Modern.az

Qarabağ qələbəsinin bu il Tarix dərsliklərinə salınması mümkün olmayacaq – RƏSMİ

Qarabağ qələbəsinin bu il Tarix dərsliklərinə salınması mümkün olmayacaq – RƏSMİ

24 İyun 2021, 09:42

“Vətən müharibəsi dövründə Təhsil Nazirliyi çox qısa zamanda dərslik hazırlayan nəşriyyatlarla birgə müxtəlif siniflər üçün yalnız  tarix fənni üzrə deyil, digər fənlərdə də müharibənin nəticələri barədə  mövzular hazırlayıb, Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ-nin) rəsmi səhifəsində yerləşdirib və dövlət ümumtəhsil müəssisələrində tədris olunması üçün mövzulara keçidləri yerlərə çatdırıb”.

 

Bu barədə Təhsil Nazirliyindən Modern.az-ın 2021-2022-ci tədris ili üçün tarix kitablarının yenilənməsilə bağlı sorğusunu cavablandırarkən bildiriblər.

Rəsmi məlumata görə, eyni zamanda, “Dərs vaxtı” teledərs layihəsi çərçivəsində Vətən müharibəsinə, Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr edilmiş dərslər, o cümlədən inteqrativ dərslər, videoçarxlar hazırlanıb:

 

“Yeni dərs ilində də həmin mövzular və eləcə də yeniləri hər fənnin xüsusiyyətinə uyğun şəkildə tədris ediləcək. Sözügedən mövzuları cari ildə bütün dərsliklərə salmaq isə o səbəbdən mümkün deyildir ki, dərsliklər dövri olaraq hər 4 ildən bir yenilənir. Qrafikə uyğun olaraq, 2021-2022-ci tədris ili üçün hazırlanmış 2-ci və 6-cı sinif dərsliklərində  Vətən müharibəsinə dair mövzular artıq yer alıb.

Bir daha vurğulayırıq ki, dərslikdə olub-olmamasından asılı olmayaraq, Vətən müharibəsi və Zəfər barədə mövzular bütün siniflərdə və bütün müvafiq fənlərdə tədris olunacaq”.   

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!