Modern.az

Vahid Əhmədov: “Bu ilin yarısından sonra manatın yenidən ucuzlaşması qaçılmaz olacaq” - MÜSAHİBƏ

Vahid Əhmədov: “Bu ilin yarısından sonra manatın yenidən ucuzlaşması qaçılmaz olacaq” - MÜSAHİBƏ

Müsahibə

6 Aprel 2015, 13:04

Manatın fevralın 21-dəki kəskin devalvasiyasından sonra iknci dəfə daha da kəskin şəkildə uczulaşacağı pronozları verilməkdədir. Modern.az saytı əhali arasında yaranmış narazı məqamlarla bağlı suallara Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovla birgə aydınlıq gətirir:

- Vahid müəllim, bəzi ekspertlərin proqnozlarına görə, manatın ikinci devalvasiyası gözlənilir. Bu barədə sizin fikirlərinizi bilmək istərdik...

- Düzdür, manatla bağlı müəyyən proqnozlar verilir, müxtəlif fikirlər səsləndirilir. Lakin nəzərə almaq lazımdır ki, bu gün manat faktiki olaraq həqiqi bazar qiymətini almayıb. İndi də Mərkəzi Bank manatı 1,05 səviyyəsində saxlamaq üçün kifayət qədər vəsait xərcləyir. Düşünürəm ki, tezliklə manatın yenidən ucuzlaşması olmayacaq.

- Bu, tezliklə baş verməyəcəksə, manatın yenidən devalvasiyası təxminən nə vaxta gözlənilir?

- Mənim Mərkəzi Bankın sədri Elman Rüstəmovla söhbətim olub. O, bildirdi ki, yaxın zamanlarda devalvasiya olmayacaq. Amma ilin yarısından sonra devalvasiyaya gedilməsi qaçılmaz olacaq. Çünki bu, manatın həqiqi bazar qiymətinə çatması üçün vacibdir.

- Necə düşünürsünüz, manatın yenidən devalvasiyaya uğraması nədən asılı olacaq?

- Bu, birbaşa neftdən asılıdır. Əgər neftin qiyməti indiki səviyyədə qalacaqsa, devalvasiyaya ehtiyac olacaq. Amma neftin qiymətində artım baş verərsə, bu da o qədər gözlənilən deyil, o zaman manat devalvasiyaya uğramaya da bilər. Mən Milli Məclisdə də tövsiyə etdim ki, devalvasiyaya gediləcəyi təqdirdə bu, yumşaq edilsin ki, birinci devalvasiya kimi əhaliyə şok terapiya olmasın. Proses qaçılmaz olacağı təqdirdə ilin ikinci yarısında başlansın ki, insanlar çox əziyyət çəkməsin. Onsuz da manat həqiqi bazar qiymətini almayıb. Prosesi ilin ikinci yarısından başlayaraq 2016-cı ilin ortalarına qədər davam etdirmək olar. Vəziyyət bunu diqtə edir. Devalvasiya labüddür.

- Proqnozlara görə 1 dollar 2 manata qədər bahalaşa bilər. Bunu real hesab edirsiniz?

- Ola bilər. Amma o qədər olmasa belə, manat devalvasiyaya uğrayacaq. Bu, labüddür. İqtisadi amillər bunu diqtə edir. Bir daha deyirəm ki, bu, neftin qiymətindən asılıdır. Əgər dünya bazarında neftin qiyməti artacaqsa, devalvasiyaya ehtiyac qalmayacaq. Neftin qiyməti bu səviyyədə qalacağı və enəcəyi təqdirdə devalvasiyaya qaçılmaz olacaq.

- Sizin proqnozlarınıza görə, ikinci devalvasiya ikinci yarım ildə reallaşacaq?

- Bəli, mən belə hesab edirəm. Çünki Mərkəzi Bankın İdarə Heyətinin sədri də açıqlama verdi ki, yaxınlarda devalvasiya gözlənilmir. Müəyyən məqamları da açıqladılar. Açıqlamasalar belə, biz bilirdik ki, bu proses getməlidir. Amma biri var devalvasiyanı 21 fevraldakı kimi şok terapiya kimi tətbiq edəsən, biri də var yumşaq, vətəndaşın hiss etməyəcəyi təqdirdə. Bizim istəyimiz budur ki, ikinci yarım ildən etibarən ikinci dəfə məhz yumşaq devalvasiya tətbiqi seçilsin.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir