Modern.az

“Dilqəmlə Şahbazı Bakıda görəndə Həsən üçün kövrəldim” - Cəbrayıllı şəhidin qardaşı - MÜSAHİBƏ

“Dilqəmlə Şahbazı Bakıda görəndə Həsən üçün kövrəldim” - Cəbrayıllı şəhidin qardaşı - MÜSAHİBƏ

15 Dekabr 2020, 14:08

2014-cü ildən erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq Azərbaycandadır. Həmin il Kəlbəcərə gedərkən onlar 3 nəfər idi, geridönüşdə isə 2 nəfər... Təəssüf ki, ermənilər Dilqəm və Şahbazın 3-cü yol yoldaşı Həsən Həsənova aman verməmişdilər... 2014-cü ildə erməni cəlladları tərəfindən şəhid edilən Həsən Həsənovun qardaşı Nail Həsənov girovların azad olunması ilə bağlı Modern.az-a danışıb.

 

- Nail bəy, bu il “olmaz” dediyimiz nə vardısa, demək olar hamısı gerçəkləşdi. Girovların azad olunması da bu qəbildəndir.

- Bəli, çox böyük hadisələrə şahidlik edirik. Hələ bir müddət əvvəl erməni mətbuatından əsir və girovların dəyişdirilməsi xəbərini oxuyanda onların qaytarılacağına inamım artmışdı. Dünən rəsmi xəbər çıxmadan bir saat əvvəl Dilqəm Əsgərovun oğlu Kürdoğlu ilə danışdım. Dedi ki, rəsmi nəsə deyilməyib, bu gün qaytarılacaqlarına dair məlumatlar var. Elə danışanda ona gözaydınlığı verdim. Dedi o qədər insan toplaşıb həyətə, sevincinin həddi-hüdudu yoxdur.


- Təbii, siz də, biz də, hamımız sevindik. Amma qardaşınız 6 il əvvəl sonuncu dəfə Dilqəmlə Şahbazın yanında olub. Onlar gedəndə üç nəfər idilər, indi isə iki nəfər olaraq qayıtdılar. Bu mənzərə fonunda nə hisslər keçirdiniz?

- İnanın Allaha, ilk məlumatı Modern.az-ın rəhbəri Elşad Eyvazlının sosial şəbəkədəki statusundan aldım. Sonra gördüm hamı yazır ki, Dilqəmlə Şahbaz artıq Bakıdadır. Sevincdən nə etdiyimi bilmədim. Amma onların ikisinin şəklini görəndə özümdən asılı olmayaraq, həm də Həsən üçün kövrəldim. Siz deyən kimi, çünki onlar gedəndə üç nəfər idilər, amma iki nəfər olaraq qayıtdılar. Qardaş itkisi pis şeydir, yeri həmişə göynəyir.



- Ailədəkilər, Həsənin ömür-gün yoldaşı Vüsalə xanımın reaksiyası necə oldu?


- Elə xəbəri tam dəqiqləşdirəndən sonra Həsənin yoldaşı Vüsalə xanıma zəng elədim. Dedi Nail gördüm, o qədər ağladım. Onun bu sözü məni lap kövrəltdi. Hamı zəng edir, Həsənə görə başsağlığı, Dilqəmlə Şaahbaza görə gözaydınlığı verir. İnanın o qədər kövrəlmişdim, elə bilirdim yarama duz basılır. 6 ildir biz bu xəbəri gecə-gündüz səbirsizliklə gözləyirik. Amma erməni rəhbərləri Sumbatın ailə üzvlərinin girovlarımızın təhvil verilməsinə qarşı olduqlarına dair açıqlamaları ümidlərimizi azaltmışdı. Onların ombudsmanı deyirdi ki, “biz Ramil Səfərovu qaytardıq, onu azad etdilər. Mübariz İbrahimovu verdik, milli qəhrəman elədilər. Dilqəmlə Şahbazı da qaytaracağıq, bunları da qəhrəman eləsinlər? Heç vaxt”.

Düzü bu açıqlamalardan sonra girovların geri qaytarılacağına ümidim qalmamışdı, deyirdim ki, yəqin onları ancaq ölü olaraq bizə qaytararlar. Amma çox şükür bu günə. Hətta Kürdoğluya deyirdim nəyi gözləyirsən, müraciət elə, heç olmasa atanla Şuşada görüşdürsünlər. Qismət, çox şükür.

 

- Həsənlə bağlı onun yol yoldaşları Dilqəmlə Şahbaza suallarınız varmı? Yəqin ki, tez bir zamanda görüşmək istəyərsiniz...

 

- Əlbəttə, suallar çoxdur... Dediyim kimi, qardaş itirmək ağırdır. Bu yaxınlarda böyük qardaşım Namiq ürəktutmasından rəhmətə getdi, heç qırxı çıxmayıb. İndi elə bil ailəmizin üstündə qara kabus dolaşır. Nə qədər etsək də, başsağlığına gələnlər oldu. Ailədə hamı koronavirusa yoluxdu. Anam ağır vəziyyətdə Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alır. Yaşlı adamdır, vəziyyəti pisdir, yanına telefon vermişik, heç ona da cavab verə bilmir. Sağ olsun, həkimi əlindən gələni edir.

 

Düzü, istədik Dilqəmlə Şahbazın azad edilməsi xəbərini anama verək. Sonra fikirləşdik ki, xəstəxanada ağır vəziyyətdə, onsuz da təkdir. Eşidib ya sevincdən ürəyi partlayacaq, ya da fikir edəcək ki, görəsən Həsən haqqında nə danışacaq Dilqəmlə Şahbaz. Ona görə qərara aldıq ki, inşallah xəstəxandan çıxandan sonra anamıza məlumat verək. Atam da yaşlı adamdır, yaddaşsızlıqdan əziyyət çəkir. Düzdür, köhnə kişilərdən olduğu üçün möhkəmdir, biz yoluxsaq da, atamız yoluxmayıb çox şükür.

 

- Son olaraq, illər sonra bir cəbrayıllı kimi işğaldan azad olunan Cəbrayıla qayıtmağı planlaşdırırsınızmı?

 

- Ali Baş Komandanın göstərişilə Azərbaycan Ordusu bizə elə bir tarixi qələbə yaşatdı ki, hətta gerçək olmayacaq deyə düşündüyümüz xəyallarımızı gerçəkləşdirdi. Mən optimist adamam. İnanırdım ki, nə vaxtsa Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı qaytarıla bilər, amma Kəlbəcərlə Laçının qaytarılacağına inanmırdım. Çünki ermənilər orda artıq kök salmağa başlamışdılar, infrastruktur qurmuşdular. Amma Prezidentimiz, Müzəffər Ordumuz bizə belə qələbə yaşatdığına görə mən onların qarşısında baş əyirəm. Cənab Prezidentə dərin təşəkkürümü bildiriəm ki, məcburi köçkün həyatımıza son qoydu və biz tezliklə o torpaqlara geri dönəcəyik. Ən əsası odur ki, Ali Baş Komandanımız gerçəkləməyən xəyallarımızı gerçəkləşdirdi. Əlçatmaz bir zirvəni bizim üçün əlçatan etdi. Bundan böyük xoşbəxtlik ola bilməz. Mən bu amal uğrunda canından keçən Şəhidlərimizin ailələrinə səbr, yaralılarımıza şəfa diləyirəm.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir