Modern.az

İndiki məktəbli formalarının aqibəti necə olacaq? - BTE-dən AÇIQLAMA

İndiki məktəbli formalarının aqibəti necə olacaq? - BTE-dən AÇIQLAMA

Təhsil

27 Yanvar 2020, 16:30

2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılıb. Layihəyə görə qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.

 

Bəs, növbəti tədris ilində məktəbli formalarının hazırlanması yenə də Bakı Tikiş Evinə həvalə olunacaq?

 

Məsələ ilə bağlı Modern.az-ın suallarını cavablandıran Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əliyev bildirib ki, hələlik formalarla bağlı aydın olmayan şeylər çoxdur:

 

“Bildiyiniz kimi, biz ən böyük məktəbli forması istehsalçısıyıq. 10 ildir ki, bu işlə məşğuluq. Hələlik yeni formalar Təhsil Nazirliyi tərəfindən təklif edilib, ictimai rəy öyrənilir”.

 

E.Əliyev qeyd edib ki, hazırda BTE-nin mağazaları fəaliyyətini davam etdirir:

 

“Hər gün də gəlib mağazalarımızdan məktəbli formaları alanlar var. Amma növbəti ildən köhnə formalar necə olacaq, onu bilmirəm. Çünki valideyn 1 dəfə alır, şagird onu 2-3 il geyinir. Pul verilən geyimlər gələn il lazımsız olacaqmı, atılacaqmı, bəlli deyil. Ona görə Təhsil Nazirliyi nə qərar verəcəksə, ona uyğun da işimizi görəcəyik”.

 

Şöbə rəisi qeyd edib ki, yeni formaların tikilməsinin də öhdəsindən də gələ bilərlər:

 

“Bu bizim üçün çətin deyil. Əsas son qərarın verilməsidir”.

 

Qeyd edək ki, geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:

 

 

- Ətək və şalvar - qara, tünd qəhvəyi, tünd boz, tünd göy və qəhvəyi-yaşıl;

- Köynək - ağ, dəri, mavi, açıq yaşıl və açıq sarı;

- Jaket - tünd boz, qəhvəyi, tünd göy, tünd yaşıl və açıq gəhvəyi.

 

Geyim formasının rəngi ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən ediləcək. Ümumi təhsil müəssisəsində yalnız bir geyim forması tətbiq edilə bilər. Dövlət ümumi təhsil müəssisələrinin şagirdləri məktəbdə və təntənəli məktəb tədbirlərində (məktəbdən kənarda olsalar da belə) müəyyən edilmiş geyim formasını geyinməlidirlər.

 

Qeyd edək ki, hazırda qüvvədə olan I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata təklif edilir.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir