Modern.az

Şuşada namaz qılmaq mənim üçün Kərbəlanı ziyarətə bərabər oldu”

“Şuşada namaz qılmaq mənim üçün Kərbəlanı ziyarətə bərabər oldu”

2 Fevral 2021, 09:39

Vətən sevgisini bütün qəlbi ilə yaşayan əsgərlərimizdən biri də Qurbanəli Əliyevdir. O, Şuşa azad olunduqdan sonra Aşağı Gövhər Ağa məscidində azan verən, namazı qılan ilk hərbçi kimi yadda qalıb. Qurbanəli artıq hərbi xidmətdən tərxis olunub və Şuşada yaşananları Modern.az-la bölüşüb.


“Polad Həşimovun şəhid olması mənə çox təsir etmişdi”


- Bizim dinimizdə cihad vacibatdır, hansısa bir yerdə haqq təcəlli edəcəksə, haqq yolunda savaşmaq, şəhid olmaq böyük qürurdur. Vətənimizdə müharibə getdiyi halda kim özünə yaraşdırar ki, isti yerdə otursun. Ürəyində vətən sevgisi olan heç kəs bunu edə bilməz. Mən də vətənimin çətin vəziyyətində onun yanında olmağı özümə borc bildim. General Polad Həşimovun şəhidlik zirvəsinə ucalması isə mənə daha çox təsir etmişdi, ona görə də iki dəfə “hərbi komissarlığa” müraciət etdim, sonra çağırdılar, vətənə olan borcumu ödəmək üçün yola düşdüm. Peşman olmadım, şükürlər olsun ki, Allah bu torpaqlar uğrunda savaşmağı bizə nəsib etdi.


“Ən böyük arzum Şuşanı görmək idi...”


- Xocavənd, Hadrut istiqamətlərində döyüşlərdə iştirak etdim. Ən ağır döyüş nöqtəmiz Füzuli şəhəri idi idi. Son yollandığımız yer isə Şuşa oldu. Ən böyük arzum Şuşanı görmək idi, şükürlər olsun ki, Allah oranı görməyi, ilk dəfə azan oxuyub, namaz qılmağı mənə qismət etdi.


“Cəbhəyə yollanarkən söz vermişdim...”


- Orada yaşanan hisslər sözlərlə ifadə olunacaq qədər asan deyil. Yalnız yaşayıb anlamaq  lazımdır. Cəbhəyə yollanarkən söz vermişdim ki, Şuşa məscidində ilk dəfə azan oxuyub namaz qılacam, sözümün üstündə durdum. Şuşada namaz qılmaq mənim üçün Kərbəlada namaz qılmağa bərabər oldu. Bu hissləri də sözlə ifadə etmək olmur. 30 il bizim məscidlərə edilən hörmətsizlik aradan qalxdı.



“Düşünmürəm dostum ölüb, o şəhiddir və yaşayır...”


- Müharibə zamanı ən yaxınlarımızı itirdik, amma bu acıya dözdük, çünki onların qanı yerdə qalmadı. Ən yaxın qardaşlarımdan biri şəhid oldu. Cəbhədən geri döndükdən sonra qardaşımın məzarını ziyarət etdim. Mən düşünmürəm ki, dostum ölüb, o şəhiddir və yaşayır. Yanımızda olmasa da, ruhən və mənən bizimlədir, heç vaxt onu unutmarıq.


“Qardaşlarımızın qanı yerdə qalmadı”


- Noyabrın 10-u atəşkəs elan olduğu və qələbə qazandığımız barərə xəbəri bizə komandirlərimiz dedi. Amma yenə də bizdə arxayınçılıq olmadı, çünki ermənilər hər an hər şey edə bilərdilər. Onlar öz uşaqlarının paltarlarını, öz evlərini, öz yaxınlarını qoyub qaçan millətdilər. Sevincimizin həddi-hüdudu yox idi, çünki artıq qardaşlarımız ölməyəcəkdi, hamı sağ-salamat evinə qayıdacaqdı. Biz qələbə xəbərini eşitmədik, onu yaşadıq. .


“Şəhid olmaq arzusu ilə getmişdim...”


- Bizim geri dönüş qərarımız Müdafiə Nazirliyi tərəfindən verilmişdi, sadəcə, postların boş qalmaması üçün bir neçə müddət yenidən cəbhə bölgəsində qaldıq. Təvəllüdlə buraxıldığımız üçün mənim gəlməyim yanvar ayının 11-nə qismət oldu. Hər kəs məni çox gözəl qarşıladı, bilmirəm ki, mən bu cür qarşılanmaya layiq idim ya yox, düşünürəm ki, qədərindən çox etdilər. Mən isə geri qayıdacağıma inanmırdım, çünki şəhid olmaq arzusu ilə getmişdim, amma qismət olmadı. Müharibəyə getdiyim üçün heç peşman olmadım, əksinə, yenidən olsa iştirak edərəm, çünki istəmirəm mənim orada gördüklərimi bundan sonrakı nəsillərimiz yaşasın.


“Azan səsi qarşısında Allah onları susdurdu...”


- Müharibə zamanı çox hadisələr baş verdi. Bunlardan biri isə heç vaxt yaddaşımdan silinməz. Biz Xankəndi istiqaəmtində erməni postunda olduq, orada azan vermək istəyən zaman komandirimiz dedi ki, "Azanı biraz yavaş səslə ver, ermənilər eşidib söyüb, təhqir etməsinlər".  

"Komandir onlar heyvandılar, işləridə ancaq hürməkdir” dedim, başladım azan verməyə, bu an bizdən qabaqda iki erməni var idi, azan verməyə başladığım zaman qarşımıza 20-ə yaxın erməni yığıldı. Sanki Allah onların ağzına qıfıl vurmuşdu, heç nə etmədən dayanmışdılar. Komandir də gördü ki, onlar susdular, azan səsi qarşısında Allah onları susdurdu. Mən azan verə-verə düşünürdüm ki, hər an vura bilərlər, amma Allah icazə vermədi, əlləri, qolları bağlandı.

Biz Füzulidə olduğumuz zamanlarda da azan verirdim, azan səsini eşidən kimi onlar atışa başlayırdılar. Namaz qıldığımız anlarda belə ermənilər dayanmırdı, amma Allahımız bizi qorudu. Çox hadisələr gəlib başıma, amma ermənilərin azanın qarşısında susmağı unudulacaq bir an deyil.


“Arzularım çoxdur...”

- Dostumu itirdikdən sonra həyatda nəyisə arzulamağı fikirləşmədim. Amma əvvəldən ürəyimdə olan arzularım çox idi. İlk növbədə istəyirdim ki, müqəddəs Həcc ziyarətində olum, bundan sonra Allah qismət etsə gedərəm. Hər zaman demişəm, indi də deyirəm ki, həyatımızda ən xeyirlisi nədisə, Allah onu bizlərə qismət eləsin. Arzularım çoxdur...

Mehri QURBAN

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir