Modern.az

Putinin eks-müşaviri: KTMT Ermənistanın istədiyini verməyəcək - ÖZƏL

Putinin eks-müşaviri: KTMT Ermənistanın istədiyini verməyəcək - ÖZƏL

Analitika

24 Noyabr 2022, 10:30

Ötən gün Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti iclası keçirilib. Bu iclas Ermənistan üçün vacib olsa da, İrəvan müzakirələr sonunda istədiyini ala bilməyib. Nəticədə baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib. Erməni hökumət rəhbəri belə bir sənədi imzalamağa hazır olmadığını deyib.

 

“KTMT KTŞ-nin bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəsi yetərincə işlənməyib və bu formada mən bu sənədləri imzalamağa hazır deyiləm”, - deyə Paşinyan bildirib.

 

Ermənistanın qeyri-adekvat reaksiyasına Kremldən reaksiya gecikməyib. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Nikol Paşinyan KTMT-nin Ermənistanla Azərbaycan arasındakı vəziyyətlə bağlı işini daha çox fiasko kimi şərh edir. Bununla belə, Rusiya rəsmisi Ermənistanın KTMT-dən çıxmayacağını diqqətə çatdırıb. 

 

Göründüyü kimi, KTMT-nin İrəvan toplantısı Ermənistanın xəyallarını puç etdi. Bundan sonra nələr gözlənilir, Rusiyanın mövqeyi necə olacaq?

 

 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru, prezidentin eks-müşaviri Sergey Markov bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlər Ermənistanın istədiyini verməyəcək.

 

“Təşkilata üzv ölkələrin Azərbaycan-Ermənistan məsələsi ilə bağlı öz mövqelərini açıq şəkildə bildiriblər. Onların mövqeyini nəinki Ermənistan, eləcə də heç bir ölkə dəyişdirə bilməz. KTMT-yə üzv dövlətlər başqa səbəbdən İrəvana toplaşıb. Bu gün Rusiyaya qarşı dünya ölkələri tərəfindən təzyiqlər var. Ona görə də ölkələr vahid yol tapmağa çalışırlar. Bu yol Rusiya ilə əlaqələri pozmadan, Qərbin təzyiqlərinə məruz qalmadan axtarılır. Çünki KTMT-yə üzv ölkələr Rusiyaya görə Qərblə konfrantasiyaya getmək istəmirlər".

 

Sergey Markovun sözlərinə görə, Paşinyan hakimiyyətinin planı Ermənistanı KTMT-dən çıxarmaqdır. Buna səbəb kimi təşkilatın Ermənistan-Azərbaycan münaqişəsində İrəvanın tərəfini tutmaması göstərilir:

 

"Paşinyan nə qədər çalışsa da, üzv ölkələr Ermənistanın tərəfində olmayacaqlar. Biz bilirik ki, təşkilatda Türk dövlətləri də təmsil olunur. Onlar Azərbaycanın tərəfindədirlər, hətta üzv olmayan dövlətlər də açıq şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir.

 

Paşinyan Rusiyanın Ermənistanı dəstəkləməsini artıq xahiş etmir, sanki tələb edir. Paşinyan Moskvanın düşmənləri olan Fransaya və ABŞ-a tərəf gedəcəyi ilə bağlı Rusiyanı təhdid edir. İndi isə əsas seçim Rusiyanın olacaq. Bundan sonra Rusiya Paşinyana ya güzəştə gedəcək, ya da digər erməni siyasətçi ilə əvəz edəcək. Bu qərar çox uzaqda deyil. Azərbaycan-Ermənistan münaqişəsində əsas rol Rusiyanındır. Ona görə də Paşinyan seçim etməlidir, danışıqların yekununda Putin hansısa vacib qərar qəbul edəcək”. 

 

Qeyd edək ki, ötən gün KTMT-nin İrəvan sammitində iştirak edən Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkün olduğunu deyib. 

 

"Ümid var ki, nəticədə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq mümkündür", - Putin çıxışında bildirib. Rusiya lideri, həmçinin qeyd edib ki, sərhədin delimitasiyası, nəqliyyat və humanitar məsələlərlə bağlı qərarlar Bakı və İrəvana sülh müqaviləsi imzalamağa imkan verəcək.

 

Lakin Putinin sülh mesajları belə Paşinyanı qane etməyib və o, sonda KTMT-nin mövqeyinə zidd gedərək Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan vaz keçib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər