Modern.az

Gültəkin Hacıbəyli: “Zövqsüz, savadsız, səviyyəsiz nəslin yetişdirilməsinə haqq qazandırıla bilməz!”

Gültəkin Hacıbəyli: “Zövqsüz, savadsız, səviyyəsiz nəslin yetişdirilməsinə haqq qazandırıla bilməz!”

11 Sentyabr 2012, 22:57

“Medianı cəmiyyətin ağciyəri hesab edirəm, cəmiyyət də digər canlı orqanizmlər kimi ağciyərləri, yəni, media vasitəsilə nəfəs alır, ağciyərləri xəstədirsə, demək, cəmiyyət də xəstədir”


Modern.az
saytı sabiq millət vəkili, Ziyalılar Forumunun üzvü Gültəkin Hacıbəyli ilə müsahibəni təqdim edir.

- Gültəkin xanım, son dövrlər cəmiyyətin müəyyən kəsimində  ənənəvi media və yeni-internet mediası məsələsi  ətrafında ciddi diskussiyalar getməkdədir. Bəziləri deyirlər ki, ənənəvi media qalmalı, digərləri hesab edir ki, əksinə, yeni media qalmalı, üçüncülər isə bildirilər ki, bunların  hər ikisi paralel şəkildə öz fəaliyyətini davam etdirməlidir. Bu baxımdan, siz necə hesab edirsiniz, oxuculara böyük ənənəsi və tarixi olan yazılı mətbuat, çap mediasi - qəzetlər, jurnallar lazımdır, yoxsa, son illər yeni media adı altında meydana gələn internet mediası- saytlar, portallar və sair?

- Bilirsiniz, oxuculara ilk növbədə keyfiyyətli informasiya və bilik verən media lazımdır. Bu ənənəvi jurnal, qəzet də ola bilər, sayt da, agentlik də, internet televiziyası da. Oxucunu informasiyanın hansı media quruluşu və tipi tərəfindən verilməsindən daha çox, bu informasiyaninn keyfiyyəti- etibarlılığı, operativliyi, aktuallığı və faydalılığı maraqlandırır.

- Eyni zamanda,  bu  gün oxuculara daha çox nələr təqdim olunmalıdır - ciddi yazılar, xəbərlər, yoxsa, yeni medianın faydalandığı, daha çox izləyici kütləsi əldə etdiyi bir qədər  “yüngül” yazılar, xəbərlər?

- Şübhəsiz ki, müasir media, ilk öncə, biznesdir, biznesin bir sahəsidir. Bu baxımdan media biznesin inkişaf qanunauyğunluqlarına tabe olur. Burada da, digər biznes sahələrində oduğu kimi məqsəd gəlir əldə etmək, qazanc götürməkdir. Ancaq mediani heç vax biznesin digər sahələri ilə, məsələn, ayaqqabı istehsalı və ya idman mallarının satışı şəbəkəsilə eyniləşdirmək olmaz. Çünki, bu biznesin spesifik bir sahəsidir. Media bu gün bəlkə biznes olmaqdan daha çox siyasət deməkdir. Azad, sərbəst media cəmiyyətin sağlam inkişafının ən mühüm, vazkeçilməz institutlarından biridir. Mən medianı cəmiyyətin ağciyəri hesab edirəm. Təbii ki, söhbət müstəqil, tərəfsiz, peşəkar mediadan gedir. Cəmiyyət də digər canlı orqanizmlər kimi ağciyərləri, yəni media vasitəsilə nəfəs alır. Ağciyərləri xəstədirsə, demək, cəmiyyət də xəstədir. Media siyasətinin biznes və Azərbaycan gerçəkliyində daha çox siyasi maraqlara qurban verilməsi, təəssüf ki, mediamızın bugünkü acınacaqlı durumu ilə nəticələnməli idi. Bu sözlər, əlbəttə, ilk növbədə televiziya sahəsinə aiddir. Ancaq, bu tənqidi, az və ya çox dərəcədə digər kütləvi informasiya vasitələrinə də aid edə bilərik.
KİV-in başlıca funksiyasi cəmiyəti, ilk öncə, gənc nəsli tərbiyələndirməkdir. Mətbuat orqanları bu funksiyanı oxucularını, dinləyicilərini və seyrçilərini məlumatlandırmaqla və maarifləndirməklə gerçəkləşdirir. Lakin gəlin görək bu gün maarifçi adlandıra bildiyimiz neçə media quruluşumuz var? Təəssüf ki, çox az sayda. Razılaşarsınız ki, son illərdə informasiya məkanının üstunlüklərindən sui-istifadə bir çox KİV-lərdə, xüsusilə də, “evlərimizin daimi qonağı olan”, ancaq əslində bu statusunu çoxdan itirmiş televiziya efirlərində milli-mənəvi dəyərlərimizə, türk və islam mənəviyyatına və əxlaqına zidd, türkcəmizi kobud şəkildə təhrif və təhqir edən, zövqsüzlük və mənəviyyatsızlıq aşılayan bəsit və səviyyəsiz proqram və verilişlərin kütləvi hal almasına gətirib çıxarıb. Bəzi informasiya portallarının reklam məqsədi ilə yerləşdirilən xəbər başlıqlarının sadəcə, adı belə insanda ikrah doğurur.  Bu gün media orqanlarımızın böyük bir qismi başlıca təyinatlarının informasiya vermək və marifləndirmək olduğunu unudaraq, kütləvi və bayağı şəkildə əyləndirməklə, oxucunun və seyrçinin əxlaqi dəyərlər sisteminə kobud və yolverilməz müdaxilə ilə məşğul olurlar. Torpaqlarının 20 faizi işğal altında olan və nə sülh, nə müharibə şəraitində yaşayan bir ölkənin mediasına gerçək vətənpərvərlik ruhunun deyil, zövqsüz şou əhval-ruhiyyəsinin, dolayısı ilə zorakılığı və mənəviyyatsızlığı təşviq edən "xəbərlər"in hakim kəsilməsi isə xüsusilə, dözülməz haldır.  Bu acınacaqlı vəziyyəti KİV-lərin kommersiya maraqları ilə izah edən  opponentlərimizin dəlilləri də tutarsızdır.
 Təkcə ona görə yox ki, Azərbaycanda gerçək reklam bazarı mövcud deyil, həm də ona görə ki, heç bir kommersiya marağı zövqsüz, savadsız, səviyyəsiz nəslin yetişdirilməsinə haqq qazandıra bilməz! Unutmamalıyıq ki, müasir cəmiyyətlərdə informasiya ən kəsərli ideoloji silahdır. Bu silahdan necə istifadə olunması isə onu idarə edənlərin peşəkarlığından, mənəvi yetkinliyindən və peşəkarlığından asılıdır.
Belə bir duruma ən sərrast cavabı isə xalq özü verir: bu televiziyalardan, bu qəzet və portallardan imtina etməklə. Məncə, bu münasibət xalqımızım müdrikliyinin daha bir bariz nümunəsidir.

- Ümumiyyətlə, sizin fikrinizcə, televiziyalar, agentliklər, yeni media ənənəvi mediani sıradan çıxara biləcək, yoxsa, gələcək yenə də ənənəvinin olacaq?

- Bu sualınıza sualla cavab verəcəyəm: kino yaxşıdır, yoxsa teatr, kənd yaxşıdır, yoxsa şəhər, oğul övlad yaxşıdır, yoxsa qız övlad? Bu analogiyanı davam etdirmək də olar, ancaq cavab birdir: hər ikisi! Hər birinin öz əvəzolunmaz yeri var! Elmin, kommunikasiya texnologiyalarının daha çox inkişaf etdiyi ABŞ-da, qabaqcıl Avropa dövlətlərində yeni media köhnə medianı sıradan çıxara bilməyibsə, demək, bizi də belə bir qorxu gözləmir. İnternet kitabı əvəz edə bilmədiyi kimi, xəbər portalları da qəzet və jurnalları tarixin arxivinə göndərə bilməyəcək. Əksinə, bu rəqabət hər iki medianın inkişafı üçün faydalı olacaq.
Eyni zamanda təəssüf ki, son vaxtlar qəzet və jurnalların yayımı ilə bağlı ciddi problemlər yaranmaqdadır. Azad sözün yaşaması və cəmiyyətin KİV kimi mühüm inkişaf və şəffaflıq atributunun funksionallığının təmin edilməsi üçün bu problem tez bir zamanda öz həllini tapmalıdır. Çünki, yuxarıda qeyd etdiyim kimi, azad sözə meydan verən peşəkar, sağlam media  cəmiyyətin ilkin sağlamlıq göstəricisidir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir