Modern.az

“Yuliya Timoşenko prezident seçiləcək və birinci səfərini Rusiyaya edəcək” - MÜSAHİBƏ

“Yuliya Timoşenko prezident seçiləcək və birinci səfərini Rusiyaya edəcək” - MÜSAHİBƏ

24 Fevral 2014, 13:32

Politoloq Zərdüşt Əlizadə Modern.az saytına müsahibəsində  Ukraynadakı prosesləri şərh edib.

-Ukraynada müxalifət demək olar ki, qələbə qazandı. Bundan sonrakı proseslər hansı məcraya yönələcək?

-Ukraynada məsələ həll olundu. Daha amansız, tamahkar, acgöz, amma qətiyyətli oliqarxlar tamahkar,  ancaq qətiyyətsiz Yanukoviçin dəstəsini devirdi. Təbii ki, proseslərin bu müstəviyə sürüklənməsində camaatdan da alət kimi istifadə olundu. Ukrayna xalqına qanmadığı, anlamadığı “Avropa dəyərləri”, “Avropa demokratiyası” şüarları verilmişdi. Hamısı boş söhbətlərdir. Onlar nə bilir ki, Avropa nədir? Müxalifət hakimiyyəti ələ keçirib və vəziyyəti addım-addım öz nəzarəti altına alır. Krım məsələsində də  sakitləşmə gözlənilir.  Onlarda müqavimət göstərəcək mütəşəkkil qüvvə, siyasi təşkilat, lider yoxdur. Regionlar Partiyası artıq elan edib ki, yeni hakimiyyətlə tam əməkdaşlıq edəcək.

-Bu arada sabiq baş nazir Yuliya Timoşenko azadlığa çıxıb və prezidentliyə namizədliyini verəcəyini bəyan edib. Bu siyasi gedişatlara hansı rəng verə bilər?

-
Yuliya Timoşenko prezident seçiləcək və birinci səfərini Rusiyaya edəcək. Timoşenko Moskvadan iqtisadi dəstək istəyəcək. Kreml də Ukraynaya kömək əlini uzadacaq.

-Əslində Ukrayna uğrunda Qərb dairələri ilə Rusiyanın mübarizəsi kontekstində hadisələr baş verdi. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov da Ukraynadakı gərginliyi geosiyasi məqsədlər uğrunda hədəflər kimi şərh edib. Siz nə düşünürsüz?

-
Ukraynada geopolitik oyunların getdiyi şübhəsizdir. Amma bununla bərabər mübarizə Ukrayna hakim zümrəsi daxilində gedirdi. Əsas savaş büdcənin bölünməsi, oğruluq pulların kimə çatması uğrunda idi. Araz Əzimov çox savadlı və təcrübəli diplomatdır. Ancaq bir şeyi unutmaq lazım deyil. Azərbaycanda geosiyasi mübarizə deyəndə daha çox Rusiyanın Qərbə qarşı yönəlməsi nəzərdə tutulur. Əslində Rusiyanın hakim zümrəsi Qərbin siyasi, iqtisadi, maliyyə mafiyasının tərkib hissəsidir. Rusiyanın pulları Qərbdədir. Rusiya beynəlxalq miqyasda  Qərbin istəklərinə uyğun hərəkət edir. Kreml bir çox nəzəri məsələləri Qərblə uzlaşdırıb həll edir. Məsələn,  Qərb deyəndə ki, İrana raket satmaq lazım deyil bu belə də olur.

-Ukraynanın yeni hakimiyyətinin  Azərbaycanla münasibətlərinin perspektivləri haqqında nə demək olar?

-Əlaqələr həmişəki  kimi yaxşı olacaq. Çünki ortaq maraqlar bu iki dövləti birləşdirir. İnsanların dəyişməsi dövlətin siyasi kursuna o qədər də təsir etmir. Münasibətlər maraqlar üzərində qurulursa, əlaqələr pozulmaz. İndi romantik xarici siyasət dövrü deyil.

-Bəzi ekspertlər güman edir ki, ABŞ hazırda Ukraynanı əsas prioriteti elan edib və hədəflərinə çatarsa, ondan sonra Dağlıq Qarabağ münaqişəsinin həllini aparıcı xarici siyasət koordinatlarına daxil edəcək. ABŞ doğurdanmı, Cənubi Qafqazın əsas konfliktlərindən olan Qarabağ probleminin nizamlanmasında maraqlıdır?

-Bu yalnız növbəti sayıqlamalardır. Gerçəkliyi görməyən, düzgün qiymətləndirməyən, öz əsatir dünyasında yaşayan insanlar hesab edə bilər ki, ABŞ Qarabağ probleminin həllində səylər göstərir. Dağlıq Qarabağ münaqişəsi Qərb dairələri üçün Cənubi Qafqazda öz mövqelərini addım-addım, tədricən gücləndirmək istiqamətində bir alətdir. Rusiya ilə bərabər ABŞ-da Qarabağ probleminin həll edilməməsində maraqlıdır.

-Və ya Ermənistanın xeyrinə nizamlanmasında...

-Xeyr. Heç biri nə Ermənistanın, nə də Azərbaycanın xeyrinə münaqişəni həll etmək istəyir. Ermənistanın başına elə bir daş düşüb ki, erməni xalqı nə olduğunu qanmır. Dağlıq Qarabağ bir qarmaqdır. Ermənistan həmin qarmağa keçirilib və ondan asılıb.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu