Modern.az

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə niyə müdaxilə etməlidir? – ŞƏRH

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə niyə müdaxilə etməlidir? – ŞƏRH

26 May 2021, 16:30

“Azərbaycan müharibədə qələbə qazandıqdan sonra Ermənistanla sərhəddi müəyyənləşdirməyə başlayıb. Bu normal proses Ermənistanda narazılıq yaradıb. Çünki, 30 ilə yaxındır sərhəddin nə olduğunu bilmirdilər, Qarabağ və ətraf rayonların əbədi nəzarətlərində qalacağını zənn edir və buna alışmışdılar. İndi Azərbaycan hərbçiləri onların bu “alışqanlığına” son qoyur”.

Modern.az-ın məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan-Ermənistan sərhəddindəki gərginliyi şərh edərkən bildirib.

Siyasi ekspert deyib ki, Ermənistan hakimiyyəti çox istəyir ki, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı prosesə müdaxilə etsin. Ancaq Rusiya və təşkilat prosesə müdaxilə etmir və bu, İrəvanın daha çox narazılığına səbəb olur. Ermənilər bu məsələdə özlərini təklənmiş kimi hiss edirlər:

“Bu arada, Ermənistan belə bir xəbər yaydı ki, Azərbaycan sərhədçiləri atəş açıblar və bir erməni həbçi həlak olub. Ancaq bu xəbəri rəsmi Bakı təkzib etdi. Əksinə, bizə tərəf atəş açırlar. Ermənistan hakimiyyətinin məqsədi sərhəddə vəziyyəti gərginləşdirmək və Rusiyadan dəstək almaqdır. Çünki, Ermənistan müharibədə itirdiklərinin yerini doldura bilməyib, sərhəddini qorumayacaq duruma sürüklənib”.


Politoloq xatırladıb ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşdə Rusiyanın işə qarışmasını xahiş edib.


“Rusiya niyə müdaxilə etməlidir ki? Sərhəd iki dövlət – Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. Əgər Rusiya prosesə müdaxilə edərsə, Rusiyanın Azərbaycanla münasibətləri gərginləşəcək. Kreml bunu istəmir. Rəsmi Bakı isə bunun qarşılığında Ermənistana gizli yollarla ötürülən “İsgəndər – M” raketləri məsələsini qabartmamağa qərar verib. İyunun 20-də Ermənistanda parlament seçkisi keçiriləcək. Rusiya Ermənistanda hakimiyyətə kimin gəlməsini müəyyənləşdirmək istəyir".

"Azərbaycanı isə Ermənistandakı parlament seçkisi və onun nəticələri maraqlandırmamalıdır. Biz fasilə vermədən sərhəddin müəyyənləşdirilməsi prosesini davam etdirməliyik. Sərhəd müəyyənləşdikcə, Azərbaycan sərhədçiləri strateji məntəqələrə nəzarəti ələ keçirirlər. Bu sıraya Ermənistanın yollarını, hava limanlarını və şəhərlərini göstərə bilərik. Bu Azərbaycan üçün strateji üstünlük qazandırır. Bu o deməkdir ki, Ermənistan gələcəkdə yenə Azərbaycana qarşı təxribata baş vurarsa, yenidən Qarabağda separatçılığa başlayarsa, bu halda müharibə yalnız Qarabağı əhatə etməyəcək. Bu dəfə Azərbaycan ordusu sərhəddən nəzarət saxladığı Ermənistanın yollarını, hava limanlarını və şəhərlərini hədəf seçəcək”, E.Şahinoğlu bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?