Avqustun 11-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına növbəti tarixi səfərini həyata keçirdi. Dövlət başçısının artıq sayca 17-ci olan bu səfəri regionun gələcək inkişafı, xüsusilə də Naxçıvanın regional və qlobal nəqliyyat-enerji qovşağına çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Səfər çərçivəsində ölkə başçısı Azərbaycan Televiziyasına verdiyi geniş müsahibədə Naxçıvanın son dövrlərdəki davamlı inkişafına diqqət çəkərək, istər cari layihələr, istərsə də qarşıdakı onilliklər üçün bölgənin strateji inkişafı ilə əlaqədar hədəflərə dair son dərəcə vacib məqamlara toxundu.
Ümumi inkişaf mənzərəsinə nəzər yetirsək, bu illər əzində görülən işləri üç əsas prioritet üzrə qruplaşdıra bilərik: təhlükəsizlik, enerji müstəqilliyi və nəqliyyat-iqtisadi inteqrasiya.
Tarixi ədalətsizliyin nəticəsində Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə birbaşa quru sərhədinin olmaması, həmçinin Ermənistanın işğalçılıq siyasəti səbəbindən uzun müddət blokada vəziyyətində qalması ilə əlaqədar müəyyən mənada bu əraziyə təhlükəsizlik baxımından digər regionlarımızdan fərqli bir yanaşma sərgilənib.
Prezident İlham Əliyev müsahibədə bu məsələyə diqqət çəkərək qeyd edib ki, “Bu illər ərzində, əlbəttə ki, ilk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında idi. Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, - özü də ən müasir texnika ilə, – həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir. Bildiyiniz kimi, Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək.”
Heç şübhəsiz Ptrezidentin müsahibəsində yer alan mühüm mövzulardan biri Zəngəzur dəhlizi layihəsinin gedişatı olub. Prezident bu təşəbbüsün mahiyyətini geniş tarixi kontekstdə izah edib: 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda şəxsən cənab İlham Əliyevin təkidi nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhlizin nəzərdə tutulmasına baxmayaraq, sonrakı beş il ərzində bu istiqamətdə praktiki addım atılmayıb. Prosesin canlanması 2025-ci ilin yaz aylarında ABŞ-ın vasitəçiliyi ilə başlayan təmaslarla bağlı olub və nəhayət 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Zirvə Görüşündə layihənin icrasına rəsmən start verilib.
Layihənin texniki parametrləri diqqət çəkir - Azərbaycan tərəfi artıq Horadiz–Ağbənd avtomobil yolunu demək olar ki, tamamlayıb. Naxçıvan seqmentində işlər davam edir. Yeni texniki-iqtisadi əsaslandırmaya görə yolun ümumi uzunluğu 194 kilometrə çatacaq və əvvəlki layihədən daha uzun olacaq, çünki köhnə döngələr 15 milyon tonluq yükaşırma tutumuna cavab vermir.
Azərbaycan bu layihəyni maliyyə baxımından tam dəstəkləyə bilər, amma eyni zamanda bir sıra ölkələr, o cümlədən Avropa İttifaqı bu layihəyə maraq göstərir. Bu qurumun nümayəndələri artıq Naxçıvana səfər edərək yerində vəziyyətlə tanış olublar.
Dəhlizin coğrafi əhəmiyyəti təkcə Şərq-Qərb xətti ilə məhdudlaşmır. Zəngəzur dəhlizi vasitəsilə Naxçıvandan Culfa dəmiryol məntəqəsi üzərindən İrana ikinci dəmir yolu bağlantısının yaranacaq ki, bu da Şimal-Cənub nəqliyyat dəhlizinin Fars körfəzinə, oradan isə Pakistan kimi ölkələrə uzanan alternativ qoluna çevrilə bilər. Bu strateji mövqe Naxçıvanı, Prezidentin ifadəsiylə desək, ölkənin dənizə çıxışı olmasa da regional nəqliyyat xəritəsində “bypass” edilə bilməyən mərkəzə çevirir.
Naxçıvanın enerji təchizatı tarixinə nəzər yetirsək, bu, mərhələli inkişafı əks etdirir. Muxtar Respublika hazırda 100 faiz qazlaşdırılıb (Azərbaycan üzrə orta göstərici 96 faizdir) və bu, əvvəllər İran İslam Respublikası ilə imzalanmış qaz mübadiləsi sazişi sayəsində təmin olunub — İrandan Azərbaycana qaz kəməri çəkilib, eyni zamanda Astara rayonundan İrana qaz nəqli təmin edilib.
Prezidentin Naxçıvan səfəri çərçivəsində Naxçıvan Sənaye Parkının təməli qoyulub — yeni Park ərazi baxımından Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci belə Sənaye Parkıdır və yeni iş yerlərinin yaradılması baxımından mühüm layihədir. Onun tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyası inşa ediləcək ki, bu da Naxçıvanın hazırkı 200 meqavatlıq generasiya gücünü 1,5 dəfədən çox artıracaq. Paralel olaraq 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi ilə tanışlıq olub. Ölkə başçısı bu məsələlərin əhəmiyyətinə diqqət çəkərək, artıq 600 hektardan çox ərazinin Günəş stansiyaları üçün müəyyənləşdirildiyini və gələcəkdə Naxçıvanda yalnız Günəş enerjisi istehsalının ən azı 500, bəlkə də 1000 meqavata çatmasının gözlənildiyini bildirib.
Bu rəqəmlər Naxçıvanın daxili tələbatını qat-qat üstələdiyindən, əsas hədəf artıq ixracdır. Bunun üçün ötürücü infrastrukturun genişləndirilməsi zəruridir: hazırda Naxçıvandan İrana və Türkiyəyə mövcud elektrik xətləri var, lakin onların tutumu məhduddur. Bundan əlavə, Ordubad rayonunun Tivi kəndində 15 meqavatdan bir qədər artıq gücdə su elektrik stansiyası layihəsi davam etdirilir, həmçinin bərpaolunan enerjinin saxlanması üçün ilk mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun qurulması nəzərdə tutulur.
Xüsusilə diqqətçəkən layihə — Azərbaycanın əsas ərazisindən Ermənistan ərazisi vasitəsilə Naxçıvana yeni elektrik xəttinin çəkilməsidir. Bunun texniki əsası artıq hazırdır: işğaldan azad edilmiş Cəbrayıl rayonunda tikilən böyük yarımstansiya məhz bu məqsəd üçün — böyük enerji həcmlərinin ötürülməsi üçün — nəzərdə tutulub, hətta Ermənistan ərazisində dirəklərin yerləri belə müəyyənləşdirilib. Prezident bu layihəni TRIPP-in tərkib hissəsi kimi dəyərləndirib və onun Ermənistanın özü üçün də faydalı ola biləcəyini vurğulayıb — belə ki, ölkənin əsas enerji mənbəyi olan köhnəlmiş atom elektrik stansiyasının gec-tez bağlanacağı ehtimal edilir.
Uzunmüddətli perspektivdə Naxçıvan bölgəsi Azərbaycanın Avropaya elektrik enerjisi ixracı planlarının bir hissəsi kimi görünür: Qara dəniz enerji kabeli layihəsinin texniki-iqtisadi əsaslandırması hazırdır, 2024-cü ilin noyabrında isə Xəzərin dibi ilə Qazaxıstan və Özbəkistanla elektrik kabeli çəkilişi barədə saziş imzalanıb.
Bölgədə kənd təsərrüfatının inkişafı da diqqət mərkəzində olacaq. Bu ilin may ayında qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvan bölgəsi xüsusi olaraq nəzərə alınıb. Suvarma sisteminin genişləndirilməsi prioritetdir: yeni artezian quyularının qazılması, müasir suvarma sistemlərinin quraşdırılması və hazırda suvarılmayan torpaqlara suyun çatdırılması nəzərdə tutulur.
Naxçıvan şəhərinin daxili nəqliyyat problemi artıq həll edilmiş sayılır: dizel avtobuslar tamamilə istismardan çıxarılıb, elektrik mühərrikli avtobuslar xəttə buraxılıb. Rayonlararası nəqliyyatda isə 217 müasir avtobusun bu il və gələn il alınıb marşruta buraxılması planlaşdırılır. Yol infrastrukturunda daha 420 kilometr uzunluğunda kənd yollarının çəkilişi və əsaslı təmiri nəzərdə tutulur ki, bu da 26 yaşayış məntəqəsində yaşayan təxminən 160 min nəfərin rahatlığına xidmət edəcək.
Turizm potensialının reallaşdırılması üçün əsas maneə keyfiyyətli mehmanxana infrastrukturunun çatışmazlığı olub. Bu boşluğu doldurmaq məqsədilə şəhərin mərkəzində beşulduzlu mehmanxananın təməli qoyulub, tikintinin 2028-ci ildə başa çatması gözlənilir.
Prezident cənab İlham Əliyev sadalanan məsələlərə müsahibədə geniş yer ayıraraq, həmçinin Naxçıvanın tarixi-mədəni irsinin qorunmasının vacibliyini və əhəmiyyətini qeyd edib. Möminə Xatın məqbərəsinin bərpası davam edir, məqbərənin memarı Əcəmi Naxçıvaninin şərəfinə abidə ucaldılıb. Bu istiqamətdə görülən işlər tarixi mədəniyyət abidələimizin mühafizəsi ilə yanaşı, bölgədə turizmin inkişafına da töhfə verə biləcək amillərdəndir.
Bu səfər zamanı Prezident cənab İlham Əliyevin səsləndirdiyi fikirlər, həmçinin həyata keçirilən layihələr və qarşıda duran hədəflər bu bölgənin istər regional, istərsə də qlobal səviyyədə əhəmiyyətinin artmasını bir daha nümayiş etdirir. Prezidentimizin liderliyi ilə Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi və geoiqtisadi reallıqlar Cənubi Qafqazda uzunmüddətli sülh, sabitlik və inkişafa mühüm töhfə verməklə yanaşı, aparıcı dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların bu bölgəyə marağını davamlı olaraq artırmaqdadır. Eyni zamanda, ümid edək ki, Ermənistan hökuməti və xalqı da bu tarixi fürsəti düzgün qiymətləndirəcək və bölgənin ümumi rifahı üçün üzərinə düşən məsuliyyəti dərk edərək, dayanıqlı sülh üçün zəruri addımları atacaq.
Zaur Şükürov
Milli Məclisin deputatı