Modern.az

Qarabağ savaşının ilk şəhidi – Cümhuriyyət ordusunun fəalı CƏLİL XUDİYEV

Qarabağ savaşının ilk şəhidi – Cümhuriyyət ordusunun fəalı CƏLİL XUDİYEV

9 Yanvar 2018, 23:33

Ötən əsrin əvvəllərindən 80-ci illərə qədər Qarabağda erməni millətçilərinin mənfur əməllərinin şahidi olmuş Cəlil Xudiyev ömrünün sonuna, 93 yaşına qədər torpaqlarımızın bütövlüyü uğrunda mübarizəsini davam etdirib. Ermənilərin növbəti dəfə, 1988-ci ildə başladığı müharibənin ilk qurbanı da elə Cəlil Xudiyev olub.

 

Modern.az saytı Cəlil Xudiyev haqqında yazını təqdim edir.

 

Cəlil Muxtar oğlu Xudiyev 1895-ci ildə Şuşada anadan olub. Rus-Tatar Məktəbini, sonralar isə Sankt-Peterburqda Hərbi Məktəbi bitirib, təhsilini başa vurduqdan sonra gənc yaşlarından dövlət orqanlarında çalışıb.

 

1918-1920-ci illərdə general Mehmandarovun rəhbərlik etdiyi Azərbaycan ordusunda mühüm vəzifələrdə çalışan Cəlil Xudiyev ermənilərin qiyamının yatırılmasında və onların Əsgəran qalasından, Laçından, Dağlıq Qarabağdan çıxarılmasında iştirak edən hərbi hissənin rəhbərlərindən biri olub.

 

Cəlil Xudiyev hələ uşaqlıq illərindən erməni vəhşiliklərinin canlı şahidi olub. Belə ki, onun qardaşı Balaca Xudiyevi 1905-ci ildə ermənilər vəhşicəsinə qətlə yetiriblər. Ancaq qoçaqlıqları ilə fərqlənən Xudiyevlər nəsli öz qisaslarını ermənilərdən ikiqat çıxıblar.

 

Sonralar Xankəndinə köçən Cəlil Xudiyev bu şəhərdə yaşayan ermənilərə qarşı amansız mövqedə dayanıb, o, çəkinmədən, qorxmadan mülli münaqişə törətmək niyyətində olan erməni millətçilərini ifşa edib, Xankəndində at oynatmaq istəyində olan ermənilərin arzularını gözündə qoyub.

 

1967-ci ildə Xankəndində üç azərbaycanlının qətlə yetirilməsi bağlı aparılan istintaqda, bu cinayətin üstünün açılmasında Cəlil Xudiyevin rolu az olmayıb. O, Bakıdan gələn nümayəndələrlə, həmin dövrdə DTK-nın sədri vəzifəsində çalışan Heydər Əliyevlə şəxsən görüşüb.

 

Təbii ki, bu qorxmaz azərbaycanlının Xankəndində yaşaması ermənilər üçün arzuolunmaz sayılıb. Və onlar Cəlil Xudiyevi aradan götürmək üçün münasib məqam axtarıblar. Digər bir tərəfdən onun ötən əsrin əvvəllərindən baş verən hadisələri dəqiqliyi ilə bilməsi də erməniləri narahat edib. Çünki həmin dövrlərdə baş verən hadisələrlə istənilən vaxt erməniləri konkret faktlarla ifşa etmək üçün Cəlil Xudiyevin gördükləri və bildikləri yetərli idi.

 

Cəlil Xudiyev ahıl yaşlarında da öz mübarizəsindən dönməyib. Sözünü və əsl həqiqəti ermənilərin düz gözünə deməyi bacarıb.

 

1988-ci ildə Xankəndi şəhərində fəallaşan ermənilər nəhayət ki, öz istəklərinə nail ola biliblər. 93 yaşlı Cəlil kişi hamam nömrəsində olarkən bir qrup erməni qapını arxadan mismarlayaraq isti buxarı içəri buraxmaqla onu diri-diri yandırıblar. Bu hadisədən sonra isə Cəlil Xudiyevin evi də yandırılıb.

 

Beləliklə, Cəlil Xudiyev Qarabağ savaşının, erməni vəhşiliyinin ilk qurbanı olub.

 

Ermənilər bu cinayətləri ilə həm də Xankəndi şəhərində yaşayan azərbaycanlıları qorxuya salmaq niyyətində olublar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır