ABŞ Prezidenti Cozef Bayden Səudiyyə Ərəbistanına səfərə hazırlaşır. “The Washington Post” dərgisi səfəri Vaşinqtonun Moskva və Pekinə qarşı siyasəti kimi qiymətləndirib. Qəzetdə yayımlanan məqalədə qeyd olunub ki, Ağ Evin keçmiş illərdə olduğu kimi Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı güclənidrməkdə marağı var. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda bir çox ölkənin Səudiyyə Ərəbistanı neftinə ehtiyacı artıb. Bunu ABŞ Prezidenti Cozef Bayden də çıxışlarında gizlətmir.
Modern.az-ın məlumatna görə, Səudiyyə Ərəbistanı ətrafında gedən prosesləri şərh edən politoloq Elxan Şahinoğlu xatırladıb ki, Cozef Bayden Səudiyyə Ərəbistanına səfərlə bağlı qərarın yaxın ətrafında birmənalı qarşılanmadığını etiraf edib.
Onun fikrincə, Bayden strateji baxımdan bu səfərin əhəmiyyətli olduğu qənaətindədir. Baydendən əvvəl Səudiyyə Ərəbistanına prezidentin Yaxın Şərq üzrə müşaviri Brett Makqrek gedib. O Baydenin səfər proqramını hazırlamaq məqsədilə Ər-Riyadda görüşlər keçirib:
"Aydındır ki, Cozef Baydenin Səudiyyə Ərəbistanına səfəri yalnız onun yaxın ətrafında deyil, ABŞ-ın bütün siyasi spektrində və ölkə ictimaiyyətində ciddi suallar doğuracaq. Səudiyyə Ərəbistanı rejiminin müxalif jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluqda 2018-ci ildə qətl qərarı hələ yaddaşlardadır. Səudiyyə Ərəbistanı vətəndaşı olan Camal Qaşıqçı ölümündən bir neçə il əvvəl ABŞ-a köçmüş, “The Washington Post” dərgisində məqalələr yayımlayır, məqalələrində Səudiyyə Ərəbistanında kral hakimiyyətinin siyasətini tənqid edirdi. Ona görə də Camal Qaşıqçının qətli Amerikada da qəzəb doğrumuşdu.
Buna baxmayaraq, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqdan imtina etmədi. Səudiyyə Ərəbistanı Cozef Bayden administrasiyası üçün də vacib ölkədir. Administrasiyada düşünürlər ki, Amerika Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı aşağı səviyyəyə endirərsə, bundan onun rəqibləri Moskva və Pekin istifadə edəcək. Həqiqətən son illər Rusiya və Çinin Səudiyyə Ərəbistanı ilə siyasi və iqtisadi təmasları artıb. Ər-Riyad bu əlaqələrdən istifadə edərək Vaşinqtonu Səudiyyə Ərəbistanı ilə münasibətlərdə daha fəal olmağa sövq edir. Misal üçün 2020-ci ildə Səudiyyə Ərəbistanı ilə Çin arasında saziş imzalanıb. Həmin sazişə görə Səudiyyə Ərəbistanı Çinə neftin nəqlini artırmalıdır. Bundan başqa Pekin Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə Çindəki yataqlarda neft çalışmalarına başlamaq imkanı yaradıb. Bunlar Vaşinqtonu narahat etməyə bilməz. Ona görə də Ağ Ev sahibi Səudiyyə Ərəbistanına 2 günlük səfərə ehtiyac duyub".
Politoloq, həmçinin vurğulayıb ki, bu arada, Çinə qarşı növbəti həmlə ABŞ dövlət katibi Entoni Blinkendən gəlib. Belə ki, Blinken “böyük iyirmilərin” xarici işlər nazirlərinin İndoneziyadakı toplantısından sonra Pekini bu sözlərlə tənqid edib: “Çin bəyan edib ki, Ukrayna məsələsində neytral mövqedədir. Ancaq işğal varsa, necə neytral qalmaq olar? Çin neytral deyil, BMT-dəki səsvermələrdə hər zaman Rusiyanın mövqeyini dəstəkləyir, bu siyasət indi də davam edir”. Halbuki, Entoni Blinken bu açıqlamadan əvvəl çinli həmkarı Van Yi ilə 5 saatlıq danışıqlar aparmışdı. Demək, danışıqlar nəticə verməyib ki, Blinken Pekinin Kremlin arxasında süründüyünü bəyan edib.