Modern.az

Ermənistanın Qarabağa cəlb etdiyi muzdlular: fransalı, livanlı, suriyalı...

Ermənistanın Qarabağa cəlb etdiyi muzdlular: fransalı, livanlı, suriyalı...

Analitika

8 Oktyabr 2020, 16:59

Ermənistan Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarına döyüşmək üçün Yaxın Şərqdən, xüsusən, Livan və Suriyadan erməni muzdluları gətirir.

 

Modern.az xatırladır ki, demoqrafik böhran və kütləvi fərarilik hallarına görə əsgər çatışmazlığı ilə üzləşən Ermənistan rəhbərliyi bu praktikadan hələ 1990-cı illərin əvvəllərində işğalçı müharibə aparan zaman istifadə edirdi.


“Arabo” və “Aramo” batalyonları, Monte Melkonyan, Vazgen Sislyan, Karo Kaxkecyan kimi beynəlxalq terrorçular Qarabağda Azərbaycana qarşı işğalçılıq siyasətində aktiv iştirak etmişdilər. Bu ənənə növbəti illərdə də davam etdirilmişdi. Süni məskunlaşdırma pərdəsi altında rəsmi Yerevan Qarabağa Suriya, İraq və Livandan döyüşçülər köçürür, regionun demoqrafik xəritəsini dəyişməyə çalışırdı.

 

Bu barədə kifayət qədər faktlar var. Məsələn, Qubadlı rayonunun Xanlıq kəndinə Suriya ordusunun sıralarında xidmət etmiş Hraç Qevorq, həyat yoldaşı və 5 yetkinlik yaşına çatmamış övladı (2 oğlu, 3 qızı) ilə 2016-cı ildə köç edib.

Həmin Hraç Qevorqun hazırda Ordumuza qarşı döyüş əməliyyatlarında iştirak etməsi istisna olunmur.


Hraç Qevorq kimi Suriya ordusunun sıralarında xidmət etmiş digər erməni Avetis Sanoyan da Azərbaycan torpaqlarında məskunlaşıb. Fermerliklə məşğul olsa da, o da hərbi təlimlər və məşqlər zamanı yerli birləşmələrə qatılır. Onun kimi adı məlum olan və olmayan yüzlərlə muzdlu döyüşçü hazırda Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarında və Azərbaycanla sərhəddə xidmət aparır.

 

Başqa bir fakt, 2011-ci ildə Livandan Qarabağa köçən Andranik Çavuşyanla bağlıdır. Laçın rayonunun Zabux kəndinin xarabalıqları üzərində salınan Aqavno kəndində yaşayan Çavuşyan peşəkar hərbçidir və Qarabağdakı işğalçı ordunun sıralarında xidmət edir.

 

Cəbrayıl uğrunda son döyüşlər zamanı isə Rusiyanın “Novaya qazeta” dərgisinə açıqlama verən Artur adlı erməni Fransa vətəndaşı olduğunu deyib. O, cəbhədə vəziyyətin ağır olduğunu söyləyib və Qarabağa gəlməsinə görə özünü qınayıb. Ermənistan vətəndaşlığı olmayan yüzlərlə muzldu erməni hazırda Qarabağda döyüşür, yaxud regiona gəlməyə hazırlaşır.   

 

Yaxın Şərqdən erməni əsilli muzdlu döyüşçülərin Azərbaycan torpaqlarında vuruşmasını isbatlayan bir fakt da bu gün gəlib.

Belə ki, Azərbaycan Ordusu ilə döyüşlər zamanı əslən Livanın Ançar qəsəbəsindən olan Qevorq Xacyan Cəbrayıl rayonu istiqamətində gedən döyüşlər zamanı məhv edilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar