Modern.az

“Qaraheybət”in rəssam şəhidi - 3 il sonra təqaüdə çıxacağı günü arzulamışdı - FOTOLAR

“Qaraheybət”in rəssam şəhidi - 3 il sonra təqaüdə çıxacağı günü arzulamışdı - FOTOLAR

7 Dekabr 2021, 09:02

Əslən Qərbi Azərbaycandan olan mayor Məmmədov Murad Yaşar oğlu - “Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasında həlak olan 14 şəhidimizdən biri. Onun yüksək rəsm çəkmək qabiliyəti olsa da, vətənə olan sevgisindən hərbi sahəni seçib. Valideyinləri bu sahəni seçməməyi təklif edib, ancaq vətən, torpaq sevgisi   şəhid mayor Məmmədov Muradı bu yolundan döndərməyib.

 

Mayor Məmmədov Muradın xalası Vətanə Zeynalova şəhidimiz haqqında Modern.az-a danışıb.

 

Xalası deyir ki, Murad həmişə şən, gülərüz, sevgi dolu biri idi:

 

“Adi qaydada hər gün olduğu kimi işə getmişdi. 35 yaşı var idi, ailəli idi iki  övladı yadigar qaldı. Böyük qızı Lalə 3- cü sinifdə, kiçik qızı Banu 1-ci sinifdə oxuyur.

 

Muradgil özü isə ailədə 2 qardaş, 1 bacı olublar. Atası təqaüddə olan hərbçidir, bacım isə evdar xanımdır. Pozitiv, hər zaman şən biri olub. Ailə, qohum-əqraba, hamı həmişə Muradı gülərüz görüb. Yaradıcı idi, rəssamlıqla məşğul olub. 5 il rəssamlıq təhsili almışdı, gözəl rəsm əsərləri var. Milli Təhlükəsizlik Akademiyasında və Milli Aviasiya Akademiyasında ali təhsil alıb. Arzularının müəyyən hissəsini saxlamışdı ki, 3 il sonra təqaüdə çıxanda reallaşdırsın”.

 

 

Vətanə Zeynalova deyir ki, bacısı oğlunun hərbi sahəyə olan marağının səbəblərdən biri də şəhidin atasının hərbçi olmasıdır:

 

“Arzuları ailəsi, övladları və ikinci peşəsi olan rəssamlıqla bağlı idi. Seçim olaraq bu sahə öz seçimi olub, ailədən heç kim məcbur etməyib. Yaxınları istəmişdi ki, seçimindən çəkindirsinlər, təkid yox, təklif etmişdilər. Ancaq öz seçimi oldu sonunda. Yəqin ki, atasının hərbçi olmağı bunu doğuran səbəblərdən biri idi.  Tək bizim Muradımız deyil vətən sevgisindən bu peşəni seçən. O qədər oğullarımız var ki, ürəyi vətən sevgisindən od tutub yanır. Sonra da şəhid olub bizim ürəyimizi yandırırlar..".

 

 

Xalasının sözlərinə görə, şəhidin təlimə getdiyini ailədən yalnız anası bilmirmiş:

 

“Anasına təlim getdiyini deməmişdi, ancaq atasına və yoldaşına demişdi. Evdən atası yola salmışdı, deyib ki, “ata 5 günlük təlim olacaq”.  Atası normal qarşılayıb, çünki təlimlərdə çox olub, hətta, bir ay belə təlimdə iştirak etdiyi olub. Evdən çıxarkən xüsusi bir sözü, tapşırığı olmamışdı. Çünki bu gedişin sonuncu olduğunu ağlına belə gətirməməmişdi..”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır