Modern.az

Dünyanı heyrətə salan “qardaşlıq ölkəsi” - Azərbaycanın tolerantlıq modeli

Dünyanı heyrətə salan “qardaşlıq ölkəsi” - Azərbaycanın tolerantlıq modeli

19 İyul 2019, 11:35

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Vaşinqtonda Din Azadlığının İrəlilədilməsi üzrə 2-ci Nazirlər Konfransında iştirak etmək məqsədi ilə ABŞ-a səfər edib. İyulun 21-dək davam edəcək konfransda Azərbyacan ilk dəfədir ki iştirak edir. ABŞ dövlət katibi Mayk Pompeonun da qatıldığı konfrans çərçivəsində “Azərbaycan –dini tolerantlıq modeli” mövzusuna həsr olunan dəyirmi masanın təşkili planlaşdırlır.

Toplantı ilə bağlı açıqlanmış məlumatdan görünür ki, konfransda 100-dən artıq ölkə və 10-dan artıq beynəlxalq təşkilat təmsilçisi, QHT üzvləri, nüfuzlu din xadimləri və dini liderlər qatılacaq.

Bakı ABŞ-a “boş çanta” ilə getmir.

Tolerantlıq prinsiplərini özü üçün aparıcı prioritetə çevirmiş Azərbaycan belə konfranslara ciddi önəm verir. Bunun səbəbləri kifayət qədər böyükdür. Müxtəlif dinlərin mövcud olduğu bir ölkə kimi Azərbaycan dözümlülük və birgə yaşamın yaxşı nümunəsini yaradaraq, bunu beynəlxalq platformada təqdim edə bilib. Prezident İlham Əliyevin prioritet elan etdiyi tolerantlıq və multkulturalizm siyasəti bu gün dini və etnik qarşıdurmalardan əzab çəkən dünya üçün sülh və əməkdaşlıq formatı kimi misilsizdir. Tarixən dini və etnik müxtəlifliyi ilə fərqlənən Azərbaycan bu baxımdan belə əməkdaşlığın ibrətli nümunəsini yarada bilib.

Ölkəmizdə dövlət və din münasibətlərinin hazırkı vəziyyəti isə region və dünyada belə tərəfdaşlığın möhkəm fundamentini yaratmaqla beynəlxalq sülh və təhlükəsizliyin möhkəmlənməsinə təkan verə bilər. Bu baxımdan Azərbaycanın neçə illərdir ki, apardığı “Bakı prosesi” bu siyasətin təbliği üçün uğurlu platformadır. Bundan başqa, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-ci ilin “Multikulturalizm ili” kimi qeyd olunmasını dövlətin siyasi mesajında ardıcıllığın nümayişi hesab etmək olar.

Bu gün Azərbaycanda dövlət və din münasibətləri qarşılıqlı etimada söykənir. Çoxkonfessiyalı etiqadlı kəsim cəmiyyətin bütövlüyü və harmoniyası ilə uzlaşaraq, dövlətin yürütdüyü siyasətin fəal dəstəkçiləri kimi çıxış edir. Rəsmi qeydə alınmış 942 dini icma dövlətin qayğısı və diqqəti ilə əhatə olunub. Dövlət dini icmalara maliyyə yardımı göstərməklə inanclı vətəndaşlarının yanında olduğunu, eyni zamanda bu kəsimin dövlət siyasətində önəmini göstərir. Belə konsepsiya din –dövlət münasibətlərində problem yaşayan digər ölkələr üçün uğur modeli kimi təqdim oluna bilər.


Qafqaz Müsəlmanları İdarəsi və onun sədri, Şeyxülislam Allahşükür Paşazadənin bu məsələdə tutduğu mövqe çox mühüm əhəmiyyət daşıyır. DQİK-lə yaxşı əməkdaşlıq sistemi qura bilmiş QMİ sədrinin digər səmavi dinlərin rəhbərləri ilə münasibətləri və əməkdaşlıq prosesinin avanqardı kimi çıxış etməsi unikal faktlardan biridir. Bununla QMİ sədri Azərbyacan dövlətinin dinə münasibəti ilə bağlı siyasətinin doğruluğunu beynəlxalq aləmə göstərməklə dünya üçün çox nadir olan ağrısız dövlət və din əməkdaşlığının mümkünlüyünü çatdıra bilir. Bu yanaşma hətta müsəlman cəmiyyəti üçün bəzi çətinliklər yaradan məzhəblərarası əlaqələrdə də öz müsbət ənənəsini yarada bilib. Məscidlərdə vəhdət namazının qılınması, bütün məzhəb nümayəndələri ilə balanslı münasibətlərin formatı vacib məqamlardan sayıla bilər.

Belə mövqe dövlətin dini cameə ilə əməkdaşlıq imkanlarını daha da dərinləşdirir, sabit vətəndaş cəmiyyəti formalaşdırır və kənardan yad “ilahi hökmlər”in ixrac təhlükəsinə qarşı etibarlı cəbhə yaratmaqda öz töhfələrini verir. İndiki qarmaqarışıq və dini-etnik fitnəkarlığın at oynatdğı zamanda bu, çox böyük əhəmiyyəti olan məsələdir.

Azərbaycanın yürütdüyü tolerantlıq siyasətinin beynəlxalq platformaya daşınması və təbliği, hesabatlılığı həm ölkənin imici üçün, həm də şübhəli dairələrin ölkəmizin dini vəziyyəti ilə bağlı vaxtaşırı bəyan etdiyi basmaqəlib hesabatlara da yaxşı cavabdır.

QMİ-nin 2018-ci ildə İspaniyada, Almaniyada, Avstriyada təşkil etdiyi beynəlxalq konfranslar bu siyasətin təqdimatı üçün yaxşı imkan verib. Bu konfranslar Azərbyacan Prezidentinin yürütdüyü siyasətin əsas prinsiplərinin, əldə olunan nəticələrin dünya ölkələrinə, nüfuzulu ruhani liderlərə çatdırılmasında mühüm əhəmiyyət daşıyır. Həmin beynəlxalq toplantılarda Bakının əldə etdiyi uğurlar etiraf olunmaqla yanaşı, bu model dini və etnik qarşıdurmalardan əziyyət çəkən ölkələr üçün “barış və sabitlik resepti” kimi qiymətini aldı.

Keçirilən belə tədbirlərdə iştirak edən dünyanın nüfuzlu ruhaniləri və ictimai xadimləri Bakının elan etdiyi multikulturalizm ideyalarının uğurunun canlı şahidinə çevrilirlər.

Bu ilin noyabrında Azərbaycanda keçiriləcək dünya dini liderlərin 2-ci Bakı Sammiti bir daha birgəyaşayın və multikultural modelin parlaq nümayişi üçün bir fürsət olacaq. Azərbaycanın bu sahədəki nailiyyəti artıq dünya ölkələri tərəfindən etiraf olunur. Bu siyasətin təbliğində xarici ölkələrdə keçirilən nüfuzlu konfransların əhəmiyyəti də çox böyük əhəmiyyəti var.


A.Səfərli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu