Modern.az

Azərbaycanın Olimpiya çempionları KİMLƏRDİ...

Azərbaycanın Olimpiya çempionları KİMLƏRDİ...

Reportaj

30 İyul 2024, 11:50

Paris Olimpiadasında azərbaycanlı cüdoçu Hidayət Heydərov 73 kq çəki dərəcəsində çempion olmaqla adını ölkəmizin idman tarixinə yazdırdı.
Cüdo üzrə Azərbaycan millisi nəhayət 16 ildən sonra Olimpiadada qızıl medal qazandı.
Qeyd edək ki, cüdo komandamız sonuncu dəfə qızıl medala 2008-ci il Pekin Olimpiadasında sahiblənmişdi.

Bəs ümumiyyətlə, indiyə kimi Azərbaycanın hansı idmançıları Olimpiya çempionları olublar?

Modern.az saytı idmançılarımızın hansı Olimpiadalarda qızl medal qazandığını araşdırıb.

Azərbaycan Respublikası hələ keçmiş SSRİ-nin tərkibində olarkən – 1991-ci ilə kimi bir sıra idmançılarımız Olimpiya Oyunlarının qızıl medallarını qazanmışdılar. Onlar aşağıdakılardı:

1964-cü il Tokio Olimpiadasl - Viktor Mineyev (müasir beşnövçülük, komanda yarışı);
1968-ci il Mexiko Olimpiadası - İnna Rıskal, Vera Lantratova (voleybol);
1972-ci il Münhen Olimpiadası - İnna Rıskal (voleybol);
1976-cı il Monreal Olimpiadası - Rəfiqə Şabanova, Lüdmila Şubina (həndbol);
1980-ci il Moskva Olimpiadası - Larisa Savkina (həndbol); 
1988-ci il Seul Olimpiadası - İqor Ponomaryov (futbol), İlqar Məmmədov, Boris Koretski (qılıncoynatma, komanda yarışı).

Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra idmançılarımızın Olimpiadalardakı uğurları davam edib.


1992-ci ildə Barselonada keçirilən XXV Yay Olimpiya Oyunlarında Azərbaycan 5 idmançl ilə iştirak edib. Həmin yarışlarda cüdoçu Nazim Hüseynov 1-ci yeri tutmaqla Azərbaycanın üçrəngli bayrağını ucalara qaldırıb və onun şərəfinə Dövlət Himnimiz səsləndirilib. Yeri gəlmişkən, 1969-cu il təvəllüdlü Nazim Hüseynov Barselona Olimpiadasının açılış mərasimində milli komandamızın üçrəngli bayrağını daşıyan bayraqdarı olmuşdu.
 


Barselonada keçirilmiş XXV Yay Olimpiya Oyunlarının daha bir qızıl medalçı Valeri Belenki... 1969-cu il təvəllüdlü Valeri gimnastika idman növündə yarışmışdı. Bu olimpiadada Valeri Belenki komanda hesabında qızıl, çoxnövçülük üzrə hərəkətlərdə isə bürünc medal qazanıb.
 


Stend atıcısı Zemfira Meftahetdinova 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək çempionluğa yüksəlib. 1963-cü il təvəllüdlü atıcının adı Olimpiadanın qızıl medalçısı kimi idman tariximizə yazılıb.


Sərbəst güləşçi Namiq Abdullayev də 2000-ci il Sidney Olimpiadasının qızıl medalçısıdır. 1971-ci il doğumlu Namiq Abdullayev Sidney Yay Olimpiya Oyunlarının paradında Azərbaycan komandasının bayraqdarı olub.


1982-ci il doğumlu Fərid Mansurov 2004-cü ildə Yunanıstanın paytaxtı Afinada keçirilən XXVIII Yay Olimpiya Oyunlarının qalibi olub. O, yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində yarışırdı.


2008-ci ildə Çinin paytaxtı Pekin şəhərində keçirilən Yay Olimpiadası Elnur Məmmədlinin qızıl medal qazanması ilə yadda qalıb. 1988-ci il təvəllüdlü Elnur Məmmədli 73 kq çəki dərəcəsində mübarizədə tataminin 1-cisi olmaqla Azərbaycan Himninin səsləndirilməsinə nail olmuşdu.
 


Sərbəst güləşçi Toğrul Əsgərov 2012-ci ildə Böyük Britaniyanın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında qızıl medala sahiblənib. 1992-ci il təvəllüdlü idmançı Olimpiya Oyunlarının qalibi olan ən gənc Azərbaycan idmançısı kimi də tarixə düşüb.
 


2012-ci ilin London Olimpiadasında daha bir qızl medalını sərbəst güləşçimiz Şərif Şərifov qazanmışdı. 1988-ci il təvəllüdlü Şərif Şərifov Azərbaycan komandasının milliləşdirilmiş legioneridir. Avar əsilli idmançı Dağıstanda doğulub.


Növbəti Olimpiya çempionumuz Radik İsayev bu uğura 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında imza atmışdı.Bununla da 1989-cu il təvəllüdlü taekvondoçunun adı Azərbaycanın idman tarixinə yazılıb.

2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçirlən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Milli Olimpiya Komandası 44 idmançı ilə 14 idman növündə təmsil olunub, amma qızıl medal qazana bilməyib. Azərbaycan Milli Olimpiya Komandası həmin Olimpiadanı 7 medalla (3 gümüş və 4 bürünc) başa vurub.



Nəhayət hazırda davam edən 2024-cü ilin Paris Olimpiadası. Azərbaycan cüdoçusu Hidayət Heydərov "Paris-2024"də qızıl medal qazanıb. Paris Olimpiadası hələ avqustun 11-dək davam edəcəyindən qarşıdakı yarışlarda idmançılarımızdan növbət qızl medallar gözlənilir.


Ə.Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi