Modern.az

Ölümündən 5 ay sonra ata olan ŞƏHİD: Onun bir arzusu vardı… - FOTOLAR

Ölümündən 5 ay sonra ata olan ŞƏHİD: Onun bir arzusu vardı… - FOTOLAR

Reportaj

7 Sentyabr 2021, 11:56

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı verdiyi şəhid sayı sonuncu rəsmi statistikada 2907 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin sonuncu siyahısını 14 iyul 2021-ci il tarixində dəyişib. Həmin siyahıda 7 hərbi qulluqçumuz itkin düşmüş sayılır.

 

Şəhidlərimiz arasında dünyaya gələcək övladını görməyənləri də var idi. Körpəsini bağrına basmadan bu dünyadan köçən şəhidlərimizdən biri gizir Ramil Musayevdir.

 

ARAYIŞ: Xüsusi təyinatlı dəstənin giziri Ramil Musayev 1991-ci il mayın 6-da İsmayıllı şəhərində anadan olub. Hərbi xidməti başa vurduqdan bir müddət sonra yenidən ordu sıralarına qayıdıb. O, Aprel döyüşlərində də iştirak edib.

 

R.Musayev Vətən müharibəsi zamanı qəhrəmancasına vuruşub. Oktyabrın 3-də Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. İsmayıllı şəhərinin Həzrə kənd qəbristanlığında dəfn olunub.

 

 

Şəhidin xanımı Aydan Musayeva qəhrəmanımız haqqında Modern.az-a danışıb. Onun sözlərinə görə, həyat yoldaşının ən böyük arzusu ata olmaq idi.

 

“Ramil əsgərliyi bitirdikdən bir müddət sonra yenidən hərbiyə qayıdıb. Türkiyədə, Gürcüstanda təlimlərdə iştirak edib. Aprel döyüşləyərinə də qatılıb. Ötən ilin sentyabrın 26-da cəbhəyə yollanıb. Murovdağ , Füzuli və Cəbrayıl döyüşlərində qəhrəmancasına vuruşub. Oktyabrın 2- dən 3-ə keçən gecə Cəbrayılda şəhid olub. Ölümündən sonra “Qarabağ” ordeni və “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub”.

 

 

Şəhidin xanımı onunla tanışlığından söz açaraq, xatirələrini yada salıb:

 

“Mən Ramilin xalasıgildə qalıb, ali təhsil alırdım. Ramil məni orada görüb bəyənmişdi. Bir müddət sonra tanış olduq. Xasiyyəti, davranışı, hər hərəkəti gözəl idi. 2020-ci il martın 15-də ailə həyatı qurduq. Toyumuza 15 gün icazə ilə gəlmişdi, daha sonra qayıtdı. Təlimlərə getdi, ardınca karantin müddəti oldu,  altı ay evlilik müddətimizdə cəmi iki ay bir yerdə ola bildik. Ən böyük arzusu övladımızın olmağı idi. Bilirdi ki, övladımız olacaq, ancaq cinsiyyətini bilmirdi. Çox gözəl arzularımız var idi. Bu arzuları həyata keçirmək, birlikdə yaşamaq bizə qismət olmadı... Ramil hər şeyin yerini bilən mədəni, səliqəli, mehriban insan idi. Onu heç vaxt unutmayacağam”.

 

Qeyd edək ki, Vətən müharibəsinin cəsur döyüşçüsü, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan Ramil Musayevin oğlu 3 mart 2021-ci il tarixində dünyaya gəlib. Şəhidimizin şərəflə daşıdığı Ramil adı onun yeganə yadigarı olan övladına verilib. Hazırda balaca Ramil 6 aylıqdır.

 

 

 

Humay İsgəndərova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi