Modern.az

Prezident təqaüdçüsü: “Magistr təhsilini xaricdə almaq istəyirəm” - MÜSAHİBƏ

Prezident təqaüdçüsü: “Magistr təhsilini xaricdə almaq istəyirəm” - MÜSAHİBƏ

Reportaj

4 Noyabr 2021, 11:10

Bu il Azərbaycan Respublikasının ali məktəbələrinə qəbul olunmuş tələbələrdən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alacaq. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyacaq tələbələrdən isə 15-i Prezident təqaüdçüsüdür. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.

Bu tələbələr 210 manat Prezident təqaüdü alacaqlar.

Modern.az saytı “Prezident təqaüdçüləri” rubrikasına davam edir.

Bu rubrikada 2021-2022-ci dərs ilində Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələrini sizə tanıdırıq.

Lalə Nuriyeva Bakı şəhəri, Nəsimi rayonundakı 54 saylı orta məktəbi bitirib. Qəbul imtahanları zamanı 658,7 bal toplayaraq, Azərbaycan İqtisad Universitetinin maliyyə ixtisasına (tədris ingilis dilində) daxil olub.

Lalə təhsildəki uğur yolu haqqında Modern.az-a danışıb:

- Lalə, qəbul imtahanlarında belə yüksək nəticə göstərəcəyini gözləyirdinmi?

- Hələ aşağı sinifdə oxuyandan bəri həmişə hər şeyin ən yaxşısını əldə etməyə çalışmışam və əldə etmişəm. Həmişə qarşıma məqsəd qoymuşam, o məqsədə nail olmaq üçün çalışmışam. Özümə inanırdım ki, yüksək nəticə göstərəcəyəm. Çünki orta məktəbdə - 11 il ərzində həmişə yaxşı oxumuşam və təhsilimi məktəb birincisi olaraq bitirmişəm.

-Ali məktəbə necə hazırlaşmısan? Məşğələlərə getmisən?

- Məşğələlərə gedirdim. Özüm də evdə planlı şəkildə oxuyurdum.

- Maliyyə ixtisasını seçdiyin üçün yəqin ki, riyaziyyatla aran yaxşıdır. İmtahanda ən yüksək nəticəni hansı fəndən göstərmişdin?

- Bəli, riyaziyyatla aram yaxşıdır. Hətta ən sevdiyim fənn elə riyaziyyatdır. İmtahanda da ən yüksək nəticəni məhz elə riyaziyyatdan göstərmişdim. Hətta blok imtahanında riyaziyyat fənnindən maksimum - 150 bal toplamışdım.

- Ali təhsili ingiliscə alırsan, gələcəkdə xaricə getməyi planlaşdırırsanmı?


- Bəli, gələcəkdə xaricə getməyi planlaşdırıram. Mübadilə proqramları ilə və ya magistr təhsili almaq üçün xaricə getməyi düşünürəm.


- Lalə, valideynlərin hazırlıq müddətində sənə necə dəstək olurdular? Yüksək nəticə göstərəcəyinə inanırdılar?

- Valideynlərim həmişə mənə dəstək olublar. Onların mənə olan inamı məni daha da gücləndirirdi. Valideynlərim inanırdılar ki, yüksək nəticə göstərəcəyəm.

- Prezident təqaüdünə layiq görüldüyündən necə xəbər tutdun? Hansı hissləri keçirdin?

- Prezident təqaüdünə layiq görüldüyümü qrup yoldaşım mənə xəbər verdi. O an çox qarışıq hislər keçirdim. Çünki bu nailiyyətləri qazanmaq üçün illərlə əziyyət çəkmişdim və əziyyətimin bəhrəsini gördüyümü biləndə sevincimin həddi-hüdudu yox idi.

- Tələbə yoldaşlarınla münasibətin necədir? Dərsdən əlavə bir yerdə vaxt keçirirsiniz?

- Tələbə yoldaşlarımla münasibətim yaxşıdır. Bacardıqca dərsdən əlavə bir yerdə vaxt keçirməyə çalışırıq. Çünki tələbəlik illəri ən yaddaqalan, maraqlı illərdir. Bu illəri dəyərləndirməyə çalışırıq.

- İmtahan verəcək abituriyentlərə motivasiya məqsədi ilə nə demək istərdin?

- İmtahan verəcək şagirdlərə demək istəyirəm ki, dərslərinizə ciddi yanaşın və çox çalışın. Özünüzə inanın. Əziyyət çəkməkdən, yuxusuz qalmaqdan qorxmayın, çəkinməyin. Bəzən hər şey yolunda getməyə bilər, dərslərinizi istədiyiniz kimi çatdırmaya bilərsiz, bir neçə gün plansız çalışa bilərsiz, amma ən əsası odur ki, bunların fərqinə varasız və istədiyinizə nail olmaq üçün mübarizə aparasız. Çünki bu gün çəkəcəyiniz zəhmət, sabah sizə gözəl bir gələcək bəxş edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi