Modern.az

Kəramət Böyükçölün xanımı: “Həyatımızı birləşdirəndən bəri hər ikimizdə xeyli dəyişikliklər olub”

Kəramət Böyükçölün xanımı: “Həyatımızı birləşdirəndən bəri hər ikimizdə xeyli dəyişikliklər olub”

17 Yanvar 2020, 12:00

Fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak edən namizədlər arasında cəmiyyətin yaxından tanıdığı, məşhur insanlar da var.

Jurnalistlər, yazıçılar, vəkillər, ictimaiyyət nümayəndələr və digər tanınmış namizədlərin özləri qədər həyat yoldaşları da cəmiyyət üçün maraqlı simalardır.

 

Modern.az “Namizədlərin həyat yoldaşları” rubrikasında həmin maraqlı simaların fikirlərini oxuyacaqsınız.

 

Rubrikamıza gənc yazar, jurnalist Kəramət Böyükçölün xanımı Səidə İsmayılova ilə başlayırıq. 

 

Səidə xanım BDU-nun Filologiya fakültəsinin III kurs tələbəsidir, Prezident təqaüdçüsüdür.

 

O, həyat yoldaşına dəstəyini Modern.az-la da bölüşüb.

 

 

Səidə xanım, Kəramət Böyükçöl öz yaradıcılığı, hətta zaman-zaman sosial şəbəkədə paylaşdığı statusları ilə məşhurlaşıb. Bu məşhurluğu bölüşmək sizi məmnun edirmi?

 

Həyatımı bölüşdüyüm insanın məşhurluğu məni qətiyyən narahat etmir. Əksinə, insanların ona olan diqqətini, marağını, sevgisini görmək xoş təsir bağışlayır. Bununla yanaşı təəccüblənirəm də ki, özünü insanlara sevdirməyi necə bacarır? Məncə, bu, sözün insana təsirindən, gücündən və onun bir yazıçı olaraq bu gücdən istifadə etmək bacarığından irəli gəlir.

 

Hər kəsin tanıdığı Kəramət sizinlə həyatını birləşdirdikdən sonra tamam fərqli insana çevrildi. Parlament seçkilərində iştirak etməyi qərara alması isə onu tanıyanlar üçün daha bir sürpriz idi. Onun dəyişməsində sizin rolunuz nə dərəcədədir?

 

Həyatımızı birləşdirəndən bəri onda da, məndə də xeyli dəyişikliklər baş verib. Elif Şafakın "Aşk" romanında belə bir fikir var: Birini sevirsənsə, onun üçün edə biləcəyin ən böyük şey dəyişməkdir. Bu fikrə mənim öz əlavəm də var. Düşünürəm ki, bu dəyişikliyi o zaman sevgindən edirsən ki, sən həmin dəyişikliyi bilərəkdən etmirsən, sadəcə, içindən gəlir və bir də baxırsan ki, başqa bir insana çevrilmisən (təbii ki, müsbət mənada). Bəlkə də, bu heç dəyişiklik deyil, içindəki "əsl mən"in ortaya çıxmasıdır.

Parlament seçkilərində iştirakında mənim nə dərəcədə rolum olması məsələsinə gəldikdə isə özünün dediyinə görə, məndən enerji alır.

 

Seçkilərdə iştirak etmək haqqında qərar verərkən sizdən məsləhət aldımı? Onun bu qərarına münasibətiniz maraqlıdır?

 

Seçkilərdə iştirak etmək istəyi ilə bağlı fikrini biləndə buna münasibətim, təbii ki, müsbət oldu. Çünki yazıçı olaraq qəbul etdiyim, bir çox fikirləri, məsələlərə yanaşması ilə razılaşdığım birini Milli Məclisdə görmək, ilk növbədə, bir vətəndaş kimi də məni sevindirir.

 

Adətən namizədlər seçicilərin görüşünə öz xanımı ilə gedəndə insanlar üçün daha xoş təsir bağışlayır. Təbliğat kampaniyasında onun yanında olacaqsınızmı? Görüşlərə birlikdə getməyi düşünürsünüzmü?

 

Namizədliyin təsdiq olunması ilə bağlı imza toplanmasından tutmuş fotoların çəkilməsi, posterlərin hazırlanmasına qədər bütün proseslərdə yaxından iştirak etmişəm. Təbii, görüşlərə də bərabər getməyi düşünürük. Sadəcə, sessiya imtahanlarımla əlaqədər Bakıya getdiyim günlərdə yanında ola bilməyəcəyəm.

Kəramət Böyükçöl deputat olmaq istəyən digər namizədlərdən nə ilə fərqlənir?

 

Kəramət Böyükçöl deputat olmaq istəyən digər namizədlərdən həm cəmiyyətin, həm də dövlətin bir millət vəkilini necə görmək istədiyini dəqiqliyi ilə, tam anlamı ilə bilməsinə görə fərqlənir. O, kənddə böyüyüb, kənd adamının yaşayış şəraitini, dərd-sərini, arzularını bilir. Bununla yanaşı sosial-ictimai məsələlərdən xəbərdar adamdır, yazıçıdır, buna əsasən dövlətin insanların hüququnu, haqqını qoruyacaq necə millət vəkili istədiyini də bilir.

 

O bəzən fikirlərini qəbul etməyən insanların tənqidlərinə də məruz qalır. Amma bu heç kimə sirr deyil ki, cəmiyyət onu səmimi qəbul edir. Vəzifəyə keçməsi onun bu səmimiyyətinə kölgə sala bilərmi?

 

Məncə, o, vəzifəyə keçəndən sonra mahiyyətini dəyişəcək bir insan deyil. Buna görə də ona olan sevginin itməyəcəyindən əminəm. Çünki Kəramət Böyükçöl Milli Məclisdə də fikirlərini tam səmimiyyəti ilə ifadə edəcək xarakterdədir.

 

Son olaraq, "hər bir uğurlu kişinin yanında ağıllı qadın olar" deyirlər. Kəramət Böyükçölün yanında olmaq, onun uğurunu bölüşmək necə duyğudur?

 

Hər bir insana xoş olar ki, onun üçün dəyərli olan birinin uğurunu bölüşsün. Əgər uğur qazanan Kəramət Böyükçöldürsə, sevdiyi xanım olaraq bunun necə duyğu olduğunu deməyimə gərək varmı?!

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi