Modern.az

“Həm iqtidarda, həm də müxalifətdə su bulandıranlar var” - MÜSAHİBƏ

“Həm iqtidarda, həm də müxalifətdə su bulandıranlar var” - MÜSAHİBƏ

3 İyul 2015, 10:08

Nazim Məmmədov: “Deputatlığa namizədliyim üçün təşəbbüs qrupu yaradılıb... Parlament seçkiləri ilə bağlı Prezidentə müraciət etmişəm”


Milli Məclisin keçmiş deputatı, Yeni Azərbaycan Partiyasının üzvü, iqtisadçı alim Nazim Məmmədov Modern.az saytının sualların cavablandırıb.

- Bu il keçiriləcək parlament seçkilərində namizədliyinizi irəli sürəcəksinizmi?

- Əslində yenidən deputatlığa namizədliyimi irəli sürmək daha çox seçicilərin arzusudur. Seçicilərimi 2010-cu ildən bəri 104 saylı Gədəbəy -Tovuz seçki dairəsində tək buraxmamışam. Onların gündəlik problemləri ilə məşğul olmuşam. Dəfələrlə onlarla görüşmüşəm. Ziyalıların, kənd əhalisinin, yasda və toyda gördüyüm insanların birmənalı arzusu yenidən namizədliyimi irəli sürməyimdir. Bunun üçün artıq təşəbbüs qrupu da var. Seçkiyə start verildikdən sonra rəsmi qaydada namizədliyimi irəli sürəcəyəm.

- Deməli, seçkiyə müstəqil namizəd kimi gedəcəksiniz?..

- Azərbaycanın Konstitusiyasına görə, parlament seçkiləri majoritar qaydada formalaşmalıdır. Əslində siyasi partiyaların belə bir şəraitdə seçki siyahıları açıqlaması və proporsional olmayan seçki sistemində hansı namizədləri dəstəkləyib- dəstəkləməməsi barədə yaratdığı birliklər, bloklar hamısı qeyri-konstitusiondur. Bu, təbliğat-təşviqat kampaniyası vaxtı həm seçki sisteminə, həm də hakimiyyətin nüfuzuna xələl gətirir. Seçkidə uduzan partiya, yaxud beynəlxalq müşahidəçilər hakimiyyəti inzibati resurslardan istifadə etməkdə günahlandırır. Çünki insanlar konkret şəxsə səs verir. Partiya siyahıları ilə seçki keçirilmirsə, onda seçkiqabağı siyahıların açıqlanmasına və bu siyahının televiziyalarda oxunmasına KİV-də  çap olunmasına nə ehtiyac var?! Bir çox hallarda  bu  siyahılar arxasında nüfuzu olmayan şəxslər gizlənir. Nüfuzu olmayan şəxslər qohum-əqrəbası, bəzən də başqa vasitələrlə   siyahıya düşməyə cəhd  edirlər.

Majoritar seçki sistemində siyasi partiyalar tərəfindən siyahıların açıqlanmasının tərəfdarı deyiləm. Bu, doğru deyil. Bununla bağlı bir neçə ay bundan öncə həm prezident İlham Əliyevə, həm də YAP-ın İdarə Heyətinin üzvlərinə yazılı müraciət etmişəm. İstər beynəlxalq müşahidəçilərə, istərsə də müxalifət partiyalarına iqtidarın inzibatı resurslardan istifadə etməsi ilə bağlı bəyanat səsləndirməsinə əsas verməməliyik. Mənim təklifim mütərəqqidir. Bu seçkilərdə də məhz belə addım atılacağına ümid  edirəm. Keçmiş  deputat Gülər Əhmədova və ABU-nun rektoru Elşad Abdullayevin  məlum videolarını yada salmaq  kifayətdir. Bu “vahid  siyahı” Azərbaycanın imicinə  hansı  ziyanı  vurub, məlumdur.  Mən belə  siyahıların olmamasını cənab prezidentdən  xahiş  etmişəm.

- Belə başa düşdük ki, YAP-nın üzvü olaraq qalırsınız?

- Əlbəttə, 1999-cu ildən YAP-ın üzvüyəm. Azərbaycana rəhmətlik Heydər Əliyevin dəvət ilə gəlmişəm. Partiya biletinin mənə məhz Heydər Əliyev tərəfindən verildiyi hamıya məlumdur. Azərbaycana qayıdana qədər Rusiyada yaşamışam.

1998-ci ildə Heydər Əliyev ikinci dəfə prezident seçiləndən bir il sonra Moskva şəhərində diaspor  təşkilatları və Rusiyada çalışan aparıcı şəxslərlə görüş keçirdi və onları vətənə dəvət etdi. Mən də o təşəbbüsə qoşulub, vətənə xidmət etmək üçün Azərbaycana qayıtmışam.

- Bunun üçün partiyadan hər hansı bir istəyiniz olubmu?

- Partiyadan heç bir imtiyaz tələb etməmişəm və bunun arxasınca da getməmişəm. Əksinə, hesab etmişəm ki, YAP-ın üzvü hər hansı bir imtiyaz sahibi olmamalıdır. 2005-ci ildə seçkiyə  müstəqil  namizəd  kimi  qatılmışam,  seçki  ilə məşğul olan şəxslərə  əvvəl  mənim  prosesdən geri  çəkilməyimi  tələb  edən, sonradan vəziyyət  aydınlaşanda mənə kömək etmək istəyən müxtəlif şəxslərə  fikrimi belə ifadə etmişəm ki, ən böyük dəstək mənə mane olmamaqdır. 2010-cu ildə təşəbbüs qrupu tərəfindən yenidən namizədliyim irəli sürülmüşdü və seçicilərin mütləq əksəriyyəti məni dəstəkləyirdi. Buna baxmayaraq YAP-ın vahid siyahısında hörmətli həmkarımız Rafiq Məmmədhəsənovu həmin dairədən namizəd göstərdilər. Mən də iqtidarın ümumi maraqlarını öz şəxsi maraqlarımdan üstün tutdum və seçkidən çəkildim. Seçicilərimi də Rafiq Məmmədhəsənovu dəstəkləməyə çağırdım.

Hesab edirəm ki, heç kəs şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmamalıdır. Əfsuslar olsun ki, YAP-ın, prezidentin nüfuzu arxasında gizlənən kifayət qədər insan var. Həmin insanlar bu gün də Milli Məclisdə təmsil olunurlar və yenə parlamentə düşmək istəyən kifayət qədər insan olacaq. Ancaq xalqın gözü tərəzidir. Seçicilər hər kəsin öz qabiliyyətinə, fəaliyyətinə görə qiymət verir. O insanlara bir daha səslənirəm, öz reytinqlərini özləri müəyyən etsinlər. Azərbaycanda kifayət qədər müstəqil reytinq təşkilatları var, onların  vasitəsi  ilə, gizli  sorğu  keçirərək  şanslarını  dəyərləndirsinlər.

104 saylı seçki dairəsindən kimin seçilməsi önəmli deyil. Əsas odur ki, o, xalqın səsini qazansın və dövlət siyasətini dəstəkləsin, Azərbaycanın inkişafına hər hansı töhfə versin. Dırnaqarası kömək etmək istəyənlər, mənə mane olmasınlar. Bu mesajı müraciətimdə həm partiya sədrinə, həm də YAP-ın İdarə Heyətinin üzvlərinə vermişəm.

- Sizə mane olmaq istəyən qüvvələr kimlərdir?

- Bir insanın danışdığı sözlər, söylədiyi fikirlər kiminsə xoşuna gələ də bilər, gəlməyə də bilər. Azərbaycandakı ictimai-siyasi situasiya, iqtisadiyyatla bağlı fikirlərimi açıqlayanda nə sağa, nə də sola baxıram. Düzgün olanı ifadə edirəm. Ola bilər ki, bu, kiminsə xoşuna gəlməsin. Həmişə cəmiyyətdə normal siyasi ortamın, iqtisadiyyatda və siyasətdə rəqabətin olmasını arzu etmişəm. Çünki liberal iqtisadiyyat düşüncəli bir insanam. Bu, bəzi monopolistlərin xoşuna gəlməyə bilər. Həm iqtidarda, həm də müxalifətdə su bulandıranlar var. Onlar iqtidar-müxalifət münasibətlərinin kəskin olması görkəmini yaradırlar. Bununla da öz varlıqlarını sübut etməyə çalışırlar ki, guya bunlar hakimiyyətə lazımdırlar. Belələri iqtidarda da var, müxalifətdə də. Onların “pulları” bu qarışıqlıqdan çıxır. Belələri mühafizəkar,  biz  isə  liberal düşüncəli insanlarıq. Tarixdə həmişə mühafizəkarlarla liberallar arasında mübarizə gedib. Belə insanlar mənə qısqanclıqla yanaşırlar. Təəssüf ki, Azərbaycanda kommunist ideologiyasına qulluq edən və indi də vəzifədə olan şəxslər var, onlar Kremlin təsirini  saxlamaq üçün hələ də öz dövlət vəzifələrindən istifadə etməyə cəhd edirlər. İqtisadiyyatda və siyasətdə “Rusiya  islahatlarını” Azərbaycana gətirməklə məşğuldurlar. Belə adamlarla mənim “ulduzum barışmır”.

Kadr islahatlarının tərəfdarıyam. Yeni düşüncəli kadrlar olmasa, biz nə iqtisadi, nə də siyasi rəqabətliliyimizi təmin edə bilərik. Həmişə gənclərin, liberal düşüncəli insanların idarəetməyə gətirilməsinin, Nazirlər Kabinetinin çevik, dinamik olmasının tərəfdarı olmuşam.



- İctimai-siyasi fəaliyyətinizdə sükut hökm sürür. Bu, nəylə bağlıdır?

- Heç vaxt şəxsi fikirlərimə görə heç kimdən təpki almamışam. 2003-cü ildən ictimai-siyasi fəaliyyətlə məşğulam. İlham Əliyev prezident seçildikdən sonra imzaladığı iki fərmanı: regionların sosial iqtisadi inkişafı və işsizliyin aradan qaldırılması ilə bağlı dövlət proqramlarını şəxsən müxtəlif KİV-də iqtisadçı alim kimi müdafiə etməkdə davam etmişəm. 2005-ci ildə təşəbbüs qrupunun xahişini nəzərə alıb deputat seçkisində iştirak etmişəm. Yoxsa, mənin heç vaxt siyasətlə məşğul olmaq fikrim olmayıb.

İnsanlar istər iqtisadiyyatla, istər siyasətlə bağlı qərarlara təsir etmək niyyətlərinə  düşəndə gərək ölkənin gələcəyini zərbə altında qoymasınlar. Azərbaycan postsovet ölkələri əsasında yaradılmış hər hansı yeni SSRİ tipli bloka qoşulmamalıdır. Kremlin yaratdığı müxtəlif qurumlarda, kollektiv müqavilələrdə iştirak etməməlidir. Təbii ki, ölkənin strateji maraqlarına uyğun olaraq həm Rusiya, həm də digər postsovet  respublikaları ilə ikitərəfli münasibətlərimiz inkişaf etməlidir. Bizim AvroAtlantik məkana inteqrasiyamız dayanmamalıdır. Avropa Şurası, Avropa Birliyi kimi institutlardan qopmamalıyıq, əksinə dərin inteqrasiya etməliyik. İqtisadiyyatda rəqabətliliyi artırmalıyıq, monopoliya ləğv olunmalıdır. Bu cür fikirlərim bəlkə də  hansısa məmura xoş  gəlməsin, ancaq əmin olun  ki, ölkəmizin rəhbəri də belə  düşünür.

- YAP-ın toplantılarına qatılırsınızmı?

- Partiyanın müxtəlif toplantılarına xüsusi dəvətnamələr olmur. Çalışıram Bakıda olanda həmin tədbirlərə qatılam. Ancaq protokol qaydasında xüsusi toplantılara xüsusi dəvətnamələr verilmədiyi hallarda mən ora getmərəm. Mənim kimi YAP-ın 650 minə yaxın üzvü var. Mən də bu partiyanın sıravi üzvlərindən biriyəm. Mən YAP-ın heç bir strukturunda vəzifə daşımıram. YAP-ın üzvlüyü ilə bağlı mənim Gədəbəyin, yaxud Tovuzun hər hansı bir kənd müəllimindən heç bir fərqim yoxdur. Özümü fərqləndirmək niyyətim də yoxdur. Siyasi partiya olaraq hər zaman YAP-ın təəssübünü çəkməyimlə bərabər, həm də partiyanın daxili demokratikləşməsini, yenilənməsini  arzulamışam .

- Sosial şəbəkələrdə bəzən mübahisəli müzakirələriniz olur. Bu, sizin reputasiyanıza zərər vermirmi?

- Fecebook sosial şəbəkədə 2008-ci ilin sonundan varam. Bu sosial şəbəkədə o vaxtdan  bəri cəmi üç  nəfərlə - Mehman Muradlı, Taleh Şahsuvarlı və Daşqın Gülməmmədov adlı şəxslərlə mübahisəm olub. Bu mübahisələr o şəxslərlə düşüb ki, onlar bir neçə siyasi partiya, redaksiyalar dəyişmiş, haradasa müvəqqəti dayanmış jurnalistlərdir. Onlar da təhqir və söyüş yazdıqları üçün məsuliyyətə cəlb etməyə üstünlük vermişəm. İnanıram  ki, bu  şəxslərlə bağlı fikirlərimi on minlərlə Facebook istifadəçisi bölüşür, çünki son “qalmaqalla”  bağlı jurnalist  həmkarlarından bəlkə yüzə yaxın mesaj aldım  ki, yaxşı cavabını vermisiniz, bu “jurnalist” bizim üzqaramızdır. Təbii  ki, bu  mənim  həm vaxtımı, həm də əsəblərimi aldı, ancaq cəmiyyət xatirinə  bu  da  lazımdır. 

Sosial şəbəkədə “cığallıq” edən deyiləm. Ancaq sözümü həmişə nəinki sosial şəbəkədə, teledebatlarda, radiolarda da demişəm. Alnım açıqdır, heç kəsdən qorxub çəkinəcəyim yoxdur. Təəssüf edirəm ki, insanlar öz tərbiyələrini, gündəlik danışıq tərzlərini sosial şəbəkəyə gətirirlər. Bu insanların doğru yolda olmadıqlarını anlatmağa çalışmışam və bundan sonra da çalışacağam. Davakar insan deyiləm. Ancaq bu, o demək deyil ki, sülh tərəfdarı olmağıma baxmayaraq kimsə məni əsassız olaraq təhqir edirsə, biz onun cavabını verməməliyik. Hər kəsin öz tərbiyə üslubu var, onu da göstərir.

Yeganə OQTAYQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir