardır”. Bu gün həmin adamlar hakimiyyətdədir. Heydər Əliyevi təhqir edənlər bu gün eyş-işrət içində yaşayır. Biz isə ölməmək üçün yaşayırıq. “Qardaşlıq” cəmiyyətinin vurhavur vaxtında Heydər Əliyevi aeroportda qarşılayanlardan biri mən olmuşam. Hətta gül verən də mən olmuşam. İlk dəfədir ki bunu sizə deyirəm.

– Balıq təsərrüfatı naziri işləmisiniz. Siyasətdə akula kimdi, kilkə kimdir?

– Siyasətin akulası, balinası mənəm. Kilkələr də Qəmbərov İsa və Kərimov Əlidir. Onları həmişə “semiçka” kimi çırtdamışam, bu gün də çırtdayıram. Bilməlidirlər ki, nə qədər Hafiz Hacıyev var, onlar hakimiyyət üzünə həsrət qalacaqlar. Bu il onları Allah qoysa göndəririk pensiyaya. Bu seçkidə Hafiz Hacıyev onlara elə sürprizlər təqdim edəcək ki, onlar Azərbaycan tarixindən biryolluq əl çəkəcəklər.

– Bu cür çıxışınıza görə necə mühafizə olunursunuz? 

– Müəyyən məlumatlar çatır ki hər dəqiqə məni öldürmək istəyirlər. Mənim mühafizəm güclüdür.                                                                                                             

– Yəqin restorana da getmirsiniz dost-tanışla?                                                                                  

– Siyasətlə məşğul olandan sonra restorana getməmişəm. Bu ərəfədə bir dənə toya getməmişəm. Bu gün siyasi mafiyanın qabağında məndən başqa duran yoxdu. “Kilkələri” həmişə mən udmuşam, həzm də etməmişəm.

- Bir vaxtlar Əli Kərimlinin müavini vardı Fuad Mustafayev, siz seçki teledebatında onunla dalaşmışdınız. Həmin günü necə xatırlayırsınız?

– Ona cinayət işi açmışdılar. Amma hakimiyyətin daxilində ən böyük məmur onun müdafiəsinə qalxdı.

– Nə yaxşı hüquqlarınızın müdafiəsinə qalxmadınız?

Qalxdım. Həmin adam bu gün hakimiyyətdə böyük söz sahibidir. Elə həmin adamlardır bu gün  yenə onları müdafiə edən.




Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı