Modern.az

Gənclər və siyasət: Z nəsli siyasi proseslərdə maraqlıdırmı...

Gənclər və siyasət: Z nəsli siyasi proseslərdə maraqlıdırmı...

19 Dekabr 2023, 17:12

Nəsillərin dəyişməsi hər zaman aktualdır. Bəşər övladı bir çox məsələdə idarəçiliyi öz əlinə ala bilsə də, zaman məfhumu üzərində qələbə çala bilməyib. Obyektiv reallıq olan zaman nəsil dəyişimini də labüd edir. İnsanlar yaşa dolduqca sələfə çevrilir, onların yerini gənc xələfləri tutur. Siyasət də bu baxımdan heç bir istisnalıq təşkil etmir. Dünyada da trend bu yöndədir ki, tədricən Z nəsli - gənclik ön plana çıxır. Bu nəslin seçici kimi marağını cəlb etməyə çalışan siyasətçilər bir müddət sonra özləri gənclərə səs verməli olacaqlar.

 

Sonuncu cümlənin reallığa çevrilməsi üçün bu suala cavab vermək lazımdır: Gənclərin siyasətə marağı varmı? Sözsüz ki, yuxarıda qeyd olunduğu kimi, onsuz da bu dəyişim labüddür və dünya siyasətinə nəzər yetirdikdə, prosesin tədricən getməkdə olduğunu müşahidə etmək olar. Lakin bir sıra mülahizələrə görə, Z nəsli digər nəsillərin gənclik dövründən kəskin surətdə fərqlənir. Bu nəslin nümayəndələri maraq dairələrinə, davranış tiplərinə, məsələlərə yanaşmalarına görə fərqlənirlər.

 

 

Belə ki, Z nəslinin - hazırkı gəncliyin sosial həyata, əyləncəyə, istirahətə daha çox düşkün olduğu, siyasi proseslərə o qədər də həvəs göstərmədiyi deyilir. Bununla belə, sosial mediada çox vaxt keçirən bu kəsimin tamamilə apolitik olduğunu demək də doğru olmaz. Müasir mətbuatın fəaliyyətini sosial media üzərindən qurduğu nəzərə alınsa, əslində gənc nəslin daim xəbərlərlə iç-içə olduğunu, dünyada baş verən proseslərdən anında məlumat almaq imkanına malik olduğunu demək olar.

 

Bundan başqa, sosial media siyasi kommunikasiya alətlərinin başında gəldiyi üçün gənclərin siyasi qüvvələrin piar kontenti ilə tanış olması da daha rahat və əlçatan formada mümkün olur. Gənclərlə fokus qrupu kimi işləmək bütün siyasi təşkilatların hər zaman marağında olub. Siyasi partiyaların gənclik qolları yaratması, gənclər siyasətinə böyük miqdarda vəsait ayırması da bununla əlaqədardır. Cəmiyyətin ən passionar, ən enerjili, ən aktiv hissəsinin gənclər olması baxımından bütün bunlar qətiyyən təsadüf deyil.

 

Beynəlxalq miqyasa malik hərəkatlarda da gənclərin rolu danılmazdır. Məsələn ekologiya və ətraf mühit, gender bərabərliyi və digər qlobal məsələləri gündəliyinə alan hərəkatlarda gənclər aparıcı qüvvə kimi çıxış edir. Məsələn, bütün dünyanın tanıdığı ekoaktivist Qreta Tunberqin nümunəsinə nəzər salmaqla, gənclərin bu sahədə hansı funksiyanı yerinə yetirdiyini başa düşmək olar. İsveç əsilli iqlim fəalı Tunberq 2003-cü ildə anadan olub.

 

 

Hazırda 20 yaşı olan aktivist 2018-ci ildən bəri 5 ildir (15 yaşından) ki, iqlim dəyişikliyi, qlobal istiləşmə, ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizə aparır. İqlim üçün etiraz tətili keçirərək məktəbə getməkdən imtina edən Tunberq İsveç parlamentinin qarşısında keçirdiyi oturaq aksiya ilə dünya mətbuatının diqqətini çəkib. 2019-cu ildə OPEC-in baş katibi Mohammad Barkindo Tunberqi "mineral yanacaq sənayesinə ən böyük təhdid" adlandırıb.

 

Gəncləri siyasətdə maraqlandıran əsas məsələlər, yəni birbaşa onların həyatına təsir edən və tezliklə həllinə nail olunması əsasən gənclər tərəfindən tələb olunan problemlər isə müxtəlifdir. Bunlara misal olaraq, namizədlik və səsvermə yaşı, yetkinlik yaşı, uşaq əməyi haqqında qanunlar, iş hüququ qanunları, iqlim dəyişikliyi, cismani cəza, içki satışı yaşı, sürücülük vəsiqəsi almaq yaşı, təhsil siyasəti, ekoloji məsələlər, qlobal istiləşmə, ictimai səhiyyə, abort, hərbi xidmət məsələləri, tələbə hüquqları, gənclər siyasəti və sairdir.

 

Bütün dövlətlərin hökumət strukturunda bu və ya digər adda və səlahiyyətlər çərçivəsində gənclərlə iş üzrə qurumlar fəaliyyət göstərir. Bu qurumların əsas vəzifəsi gənclər üçün aktual olan məsələlərə fokuslanmaqla onların məmnunluğunu təmin etmək, hökumətin gənclər siyasətini işləyib hazırlamaq və icra etmək, bu sahədə görülən işlərin koordinasiyasını həyata keçirməkdən ibarətdir.

 

Modern Təhlil və Araşdırma Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri