Cənub qonşumuz İranda etiraz aksiyaları səngimək bilmir. Sentyabr ayından başlayan aksiyalar qısa zaman ərzində bütün ölkəni bürüyərək kütləvi iğtişaşlara səbəb olub.
Etirazçıların əsas tələbi molla rejiminin amansız qadağalarından xilas olmaq və azad həyat yaşamaqdır. Onların bu istəyi yüzlərlə günahsız sakinin hakimiyyət qüvvələri tərəfindən öldürülməsinə gətirib çıxarıb. Bununla belə, əhali din pərdəsinə bürünən Tehran rejimindən birdəfəlik qurtulmaq üçün sonadək mübarizə aparmağı hədəfləyir.
Qonşu ölkədə baş verən proseslərin nəticəsi nə olacaq? Etirazlar nə vaxta kimi davam edəcək?
Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Natiq Miri bildirib ki, hazırda İran rejimi özünün ən təhlükəli dönəmini yaşayır. Belə ki, İranda etirazlar pik həddə çatıb:
"Əvvəllər kortəbii, yaxşı təşkilatlanmamış etirazlar olurdu. İndi isə İranda milli oyanış və milli azadlıq hərakatı var. Bu da İranın qondarma rejimini ciddi şəkildə təhdid edir. İran rejimi etirazları yatıra bilmir. Ona görə də, etirazçılara qarşı güc strukturları daha amansız davranır, hətta, küçələrdə hamının gözü qarşısında insanları güllələyirlər. Etirazçılara qarşı belə münasibət İrana faydadan çox ziyan vuracaq. Güc tətbiqinin artırılması əks-təsirə səbəb olacaq. Biz bunun təzahürlərini görməkdəyik. Artıq etirazçılar tərəfindən İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) generalları evlərdə və küçələrdə öldürülür”.
Politoloqun sözlərinə görə, İran vətəndaşları arasında molla rejiminə inam qalmayıb, insanlar tezliklə azadlığa qovuşmağı arzulayırlar:
“Güc tətbiqi həm də ona görə işə yaramayacaq ki, İranı din pərdəsi altında idarə etmək istəyən molla rejiminə zərrə qədər inam qalmayıb. Çünki molla rejimi İranı islamlaşdırmaqdansa, islamı iranlaşdırıb və fransızlaşdırıb. Məhz buna görə də, İranın gələcəkdə molla rejimi tərəfindən idarə edilməsi ehtimalı sürətlə sıfıra yaxınlaşır. İrandakı etirazlarda iştirak edənlərin əksəriyyətinin əsasən tələbə və gənclərdən ibarət olması hazırkı rejimin sürətlə çökməsinə təkan verə biləcək. Çünki tələbələr, gənclər ölkənin gələcəyidir”.
İranın ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin Azərbaycanla bağlı çıxışına gəlincə, politoloq Tehrandan səslənən bəyanatların şübhəli olduğunu söyləyib:
“Əli Əkbər Vilayətinin yumşaldıcı fikirlərinə qətiyyən aldanmaq olmaz. Çünki onun açıqlaması İranın çətin vəziyyətə düşməsi ilə əlaqədardır. Bu sözlər həqiqətə söykənərək deyilməyib. Düzdür, o mülayim fikirlər səsləndirib. Ancaq İranın Ermənistandakı səfiri bu ölkənin prokuroru ilə görüşdə Zəngəzurla bağlı hansısa ölkənin iddiasına icazə verməyəcəyik deyir. Bu, növbəti dəfə İranın Azərbaycana "barmaq sirkələməsi" idi. Mən indiki halda İranla regional və beynəlxalq layihələrin həyata keçirilməsinin qətiyyən əleyhinəyəm. İrana heç bir sahədə güzəşt etmək olmaz. İran rejimi bu gün də olmasa, sabah dağılacaq. Ona görə də, onun ömrünü uzadacaq hansısa iqtisadi layihələr həyata keçirmək düzgün deyil. Enerji layihələrinə, xüsusilə də Cənub-Şimal layihəsinə qoşulmaq olmaz. Çünki İran Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik mövqeyindən əl çəkmir və əl çəkməyəcək də. Sadəcə olaraq bu gün İrana qarşı güclü koalisya var. İran bundan qorxur. İranın hazırkı rejimi dağılmayana qədər bu ölkənin Azərbaycana düşmənçiliyi sona yetməyəcək”.
Qeyd edək ki, bir neçə gün öncə İran Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycanla bağlı bəyanatla çıxış edib. O bildirib ki, İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur.
“Azərbaycan əgər hər hansı ölkənin hücumuna məruz qalarsa, İranı dəstək üçün öz yanında görəcəkdir. Arazın şimalındakı azərbaycanlılarla aramızda hər hansı səbəbdən ayrılıq olsa da, biz sərhədləri aradan qaldırıb, hər hansı yeri tutmağa çalışmırıq. Azərbaycan xalqı öz ölkəsini idarə edir və bu cür yersiz sözlər və ittihamlar əsassızdır, onlar (İran və Azərbaycanın düşmənləri) bilsinlər ki, bununla bağlı səyləri nəticəsiz qalacaq”, - Xameneinin müşaviri deyib.