Modern.az

Arutyunyan niyə “atdan” salınıb “eşşəyə” mindirilmir?!

Arutyunyan niyə “atdan” salınıb “eşşəyə” mindirilmir?!

22 Noyabr 2020, 19:24

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist


Başlarının əzilməsinə baxmayaraq, hələ də özünü “dqr” prezidenti sayan Arutyunyanla, Ermənistan “nazirbaşı” Paşinyanın bu gün Qarabağda nəzərdə tutduqları gələcək planlarını müzakirə etmələri onu göstərir ki, bu “yanların” heç biri lazımınca ağıllanmayıb.  

 

5 gün ərzində Dağlıq Qarabağa 25 min adamın qayıtmasından ürəkdolu söz açıb özünü işgüzar rəhbər kimi göstərən “özbaşına prezident”, həm də “respublikada” yolların təhlükəsizliyinin təmin olunmasından dəm vurur.

 

Əlbəttə, Azərbaycan ərazisində - Qarabağda yerləşdirilmiş sülhməramlıların hesabına magistral yolların təhlükəsiz hala gətirilməsi normal haldır. Ancaq bu separatçının özünün hansı “yolda” olması və gələcəkdə hansı “yol” tutacağı hələ ki böyük sual doğurur.

 

Diqqət edin, erməni mediası qeyd edir ki, Arutyunyan dünən Xocavənd rayonuna gələrək, “rayon icma rəhbərləri” ilə geniş iclas keçirib və güya, “Azərbaycan aqressiyası”ndan sonra dağıdılmış yaşayış məntəqələrini qısa müddətdə bərpa edilməsi üçün öz tapşırığını verib. O, hətta bərpa işlərinə çoxlu sayda inşaatçının, həmçinin, tikinti kompaniyalarının da cəlb olunacağını dilə gətirib.

 

Separatçı bildirib ki, “1 yanvar 2021-ci ildən təhsil müəssisələri təmin olunacaq və bütün sakinlər öz uşaqları ilə birgə “Artsax”a yaşamağa qayıda bilərlər”. Araik burada yekə-yekə kənd təsərrüfatı məsələlərinə də toxunuraq, “Dövlət, təsərrüfatla məşğul olanlara dizil yanacağı, həmçinin toxumla yardım edəcək”, - deyə, özünü Qarabağ torpağının əsl sahibi kimi gözə soxub. Bu azmış kimi, o, həyasızlıqla, “Müstəqil Artsaxda yaşayacağıq. Ən yaxşı şəraiti yaratmağa çalışacağıq. Görürsünüz, Rusiyanın şəxsində yalnız ordu baxımından deyil, həm də ölkənin daha da inkişaf etdirilməsində təhlükəsizlik zəmanətimiz var”, - deyib.

Sözsüz ki, Arutyunyanın belə ürəklə danışmasına səbəb, Vətən müharibəsi başlamazdan bir neçə gün öncə, Ermənistana Rusiyadan gətirilmiş Şoyqunun “tikinti materiallarından” fərqli olaraq, “Dağlıq Qarabağ fövqalədə hallar dövlət xidmətinin” məlumatına görə, bu dəfə sözün əsl mənasında gətirilən tikinti materiallarının artıq Qarabağda “şəhərsalma nazirliyinin” saxlanc yerinə yığılmasıdır. Hətta, bu əldədüzəlmə “qurumun” rəisi Sarkisyan öz rusiyalı “həmkarına” göstərilən yardıma görə minnətdarlığını da bildirib.

“Müstəqil Artsaxda yaşayacağıq”, - deyən separatçı Arutyunyanın Azərbaycan torpağında bu kimi qıcıqverici ifadəsinə gəlincə isə buna heç şübhəsiz ki, Rusiya baş diplomatı erməni kökənli Lavrovun Azərbaycan rəhbəri ilə  görüşdə, “Biz ümid edirik ki, Rusiya ilə birlikdə uzun illər boyu siyasi prosesə rəhbərlik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri 9 noyabr tarixli razılaşmalar nəzərə alınmaqla və onların əsasında bu məsələlərin həllinə qoşulacaqlar”, - deməsi, rəvac verir. Əlbəttə ki, Lavrovun ölmüş ATƏT-i yenidən xortlatması Arutyunyana gələcəkdə Dağlıq Qarabağ üçün hansısa statustun əldə oluna biləcəyinə ümid, həm də stimul verir. Çünki, Lavrov elə bu görüşdə “...bu işlər həmişə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əsasını təşkil edən prinsiplər məcrasında gedir”, - deyərkən, əslində onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ ermənilərinə hansısa statusun verilməsində maraqlı olduğu aydın görünür.

 

Bu üzdən də, indi Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdən biri budur ki, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfəri zamanı öz çıxışında, “Heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfensiyalı, mütərəqqi Azərbaycan dövləti var”, deməsi və ya Rusiya prezidentinin “Rusiya 24” telekanalına müsahibəsində, “Beynəlxalq hüquqa görə, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub. Heç kim, hətta Ermənistan da Qarabağın müstəqilliyini tanımadı. Bu beynəlxalq hüquq baxımından nə deməkdir? O deməkdir ki, Azərbaycan həm özü, həm də bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycan ərazisi hesab edilən torpaqlarını geri qaytardı” – sözünün üstündən, bu Arutyunyan kimdir ki, Qarabağda hələ də “at” oynadır?!

 

Maraqlıdır, məgər Lavrov indiyədək bilmirdi ki, ATƏT-in Minsk qrupuna “ağsaqqallıq” edən və saqqalını sözün hər iki mənasında sonadək düzəldə bilməyən Anjey Kasprşik, həmçinin onun “badədaşları” otuz ilə yaxın müddətdə yalnız Bakıda yeyib, Qarabağda boş-boş gəzirdilər? Odur ki, Lavrovdan fərqli olaraq, Azərbaycan xalqı çox yaxşı anlayır, onların haqq işinə ögey münasibət bəsləyən bu “dəllallardan” haqq, ədalət adlı oğula “ana” olmaz.   

 

Hazırda özlərini oyundan kənar vəziyyətə salmış ATƏT-i yenidən oyuna qaytarmaqdansa,  Qarabağ ermənilərinin isti-isti “əl-ayağını” bir yerə yığıb onları Azərbaycan bayrağı altında yaşamalı olacaqlarını qandıra bilən hansısa bir erməni icma başçısı tapılsa, bu, daha məqsədə uyğun olar. Yoxsa bu gedişlə, Arutyunyan özünü hələ çox “prezident” hesab edəcək. Bir də ki, Gəncəyə balistik raket atılmasına şəxsən özü əmr verdiyini etiraf edən bu terrorçu, indiyədək Qarabağda niyə “atdan” salınıb, “eşşəyə” mindirilmir?!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır