Modern.az

Rusiyanın baş naziri Yerevana niyə gəlib? - ŞƏRH

Rusiyanın baş naziri Yerevana niyə gəlib? - ŞƏRH

6 Oktyabr 2020, 00:56

Rusiya baş nazirinin rəhbərliyi ilə nümayəndə heyətinin Ermənistana səfəri birmənalı olaraq, Azərbaycan -Ermənistan cəbhəsində baş verənlərlə bağlıdır.


Azərbaycanın son həftə ərzində öz torpaqlarını işğaldan azad etmək istiqamətində atdığı addımlar Rusiyanın təkcə Ermənistan deyil, bütövlükdə Qafqaz və Yaxın Şərq siyasətini də yüksək risk altına atıb.


İndi Azərbaycanla anlaşma əldə etməyin çətin olduğunu anlayan Moskva görünür, özünün bu istiqamətdə siyasətindəki 200-illik sınanmış kartına qayıtmaq istəyir.


Amma Rusiyanın Ermənistan siyasətində də ziddiyyətli məqamlar az deyil. Son 8 gün ərzində baş verənlərə formal bəyanatlarla münasibət bildirməklə kifayətlənən Moskva anlayır ki, bununla təkcə itirmək istədiyi Paşinyanı deyil, bütövlükdə Ermənistanı da itirə bilər.


Bu isə Rusiyanın bölgəyə təsir imkanlarının heçə enməsi demək olardı. Odur ki, indi Rusiya bir tərəfdən Ermənistanın zəifləməsi, digər tərəfdən isə itirilməməsi arasında manevr etməlidir.


Amma Ermənistanın zəifləməsi Paşinyanın hakimiyyətdən getməsinə yol açmaqla yanaşı, həm də post-Paşinyan mərhələdə onun ayağa qalxaraq toparlanmasını çətinləşdirəcək.


Bu da öz növbəsində erməni cəmiyyətində Rusiyaya etimadı azaldacaq. Odur ki, Moskva bu məsələdə də olduqca həssas və ehtiyatlı addımlar atmağa məcburdur. Belə şəraitdə Rusiya yalnız bir yolu seçə bilər.


Paşinyanın hakimiyyətdən getməsi müqabilində Ermənistana Rusiyanın hərtərəfli dəstəyinin artırılması. Amma burda da hər şey göründüyü qədər hamar deyil.


Belə ki, ən azı sonradan qurulacaq hakimiyyətin legitimliyini təmin etmək asan olmayacaq. Bunun üçün ən azı parlament seçkiləri keçirilməlidir, buna isə zaman yoxdur.


Qeyri-legitim hakimiyyət qurulacağı halda isə Ermənistan təkcə onun tanınması problemi ilə deyil, həm də Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi amili ilə üzləşə bilər.


Bundan başqa, belə bir addım həm də Ermənistanda cəmiyyəti parçalaya bilər ki, bu da Moskvanın İrəvan siyasətinin maraqlarına uyğun deyil. Görünür, elə bu səbəblərdən də Kreml İrəvana baş nazir Mişustini yollayıb.


Rusiya baş nazirinin erməni kökənli olması da bu məsələdə sonuncu rolu oynamır. İndi Moskvanın Ermənistanda böyük bir kompromisə ehtiyacı var, çünki yalnız bu halda Ermənistanı geri qaytara bilər.

 

Bir məqam da Paşinyanın tam təslim olaraq, Rusiya vassallığını qəbul etməsi ola bilər, amma burda da başlıca problem qarşılıqlı etimadın olmamasıdır. Rusiyaya isə indi Ermənistanda tam güvənə biləcəyi tərəfdaş lazımdır.


Ərəstun Oruclu,
Politoloq

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir